Gürcüstanda NATO, Aİ və daxili qarşıdurma üçbucağı

16.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO-nun Ankara sammitindən sonra Gürcüstanın tədbirdə əvvəlki formatda iştirak etməməsi və ardınca Avropa İttifaqının (Aİ) Gürcüstana münasibəti ilə bağlı açıqlamalar ölkədə siyasi müzakirələrə səbəb olub. Məsələ yalnız diplomatik protokol və beynəlxalq tədbir çərçivəsində deyil, Gürcüstanın gələcək xarici siyasət istiqaməti, təhlükəsizlik strategiyası və dövlət suverenliyi ilə bağlı siyasi mübarizənin bir hissəsinə çevrilib.

7–8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitinin əsas gündəliyini Rusiya–Ukrayna müharibəsi, alyansın müdafiə imkanlarının gücləndirilməsi və Ukraynaya uzunmüddətli dəstək mexanizmləri təşkil edirdi. Məhz belə bir şəraitdə Rusiya–Ukrayna müharibəsinə birbaşa cəlb olunmayan Gürcüstanın NATO sammitində iştirak etməməsi fərqli siyasi qiymətləndirmələrə yol açdı. Gürcüstan müxalifəti bu vəziyyəti hakim “Gürcü arzusu” partiyasının xarici siyasət kursunun nəticəsi kimi təqdim edərək, ölkənin beynəlxalq mövqelərinin zəiflədiyini və Qərblə münasibətlərin gərginləşdiyini iddia etdi. Müxalifətin fikrincə, Tbilisinin son illər yürütdüyü ehtiyatlı və balanslaşdırılmış siyasət Gürcüstanın Avroatlantik inteqrasiya imkanlarını məhdudlaşdırır. Onlar hesab edirlər ki, ölkə Rusiya təhlükəsi qarşısında daha fəal şəkildə Qərbin yanında dayanmalı, Ukraynaya siyasi dəstəyini artırmalı və NATO ilə yaxınlaşma istiqamətində qətiyyətli addımlar atmalıdır. Bu siyasi mövqenin nümayişlərindən biri də Tbilisinin mərkəzində, Rustaveli prospektində Ukraynada həlak olmuş, təxminən, 120 gürcü könüllünün xatirəsinə keçirilən yürüş oldu. Formal olaraq xatirə tədbiri kimi təşkil edilən aksiya, eyni zamanda, Gürcüstanda davam edən siyasi qarşıdurmanın simvollarından birinə çevrildi. Tədbir göstərdi ki, Ukrayna məsələsi ölkə daxilində yalnız xarici siyasət mövzusu deyil, həm də daxili siyasi mübarizənin əsas elementlərindən biridir.

Gürcüstan hakimiyyəti müxalifətin bu yanaşmasını qəbul etmir. Tbilisinin mövqeyinə görə, NATO sammitinin proqramında Gürcüstanın əvvəl iştirak etdiyi formatların nəzərdə tutulmaması ölkənin beynəlxalq təcrid olunması anlamına gəlmir. Hakimiyyət hesab edir ki, Gürcüstanın əsas vəzifəsi böyük geosiyasi qarşıdurmaların iştirakçısına çevrilməmək, milli təhlükəsizliyi qorumaq və ölkənin iqtisadi-siyasi sabitliyini təmin etməkdir.

Rəsmi Tbilisinin əsas arqumentlərindən biri ondan ibarətdir ki, Gürcüstanın hər hansı yeni hərbi qarşıdurmaya cəlb olunması yalnız ölkənin daxili təhlükəsizliyinə deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyə ciddi təsir göstərər. Xüsusilə Abxaziya və Cənubi Osetiya bölgəsində Rusiyanın hərbi mövcudluğu Gürcüstan üçün əsas təhlükəsizlik amillərindən biri olaraq qalır. Hakimiyyət hesab edir ki, yeni gərginlik həmin ərazilərdə Moskvanın mövqelərini gücləndirə və gələcək reinteqrasiya imkanlarını zəiflədə bilər.

Tbilisi bu mövqeyini əsaslandırarkən tez-tez 2008-ci il Rusiya–Gürcüstan müharibəsinin nəticələrinə istinad edir. Gürcüstan hakimiyyətinin fikrincə, həmin təcrübə göstərdi ki, təhlükəsizlik məsələlərində emosional qərarlar deyil, uzunmüddətli strateji hesablamalar əsas götürülməlidir.

Bununla yanaşı, NATO sammitindən sonra Gürcüstanın xarici siyasəti ilə bağlı müzakirələr yalnız alyansla münasibətlərlə məhdudlaşmadı. Aİ ilə Gürcüstan arasında yaranmış fikir ayrılıqları da siyasi gündəmin əsas mövzularından biridir. Brüssel və Tbilisi arasındakı ziddiyyət artıq yalnız xarici siyasət istiqamətləri ilə bağlı deyil. Tərəflər arasında demokratiya, seçkilərin legitimliyi, dövlət institutlarının fəaliyyəti və suverenlik anlayışına yanaşma ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Gərginliyin yeni mərhələsi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstanla bağlı açıqlamalarından sonra başladı. O bildirib ki, Gürcüstan Aİ-nin Qara dəniz strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Lakin Brüssel ilə hazırkı Gürcüstan hökuməti arasında münasibətlərin ciddi çətinliklərlə üzləşdiyi də vurğulanıb. Aİ-nin mövqeyinə görə, Gürcüstanda demokratik proseslərin vəziyyəti ilə bağlı narahatlıqlar mövcuddur və bu səbəbdən qurum hökumətlə münasibətlərdə məsafə saxlayaraq, diqqəti daha çox Gürcüstan cəmiyyətinə yönəltmək niyyətindədir. Məqsəd ölkədə Avropa perspektivinə olan inamın qorunmasıdır.

Bu yanaşma Tbilisidə sərt reaksiya doğurub. Gürcüstan hakimiyyəti hesab edir ki, demokratik yolla seçilmiş hökumətlə siyasi dialoqdan imtina etməklə, eyni zamanda, həmin ölkənin xalqına dəstək göstərmək ziddiyyətli mövqedir. Tərəfdaşlıq qarşılıqlı hörmət, dialoq və institusional əməkdaşlıq üzərində qurulmalıdır. Brüssel və Tbilisi arasındakı fikir ayrılığının əsas səbəblərindən biri də demokratiya anlayışına fərqli yanaşmadır. Aİ hesab edir ki, demokratik idarəçilik yalnız seçkilərin keçirilməsi ilə məhdudlaşmır. Hüququn aliliyi, müstəqil institutlar, media azadlığı və siyasi rəqabət də demokratik sistemin əsas elementləri hesab olunur. Bu səbəbdən Aİ-yə doğru irəliləyən ölkələr arasında Gürcüstan yoxdur.

Gürcüstan hakimiyyəti isə öz mövqeyini əsasən seçki nəticələri və xalqın siyasi iradəsi ilə əsaslandırır. Tbilisi hesab edir ki, 2024-cü il parlament seçkiləri və sonrakı yerli seçkilər vətəndaşların siyasi iradəsini əks etdirib və bu nəticələr beynəlxalq tərəfdaşlar tərəfindən nəzərə alınmalıdır: “Qərb institutları bəzən Gürcüstanın daxili siyasi proseslərinə həddindən artıq müdaxilə edir və seçicilərin qərarına lazımi hörmət göstərmir. Bu mövqeyə görə, ölkəyə qarşı siyasi təzyiq mexanizmlərindən istifadə olunur”.

Hazırda Gürcüstanda gedən siyasi mübarizənin əsas mahiyyəti ölkənin gələcək istiqamətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Hakimiyyət bunu “suverenlik və sülh siyasəti” kimi təqdim edir. Əsas məqsədi yeni müharibədən yayınmaq, iqtisadi sabitliyi qorumaq və milli maraqlara uyğun qərarlar qəbul etməkdə görür.

Müxalifət isə hesab edir ki, Gürcüstanın təhlükəsizliyinin əsas təminatı Qərb strukturları ilə daha sıx inteqrasiya və Rusiyaya qarşı daha sərt mövqedən keçir. Bu baxımdan ölkə qarşısında iki fərqli siyasi model dayanır. Birinci model ehtiyatlı balans siyasətini, suverenliyin qorunmasını və təhlükəsizlik risklərinin minimuma endirilməsini əsas prioritet hesab edir. İkinci model isə Avroatlantik inteqrasiyanın sürətləndirilməsini və Qərb institutları ilə daha sıx əməkdaşlığı Gürcüstanın təhlükəsizliyinin əsas təminatı kimi görür.

Ukrayna müharibəsinin davam etməsi göstərir ki, regionda geosiyasi proseslər sürətlə dəyişir və qəbul edilən qərarların uzunmüddətli nəticələri ola bilər. Bu səbəbdən Gürcüstanın qarşısındakı seçim yalnız daxili siyasi mübahisə deyil, həm də Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasına təsir göstərə biləcək mühüm amildir. Yaxın illərdə Tbilisinin əsas vəzifəsi Avropa perspektivi ilə regional təhlükəsizlik reallıqları arasında həssas tarazlıq yaratmaq olacaq. Gürcüstanın gələcək siyasi kursu isə yalnız daxili siyasi qüvvələrin mövqeyindən deyil, həm də Rusiya–Ukrayna müharibəsinin gedişindən, Qərbin region siyasətindən və dəyişən geosiyasi balansdan asılı olacaq.

Əslində, baş verənlər yalnız bir diplomatik tədbir və ya beynəlxalq münasibətlərdə yaranmış fikir ayrılığı ilə məhdudlaşmır. Gürcüstan qarşısında daha fundamental suallar dayanır: təhlükəsizlik siyasəti hansı istiqamətdə qurulmalıdır, Qərb strukturları ilə münasibətlər necə inkişaf etdirilməlidir və regional qarşıdurmalar fonunda milli maraqlar necə qorunmalıdır? Bu suallar indiki şəraitdə Gürcüstanın gələcək yolunu müəyyən edən əsas məsələlərdir.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью