Gürcüstanda qrantlarla bağlı qaydalar sərtləşdirilib

04.03.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 4 mart, AZƏRTAC

Bu gün Gürcüstan Parlamenti “Qrantlar haqqında” Qanuna təklif olunan əlavə və dəyişiklikləri üçüncü oxunuşda dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, 78 deputat qanun layihəsinin lehinə, 9 millət vəkili isə əleyhinə səs verib.

Qəbul edilmiş yeni dəyişikliklərə əsasən, qanunun müvafiq maddəsində göstərilən subyekt tərəfindən nağd və ya natura şəklində köçürülən vəsaitlər qrant hesab olunur.

Fəaliyyəti əsasən Gürcüstanla bağlı məsələləri özündə ehtiva edən başqa bir dövlətdən olan hüquqi şəxs də qrant alan hesab olunur.

Bundan başqa, xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər qrant almamışdan əvvəl Gürcüstan hökumətindən müvafiq təsdiq və ya razılıq almalıdırlar.

Gürcüstanda qeydiyyatdan keçmiş filialı, nümayəndəliyi və ya bölməsi olan başqa bir dövlətdən olan hüquqi şəxs razılıq olmadan qrant aldıqda, bu, məsuliyyətə səbəb olacaq.

Gürcüstanda fondlar, müxtəlif təşkilatlar, onların müvafiq xarici “ana şirkətləri”nin nümayəndəlikləri və filialları vəsait aldıqları təqdirdə, müvafiq təsdiq üçün Gürcüstan hökumətinə müraciət etməli olacaqlar.

Qanun qüvvəyə minməzdən əvvəl qrant alanların qanun qüvvəyə mindikdən sonra Gürcüstan hökumətinə müraciət etmək üçün bir ay vaxtı olacaq. Öz növbəsində, Gürcüstan hökumətinin də təsdiq və ya rədd cavabı vermək üçün bir ayı varı olacaq.

Qəbul edilmiş düzəlişlərə əsasən, bu şəxslər bir ay ərzində vəsaiti, məsələn, kommunal xidmətlər və digər öhdəliklər üçün xərcləyə biləcəklər. Hökumət razılıq verməsə, bu şəxslər aldıqları qrantdan istifadəni dayandırmalı olacaqlar. Əks təqdirdə, cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilsii

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью