Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaxud siyasi qarşıdurmanın yeni cəbhəsi
Gürcüstanda Rusiya ilə bağlı mübahisə yenidən qızışıb. Bu dəfə gündəmin mərkəzinə “rusofobiya” anlayışı çıxıb. Gürcülərin 46 faizi Rusiyanı ölkənin əsas düşməni hesab edir. Bunun başlıca səbəbi isə ərazi işğalıdır. 2008-ci ildə baş vermiş Rusiya–Gürcüstan müharibəsindən sonra Gürcüstan ərazisinin təxminən 20 faizi (Abxaziya və Cənubi Osetiya regionları) faktiki olaraq Rusiya hərbi qüvvələrinin nəzarətindədir. Gürcülər bu vəziyyəti milli suverenlik üçün ciddi təhdid kimi qiymətləndirirlər. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan və ölkədə hərbi səfərbərliyin elan edilməsindən sonra minlərlə Rusiya vətəndaşının Gürcüstana köçməsi də birmənalı qarşılanmır. Bir çox gürcü Rusiyadan kütləvi miqrasiyanı potensial təhlükə hesab edir.
Hakimiyyət isə hesab edir ki, Rusiyaya qarşı mənfi münasibət son illər müəyyən siyasi qüvvələr tərəfindən məqsədli şəkildə qızışdırılır. Baş nazir İrakli Kobaxidzenin açıqlamaları mövzunu yenidən gündəmə gətirib. Onun arqumenti sadədir. Bildirir ki, bu gün Rusiyaya qarşı ən sərt ritorikadan istifadə edən bəzi siyasətçilər 2008-ci ildən sonra rusiyalı turistlərə, Rusiya kapitalına, eləcə də Moskva ilə iqtisadi və mədəni əlaqələrə qarşı indiki qədər sərt mövqe tutmayıblar. Baş nazirin sualı da buradan yaranır: əgər onların mövqeyi prinsipial idisə, niyə bu münasibət 2008-ci il müharibəsindən dərhal sonra deyil, məhz 2022-ci ildən sonra kəskinləşdi?
Kobaxidze bu dəyişikliyin arxasında xarici təsirin dayandığını düşünür. Onun siyasi ritorikasında tez-tez səslənən “qlobal müharibə partiyası”, “dərin dövlət” və “xaricdən verilən göstərişlər” kimi ifadələr məhz bu yanaşmanın bir hissəsidir. Hakimiyyətin versiyasına görə, müəyyən xarici qüvvələr Gürcüstanı Rusiya ilə qarşıdurmaya çəkmək, hətta Ukraynada davam edən müharibə fonunda ölkədə “ikinci cəbhə” yaratmaq istəyiblər.
Müxalifətin cavabı isə fərqlidir. “Milli hərəkat”ın nümayəndəsi İrakli Pavleniçvili hesab edir ki, rusofobiya mövzusunun qabardılması təsadüfi deyil. Onun fikrincə, hakimiyyət bununla diqqəti 2008-ci il müharibəsində Rusiyanın rolundan yayındırmağa və məsuliyyəti keçmiş hakimiyyətin üzərinə yönəltməyə çalışır. Beləliklə, tərəflərin mövqeyi kifayət qədər aydındır. Hakimiyyət deyir ki, Rusiya dövləti ilə siyasi qarşıdurmanı Rusiya vətəndaşlarına münasibətlə qarışdırmaq olmaz. Müxalifət isə bildirir ki, Gürcüstanın son 18 ildə yaşadığı hadisələri nəzərə almadan ölkədəki anti-Rusiya əhvali-ruhiyyəsini yalnız “xarici göstəriş” kimi izah etmək mümkün deyil.
2008-ci il avqustun 8-də başlayan 5 günlük Rusiya–Gürcüstan müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı və Tbilisi arasında diplomatik münasibətlər kəsildi. Amma sonrakı illərdə turizm, ticarət və müxtəlif humanitar əlaqələr bərpa olundu və genişləndi. Rusiya vətəndaşları Gürcüstanın turizm sektorunda mühüm yer tutmağa başladılar. Bu gün də mənzərə çox dəyişməyib. 2025-ci ildə Rusiyadan Gürcüstana 1,3 milyona yaxın ziyarətçi gəlib. 2026-cı ilin ikinci rübündə isə Rusiyadan gələnlərin payı 25,1 faizə çatıb. Yəni həmin dövrdə Gürcüstana gələn hər 4 beynəlxalq turistdən biri rusiyalıdır.
Bu rəqəmlər əslində çox şeyi deyir. Rusiya Gürcüstan üçün yalnız siyasi və təhlükəsizlik məsələsi deyil. Burada ciddi iqtisadi maraqlar da var. Rusiyalı turistlər ölkənin turizm sektoruna əhəmiyyətli gəlir gətirirlər. Ona görə də Tbilisinin Rusiya bazarına münasibətdə ehtiyatlı davranması müəyyən mənada başadüşüləndir. Amma burada çox vacib bir fakta diqqət yetirmək lazımdır: rusiyalı turistlə Rusiya dövlətini fərqləndirmək lazımdır. Moskvanın Abxaziya və Cənubi Osetiyanı tanımasını, Gürcüstanın ərazi bütövlüyünə müdaxiləsini və işğal siyasətini tənqid etmək mümkündür. Eyni zamanda, Rusiyadan gələn adi vətəndaşa sırf milliyyətinə görə düşmən münasibət göstərməmək də mümkündür. Əslində, normal dövlət siyasəti məhz bu iki məsələni bir-birindən ayırmalıdır.
Problem isə ondadır ki, Gürcüstanda daxili siyasi qütbləşmə çox güclüdür. Rusiya ilə bağlı, demək olar ki, hər mövzu tez bir zamanda hakimiyyətlə müxalifət arasındakı siyasi mübarizənin bir hissəsinə çevrilir. Hakimiyyət Rusiyaya qarşı sərt çıxış edən müxalifət nümayəndələrini Qərbin təsiri altında olmaqda ittiham edir. Müxalifət isə hökumətin Rusiya ilə iqtisadi əlaqələrə verdiyi önəmi Moskva ilə münasibətləri yumşaltmaq siyasəti kimi qiymətləndirir və Rusiyaya yaxınlaşmanı xəyanət adlandırır.
Hər iki tərəfin arqumentində müəyyən həqiqət var. Sadəcə, tərəflər həmin həqiqətin özlərinə sərf edən hissəsini önə çıxarırlar. Kobaxidzenin “niyə 2008-ci ildən sonra yox, məhz 2022-ci ildən sonra?” sualı heç də əsassız deyil. Doğrudan da, 2008-ci ildən sonrakı illərdə Gürcüstan Rusiya ilə diplomatik münasibətləri kəssə də, iqtisadi və humanitar əlaqələri tam dayandırmadı. 2022-ci ildən sonra vəziyyət dəyişdi. Rusiya–Ukrayna müharibəsi Moskva ilə Qərb arasındakı münasibətləri yeni mərhələyə keçirdi, Gürcüstanda isə hakimiyyətlə Qərb arasında gərginlik artdı. Təbii ki, bütün bunlar ölkədə Rusiyaya münasibətə də təsir göstərdi. Dəyişən beynəlxalq və daxili siyasi mühit anti-Rusiya ritorikasını sərtləşdirdi. Bəs bu, Gürcüstan cəmiyyətinin bütövlükdə rusofob olması deməkdirmi? Xeyr. 2008-ci il müharibəsi, Abxaziya və Cənubi Osetiya məsələsi və işğal xətti cəmiyyətdə Rusiyaya qarşı mənfi münasibətin əsas səbəblərindəndir. Lakin ayrı-ayrı sərt çıxış və insidentləri bütün cəmiyyətin mövqeyi kimi təqdim etmək də doğru deyil.
Rusiyadan yüz minlərlə insanın Gürcüstana gəlməsi, iki ölkə arasında biznes, ailə və digər əlaqələrin davam etməsi siyasi münasibətlərlə gündəlik həyat arasındakı fərqi göstərir. Məhz buna görə “rusofobiya” anlayışı Gürcüstanda getdikcə siyasi alətə çevrilir.
Gürcüstanlı politoloq Bəhram Mehdiyev hesab edir ki, Rusiyaya münasibət məsələsi artıq yalnız xarici siyasət və təhlükəsizlik çərçivəsində müzakirə olunmur. Onun sözlərinə görə, bu mövzu ölkə daxilində hakimiyyətlə müxalifət arasındakı siyasi mübarizənin əsas alətlərindən birinə çevrilib: “Bu gün Tbilisidə rusofobiya ətrafında gedən müzakirələr əslində getdikcə Rusiyadan daha çox Gürcüstanın siyasi gələcəyi ilə bağlı mübahisəyə çevrilir. Məncə, əsas sual rusofobiyanın olub-olmaması deyil. Əsas məsələ təhlükəsizlik maraqları, iqtisadi əlaqələr və insanlararası münasibətlər arasında düzgün balansın tapılmasıdır. Rusiya Gürcüstan üçün eyni vaxtda həm ciddi təhlükəsizlik problemi, həm mühüm iqtisadi tərəfdaş, həm də cəmiyyətlərarası əlaqələrin bir hissəsidir. Ona görə də bu mürəkkəb münasibətləri yalnız “rusofobiya” və ya “Rusiyayönümlülük” kimi iki anlayışla izah etmək mümkün deyil. Hadisələrə daha praqmatik və emosiyalardan uzaq yanaşmaq lazımdır”.
Gürcüstandakı yeni mübahisənin mahiyyəti məhz budur. Ölkə bir tərəfdən Rusiyanın işğal siyasətinə qarşı prinsipial mövqeyini qorumağa, digər tərəfdən isə iqtisadi və humanitar əlaqələri idarə etməyə çalışır. Bu iki istiqamət bir-birini istisna etmir.
Problemin əsas hissəsi isə “rusofobiya”nın özündən daha çox, bu anlayışın siyasi mübarizədə necə istifadə olunmasıdır. Hakimiyyət və müxalifət Rusiyaya münasibəti Gürcüstanın gələcəyi ilə bağlı daha geniş mübahisənin alətinə çevirdikcə, praqmatik və balanslı yanaşma üçün siyasi məkan daralır.
P.ƏFƏNDİ
XQ