Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan, Azərbaycan və Gürcüstanın nümayəndələri Tiflisdə Cənubi Qafqaz ölkələrinin enerji sistemlərinin qarşılıqlı inteqrasiyası və regionun Türkiyənin enerji sisteminə qoşulması imkanlarını müzakirə ediblər.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Qruziya-online" məlumat yayıb.
Məlumata görə, müzakirə Tiflisdə keçirilən IX Ümumdünya Enerji Tənzimləmə Forumunda baş tutub. Görüşdə Ermənistan komissiyasının sədri Mesrop Mesropyan, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) prezidenti Pedro Verdelho, Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləyən Milli Komissiyasının sədri David Narmania və Azərbaycanın Energetika Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov iştirak ediblər.
Ermənistan tərəfinin açıqlamasına görə, Tiflisdəki görüşdə Cənubi Qafqaz ölkələrinin enerji sistemlərinin qarşılıqlı inteqrasiyası, regional enerji əməkdaşlığının dərinləşdirilməsi, eləcə də regionun enerji sistemlərinin Türkiyənin enerji sisteminə qoşulması üçün mümkün addımlar müzakirə olunub.Məsələ xüsusilə Azərbaycan baxımından diqqət çəkir. Azərbaycan artıq Gürcüstan və Türkiyə ilə enerji sahəsində geniş əməkdaşlıq və infrastruktur əlaqələrinə malikdir. Bu baxımdan Tiflisdə müzakirə olunan regional enerji inteqrasiyası Cənubi Qafqazın enerji xəritəsində yeni bağlantıların yaranmasına səbəb ola bilər.
Ermənistanın enerji tənzimləyicisi Mesrop Mesropyan isə Avropa tərəfdaşlarına enerji tənzimlənməsi sahəsində göstərilən texniki yardıma görə təşəkkür edib.
O, həmçinin Ermənistanın enerji qanunvericiliyində nəzərdə tutulan enerji saxlama stansiyalarının tikintisi üçün zəruri normativ aktların hazırlanmasına dəstəyin vacibliyini vurğulayıb.
Tiflisdə keçirilən görüşün ən diqqətçəkən məqamı isə Ermənistan və Azərbaycanla yanaşı, Gürcüstanın da eyni enerji inteqrasiyası müzakirəsində iştirak etməsidir. Ermənistan tərəfinin açıqlamasında Türkiyə enerji sisteminə qoşulma məsələsinin ayrıca vurğulanması isə regionda gələcək enerji marşrutları ilə bağlı yeni müzakirələrin başladığını göstərir. Bu təşəbbüs reallaşacağı təqdirdə, Cənubi Qafqaz ölkələrinin elektrik enerjisi sistemləri arasında mübadilənin genişləndirilməsi və Türkiyə ilə enerji bağlantılarının gücləndirilməsi gündəmə gələ bilər. Bununla belə, bunun konkret layihəyə çevrilməsi üçün texniki, hüquqi və siyasi məsələlərin həlli tələb olunur.
Rusiya baxımından belə bir enerji inteqrasiyasının mümkün nəticələrindən biri Moskvanın Cənubi Qafqazın enerji sistemləri üzərindəki təsir imkanlarının nisbətən azalması ola bilər. Azərbaycan, Gürcüstan və Ermənistanın elektrik şəbəkələrinin Türkiyə sistemi ilə daha sıx əlaqələndirilməsi regionun enerji axınlarını şimal istiqamətindən deyil, daha çox Türkiyə və Avropa istiqamətindən diversifikasiya etmək imkanını genişləndirə bilər. Xüsusilə Ermənistanın belə bir mexanizmə qoşulması Moskvanın bu ölkənin enerji sektorunda mövcud rolunun gələcəkdə zəifləməsi ehtimalını gündəmə gətirir. Bununla belə, hazırkı mərhələdə söhbət konkret həyata keçirilmiş layihədən deyil, Tiflisdə müzakirə olunan mümkün inteqrasiya imkanlarından gedir.