Gürcüstanda Tbilisi Quru Limanı istifadəyə verilib

03.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 3 iyun, AZƏRTAC

Gürcüstanda yeni Tbilisi Quru Limanının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və liman istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, bu liman Qafqaz və Mərkəzi Asiya regionunda ticarət axınının artırılmasına, ölkənin tranzit rolunun artırılmasına töhfə verəcək.

Tikintisi üç mərhələdən ibarət olacaq liman 28,5 hektar ərazidə inşa edilir və ilkin mərhələdə 21 milyon dollar sərmayə qoyulub. Hazırda istismara verilmiş birinci mərhələ ildə 100 min konteynerin emalına imkan verir. Növbəti mərhələlərin tamamlanması ilə bu göstəricilər daha da artacaq.

“Tbilisi Quru Limanı yalnız Gürcüstan limanlarına deyil, həm də beynəlxalq gəmiçilik xətlərinə konteyner qovşağı və anbar kimi xidmət göstərəcək. Bu, xüsusilə Çin və Uzaq Şərqdən Orta Dəhliz vasitəsilə daşınan yüklərin idarə olunmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq”, – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, limanın beynəlxalq magistrallara birbaşa çıxışı, milli dəmir yolu şəbəkəsinə inteqrasiyası, Azərbaycan və Ermənistan sərhədlərinə, həmçinin Tbilisi Beynəlxalq Hava Limanına yaxınlığı onu regionun ən səmərəli logistika mərkəzlərindən birinə çevirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью