Gürcüstanda xarici qrantlara qarant çəkişmələri

04.02.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Son günlər Gürcüstan daxili siyasi mühitində kəskin əks-səda doğuran hadisələrlə yadda qalıb. Bu proseslərin mərkəzində dayanan ən aktual mövzu isə “Qrantlar haqqında” Qanunun sərtləşdirilməsi və xarici maliyyələşmə üzərində dövlət nəzarətinin gücləndirilməsi təşəbbüsüdür.

Təklif olunan dəyişikliklərə əsasən, ölkənin dövlət qurumlarına və ya cəmiyyətin müxtəlif təbəqələrinə təsir göstərə biləcək istənilən xarici vəsait qrant hesab ediləcək. Söhbət təkcə birbaşa maliyyə köçürmələrindən getmir. Eyni zamanda, texnologiya mübadiləsi, ekspert dəstəyi, xidmət və digər texniki yardım formaları da qrant anlayışına daxil ediləcək. Bu isə faktiki olaraq Gürcüstanda fəaliyyət göstərən bütün xarici təşkilatların maliyyə fəaliyyətinin dövlət nəzarətinə götürülməsi deməkdir. Xüsusilə daxili və xarici siyasətin formalaşdırılmasına yönəlmiş fəaliyyətlərin bu kateqoriyaya daxil edilməsi o deməkdir ki, siyasi və ya ictimai sahədə istifadə olunacaq xarici qrantlar üçün bundan sonra hökumətin əvvəlcədən razılığı tələb olunacaq. Bundan başqa, illik gəlirinin 20 faizindən çoxunu xarici mənbələrdən əldə edən təşkilatların əməkdaşlarına 8 il müddətinə siyasi partiya üzvü olmaq qadağan edilir.

Yeni hüquqi çərçivədə “bəyan edilmiş partiya–siyasi məqsədi olan subyekt” anlayışının tətbiqi həmin qruplara siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə məhdudiyyətlərinin şamil edilməsinə yol açır. Biznes mühiti üçün də ciddi yeniliklər nəzərdə tutulub. Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinin öz əsas fəaliyyət sahəsindən kənar ictimai-siyasi fəaliyyətlə məşğul olması inzibati hüquqpozma sayılacaq və təkrar hallarda 40 min lariyə qədər cərimə tətbiq olunacaq. Ümumiyyətlə, qaydaların pozulması hallarında həm inzibati, həm də cinayət məsuliyyəti, o cümlədən cərimə, ictimai işlər və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bildirilir ki, hakimiyyətə təsir göstərmək və ya xarici maraqları lobbi etmək məqsədilə xaricdən qrantların alınması, dövlət çevrilişlərinin təşkili və hakimiyyətin siyasətini dəyişməyə yönəlmiş aktiv fəaliyyətlər birbaşa cinayət məsuliyyəti yaradır.

Parlament sədri Şalva Papuaşvili bu islahatları xarici maliyyə axınlarının şəffaflaşdırılması və dövlət suverenliyinin qorunması ilə əsaslandırıb. Parlament rəhbərliyinin qənaətinə görə, bu vəsaitlər dövlətin razılığı və ictimai konsensus olmadan ölkənin daxili siyasi proseslərinə yön verib. O vurğulayıb ki, beynəlxalq qrantlar çox vaxt donor tərəflərin maraqlarına xidmət edib. “ Gürcüstan heç kimin müstəmləkəsi deyil ki, orada kimsə öz qaydalarını diktə edə bilsin”,– parlamentin sədri bildirib.

Məsələnin digər tərəfi şəffaflıqla bağlıdır. Papuaşvilinin Avropa İttifaqı və üzv dövlətlərin səfirliklərinə ünvanladığı suallar qrantların bəzən dolayı yollarla, hətta üçüncü ölkələrdə qeydiyyatdan keçmiş strukturlar vasitəsilə ölkəyə daxil edildiyini gündəmə gətirib. Məlum olub ki, “Transparency International Georgia” və “European Orbit” kimi nüfuzlu yerli QHT-lər Estoniyada eyni hüquqi ünvanlarda qeydiyyatdan keçirərək Avropa İttifaqı fondlarından birbaşa vəsait əldə ediblər. Papuaşvilinin sözlərinə görə, bu üsul Gürcüstan qanunlarından yan keçmək və anti-dövlət fəaliyyətlərini gizli şəkildə maliyyələşdirmək məqsədi daşıyıb.

Hakimiyyət bu cür maliyyə axınlarını beynəlxalq dələduzluq və suverenliyə müdaxilə kimi xarakterizə edir. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qrant qanunvericiliyinin pozulması 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək. Siyasi məqsədlərlə çirkli pulları yuyanları isə 9 ildən 12 ilədək həbs cəzası gözləyir. Xarici maliyyə qəbul edən siyasi partiya rəhbərləri və xarici lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslər də cinayət məsuliyyəti daşıyacaq.

Rəsmilər bu sərtləşmənin xarici təsirin və siyasi korrupsiyanın qarşısını alacağını bildirirlər. Hər halda, Gürcüstan rəhbərliyi ölkənin daxili işlərinə xarici müdaxiləni istəmir. “Qrantlar haqqında” Qanuna təklif olunan dəyişikliklər də bu məqsədə xidmət edir.

Beləliklə, Gürcüstanda qanunvericiliyinə təklif edilən düzəlişlər, sadəcə, hüquqi prosedur deyil, həm də xarici maliyyə vasitəsilə yönləndirilən siyasi təsirlərə qarşı sipər formalaşdırmaq cəhdidir. Layihənin qəbulu ölkədə kök salmış siyasi maliyyələşmə modelini sarsıda bilər. Əsas sual isə açıq qalır: Gürcüstan bu sahədə tam şəffaflığa nail olacaq, yoxsa qrant sistemi, sadəcə, daha mürəkkəb və gizli formalar alacaq?

Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi şərhçi və publisist, Təhlükəsizlik Mərkəzinin direktoru Arno Xidirbeqişvili bildirdi ki, ötən il hakimiyyət “Xarici agentlər haqqında” qanunu qəbul etdikdən sonra Qərbdəki himayədarlar vəsaitləri hətta diplomatik poçt vasitəsilə səfirliklərə çatdırmaq kimi yollara əl atdılar: “Ardınca oktyabrın 4-də prezident iqamətgahının ələ keçirilməsi ilə müşayiət olunan növbəti, uğursuz dövlət çevrilişi cəhdi hakimiyyəti qanunvericiliyi sərtləşdirməyə vadar etdi”.

Ekspertin fikrincə, müxalifət adlanan təbəqənin böyük hissəsi həyatı boyu faydalı əməklə məşğul olmayıb, yalnız Qərbdən axan qrantlarla dolanıb: “Bu səbəbdən onlar dövlət çevrilişi cəhdlərindən və radikal gündəmlərdən başqa heç nə bacarmırlar. ABŞ-ın yeni rəhbərliyinin USAID və NED kimi qurumların fəaliyyətini məhdudlaşdırması, gender siyasətindən imtinası bu “agentlər ordusu” üçün əsl fəlakətə çevrilib.

Nəzərə alın ki, bundan sonra təkcə hökumət əleyhinə hərəkətlər deyil, həm də hökumət siyasətinə təsir etmək niyyətləri və ayrıca qeyd edildiyi kimi, bu siyasəti dəyişdirmək niyyətləri cəzalandırılır. Əslində, qanuna təklif olunan dəyişikliklər ölkənin uzunmüddətli maraqlarına xidmət edir. Çünki qrantlar artıq elit korrupsiyanın və beynəlxalq maraqların alətinə çevrilib. Həm xaricdəki qrant verənlər, həm də yerli agentlər bundan faydalanırlar. Hakimiyyət isə bu sistemin qarşısını alaraq dövlət idarəçiliyini səmərəli və müstəqil etmək niyyətindədir. Parlamentdə müzakirə olunan qanun layihəsi də bu məqsədə xidmət edir. Təklif olunan dəyişikliklər bütün mümkün halları nəzərə alan ümumi qaydalar təqdim edir, amma onu həyata keçirmək üçün dövlət qurumları lazımdır. Mövcud dəyişikliklərin hazırlanmasında İrakli Kobaxidze və “Gürcü arzusu” partiyasının rolu diqqətəlayiqdir. Məqsəd yalnız qanun qəbul etmək deyil; Qərb qrantları və onların gətirdiyi korrupsiyaya son qoymaqdır”.

Müxalifətin “demokratiya boğulur” şüarları altında apardığı kampaniyalara toxunan siyasi şərhçi sual edir: “Saakaşvili dövrünün işgəncə və media qırğınlarını “demokratiya mayakı” adlandıranların təklif etdiyi model Gürcüstana lazımdırmı? Rəsmi Tbilisi artıq xarici qrantları, sadəcə, humanitar yardım deyil, dövlət çevrilişləri və xarici maraqların lobbiçiliyi üçün istifadə olunan birbaşa siyasi təsir aləti kimi qiymətləndirir. Bu yeni qanunvericilik çərçivəsi Gürcüstanın milli müqəddəratını kənar paytaxtların maliyyə diktəsindən azad edərək, suveren dövlət idarəçiliyini bərpa etməyi hədəfləyir”.

Beləliklə, Gürcüstan hakimiyyətinin indiki addımları ölkənin müstəqilliyini qorumaq, korrupsiyanı azaltmaq və idarəçiliyi gücləndirmək məqsədi daşıyır.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью