Gürcüstandakı qadağa bizə də gəlir Müəllimlərin nəzərinə

26.01.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son dövrlərdə Gürcüstanda müəllim və şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsinə qoyulan qadağalar fonunda Azərbaycanda mövcud vəziyyət də müzakirə olunur. Bildirilir ki, ölkəmizdə bu istiqamətdə tam qadağa olmasa da, artıq bir müddətdir mərhələli şəkildə müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanılıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Gürcüstanda tətbiq olunan qadağanın bəzi elementləri Azərbaycanda da mövcuddur:
“Açıq demək olar ki, bizdə artıq bir müddət əvvəl bu istiqamətdə mərhələli addımlar atılıb. Müəllimlərin etik davranış qaydalarında dərs zamanı diqqəti yayındıran, sensasiya xarakterli görüntülərdən uzaq durmaları tövsiyə olunur”.
Ekspert qeyd edib ki, şagirdlərin mobil telefonlardan istifadəsi də artıq şagird davranış qaydaları çərçivəsində tənzimlənməyə başlanıb:
“Şübhəsiz ki, tədris prosesinə mane olan telefon istifadəsi dərs zamanı doğru hesab edilmir. Əgər bu cür halların mənfi nəticələri zamanla daha qabarıq şəkildə müşahidə olunarsa, gələcəkdə ölkəmizdə də daha sərt qadağaların tətbiqi mümkündür”.
Elçin Əfəndi vurğulayıb ki, informasiya texnologiyalarının həyatımıza təsiri artıq qaçılmazdır və bu proses hər gün inkişaf edir:
“Biz istəsək də, istəməsək də informasiya texnologiyalarının təsiri altındayıq. Yaxın gələcəkdə dərs prosesində elektron dərsliklərə və rəqəmsal tədris materiallarına keçid baş verərsə, planşet və digər texnoloji vasitələrdən istifadə qaçılmaz olacaq”.
Onun sözlərinə görə, bu baxımdan müəllimlərin peşə fəaliyyətində texnologiyadan istifadə zamanı balansın qorunması xüsusi əhəmiyyət daşıyır:
“Yalnız interaktiv tədris üsullarına üstünlük vermək və müasir çağırışlara cavab verən metodlardan istifadə etmək daha məqsədəuyğundur”.
Ekspert əlavə edib ki, konkret olaraq dərsin gedişatını pozan fəaliyyətlərə, dərsin çəkilməsi, yayılması və paylaşılmasına gəldikdə isə, bu hallar tədris prosesinə mane olarsa, mobil telefonların istifadəsinin məhdudlaşdırılması qaçılmaz ola bilər.
Qeyd edək ki, təhsil prosesində texnologiyadan düzgün və məqsədyönlü istifadə həm dərsin keyfiyyətinin yüksəldilməsi, həm də nizam-intizamın qorunması baxımından əsas amillərdən biri hesab olunur.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью