Gürcüstandan avtomobil almaq daha sərfəlidir? Ekspertdən AÇIQLAMA KONKRET

04.11.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlıların daha münasib qiymətə avtomobil əldə etmək məqsədilə Gürcüstanın avtomobil bazarına üz tutması son dövrlər diqqət çəkən tendensiyalardandır. Xüsusilə ikinci əl avtomobillərə marağın artması alıcıları qonşu ölkənin bazarındakı qiymət və seçim imkanlarını araşdırmağa sövq edir.

Bəs Gürcüstanın avtomobil bazarını azərbaycanlılar üçün cəlbedici edən əsas amillər hansılardır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Gürcüstan avtomobil istehsalçısı deyil, əsasən müxtəlif ölkələrdən nəqliyyat vasitələri idxal edən və tranzit imkanlarından yararlanan ölkədir.

“Almaniya, Koreya və dünyanın digər ölkələrindən gətirilən avtomobillərin Gürcüstan bazarında satışa çıxarılması alıcılar üçün geniş seçim imkanları yaradır. Bu amil nəqliyyat vasitələrinin alışına və satışına, eləcə də onların istismarına müsbət təsir göstərir”.

Ekspert qeyd edib ki, Gürcüstanla yanaşı, avtomobillərin qeydiyyat prosedurlarının daha sadə olduğu digər ölkələrin bazarları da Azərbaycan alıcılarının maraq dairəsindədir:

“Əsas məsələ avtomobilin aşağı büdcəli olması, sərfəliliyi və ehtiyat hissələrinin əlçatanlığıdır. Azərbaycan alıcısı üçün ən vacib məqamlar məhz bunlardır”.

Aslan Əsədovun fikrincə, avtomobil seçərkən vətəndaşlar daha çox iqtisadi səmərəliliyə, əlçatan qiymətə və gələcək istismar xərclərinə diqqət yetirirlər. Bu xüsusiyyətlərə malik nəqliyyat vasitələri isə alıcıların xüsusi marağına səbəb olur.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью