Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda keçirilən "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda iştirakı çərçivəsində Gürcüstanın aparıcı media qurumlarından biri olan Host TV telekanalının icraçı direktoru Temur Charelashvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Baku TV-nin qonağı olub.
Gürcüstan nümayəndələri Baku TV-ni ziyarət edib və regional media əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin hazırlanması və təcrübə mübadiləsi imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar.
Qonaqlar "Global Media Group"a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar.
Tanışlıq zamanı Baku TV-nin beş dildə operativ xəbər istehsal etməsi, ölkənin regionları ilə yanaşı, beş xarici ölkədə müxbir şəbəkəsinə malik olması diqqətə çatdırılıb.
Bundan əlavə, kanalın "YouTube" platformasında ötən il ərzində yayımlanan videoların bir milyarddan çox baxış toplaması xüsusi qeyd olunub.
Vurğulanıb ki, Baku TV-ni yalnız internet üzərindən deyil, həm də kabel və peyk yayımı vasitəsilə Azərbaycanın bütün bölgələrində, eləcə də Avropa və Asiyada izləmək mümkündür.
Görüş zamanı tərəflər regional informasiya əməkdaşlığının gücləndirilməsi, qarşılıqlı xəbərlərin mübadiləsi, təlim proqramları, eləcə də gələcəkdə birgə media layihələrinin icrası ilə bağlı geniş müzakirələr aparıblar.