Gürcüstanın “ləyaqət” siyasəti

15.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi ilə Brüssel arasında ortaq mövqe axtarışı davam edir

Bugünlərdə Fransa Prezidenti Emmanuel Makronun Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi Tbilisi ilə Qərb arasındakı münasibətlər baxımından diqqətçəkən hadisədir. İki il əvvəl Makron Gürcüstan cəmiyyətini “Gürcü arzusu” hökumətinə qarşı çıxmağa çağırırdı. İndi isə həmin siyasi qüvvənin rəhbəri Fransa prezidentinin şəxsi dəvəti ilə Yelisey sarayında qəbul olunur.

Nümayəndə heyətinin Paris səfəri rəsmi olaraq Beynəlxalq Kosmik Sammitlə əlaqələndirilsə də, görüşün Makronun şəxsi dəvəti ilə keçirilməsi ona geniş siyasi məna verir. Bu, ən azı onu göstərir ki, Tbilisi ilə Avropanın aparıcı paytaxtları arasında son illər yaranmış sərt qarşıdurmanın yerini tədricən dialoq və qarşılıqlı maraqların axtarışı tutur.

Əslində, Gürcüstanla Brüssel arasındakı fikir ayrılığının əsas mahiyyəti dəyişməyib. Tbilisi Avropaya inteqrasiyadan imtina etmir. Əksinə, Avropa İttifaqına üzvlük ölkənin strateji istiqamətlərindən biri olaraq qalır. Lakin Gürcüstan bu prosesin milli maraqlar, suverenlik və müstəqil qərarvermə imkanlarından geri çəkilmək hesabına reallaşmasını qəbul etmək istəmir. Bu səbəbdən Tbilisi ilə Brüssel arasındakı münasibətləri yalnız seçkilər, etiraz aksiyaları və mübahisəli qanunlar üzərindən izah etmək yetərli deyil. Bunlar daha geniş siyasi qarşıdurmanın görünən tərəfləridir. Əsas məsələ Gürcüstanın Avropaya inteqrasiya edib-etməməsi deyil, bu inteqrasiyanın hansı şərtlərlə həyata keçiriləcəyidir.

Fikir ayrılığının həssas istiqaməti Rusiya məsələsidir. Gürcüstan Rusiya ilə qonşudur və ölkənin ərazi bütövlüyü problemi hələ həllini tapmayıb. Abxaziya və Cənubi Osetiya məsələsi Tbilisinin xarici siyasətində əsas təhlükəsizlik faktorlarındandır. 2008-ci il müharibəsinin nəticələri isə Gürcüstana hərbi eskalasiyanın real qiymətini göstərib. Bu baxımdan parlamentin spikeri Şalva Papuaşvilinin “Rusiya ilə eskalasiya ölkəmizin milli maraqlarına cavab vermir” fikrini yalnız siyasi ritorika kimi qiymətləndirmək olmaz. Tbilisinin yanaşması ondan ibarətdir ki, Rusiya ilə yeni hərbi qarşıdurma mövcud problemləri həll etmək əvəzinə onları daha da ağırlaşdıracaq. Bu mövqedə müəyyən məntiq var. Gürcüstan böyük güclərin geosiyasi rəqabətinin kəsişdiyi Cənubi Qafqazda yerləşir. Belə şəraitdə kiçik dövlət üçün xarici siyasətdə manevr imkanlarını qorumaq əhəmiyyət daşıyır.

Bəzi ekspertlərin fikrincə, Brüsselin narahatlığı da nəzərə alınmalıdır. Aİ üçün Gürcüstanın yalnız xarici siyasət istiqaməti deyil, ölkə daxilində demokratik institutların vəziyyəti də maraqlıdır. Buna görə tərəflərin yanaşmaları iki fərqli prioritet üzərində formalaşır: Tbilisi təhlükəsizlik, suverenlik və milli qərarverməni, Brüssel isə siyasi və institusional standartları ön plana çəkir.

***

Gürcüstanın siyasi kursunu “Brüssel, yoxsa Moskva?” kimi təqdim etmək məsələnin mahiyyətini sadələşdirir. Tbilisinin qarşısında daha mürəkkəb və real vəzifə dayanır: Avropa ilə münasibətləri inkişaf etdirmək, eyni zamanda, dövlət maraqlarını və müstəqil qərarvermə imkanlarını qorumaq. Bu siyasətin uğuru isə, ilk növbədə, Gürcüstanın daxili gücündən asılıdır. İqtisadiyyatı zəif, siyasi sistemi kövrək və cəmiyyəti qütbləşmiş ölkənin xarici siyasətdə manevr imkanları da məhdud olur. Əksinə, güclü iqtisadiyyat, sabit institutlar və siyasi sabitlik kiçik dövlətin seçim imkanlarını genişləndirir. Buna görə Tbilisinin son illərdəki siyasətini yalnız “Brüsselə müqavimət” kimi qiymətləndirmək doğru deyil. Burada həm Avropa ilə əlaqələri qorumaq, həm də milli qərarvermə imkanlarını genişləndirmək cəhdi görünür. Abxaziya və Cənubi Osetiya məsələsi isə Gürcüstanın strategiyasının istiqamətidir. Burada əsas məsələ yalnız ərazi bütövlüyünün bərpası tələbini səsləndirmək deyil, gələcəkdə belə bir nəticəyə imkan verəcək qədər güclü dövlət qurmaqdır. Tarix göstərir ki, ərazi münaqişələri həmişə hərbi yolla həll olunmur. İqtisadi güc, siyasi sabitlik, diplomatik imkanlar və strateji səbir də mühüm rol oynayır.

Azərbaycanın təcrübəsi bu baxımdan Gürcüstan üçün müəyyən dərslər təqdim edir. Təbii ki, iki ölkənin vəziyyətini eyniləşdirmək olmaz. Azərbaycanın Ermənistanla qarşıdurması ilə Gürcüstanın Rusiya ilə münasibətləri arasında ciddi fərqlər var. Lakin ortaq məqam ondan ibarətdir ki, ərazi məsələlərində dövlətin iqtisadi, siyasi və müdafiə imkanlarının gücləndirilməsi uzunmüddətli nəticə üçün mühüm baza yaradır. Gürcüstanın öz tarixində Acarıstanın 2004-cü ildə dinc yolla reinteqrasiyası da göstərdi ki, siyasi imkanlar yarandıqda onları hərbi müdaxiləsiz də nəticəyə çevirmək mümkündür. Bu təcrübə Abxaziya və Cənubi Osetiya üçün birbaşa model deyil, lakin siyasi imkanları dəyərləndirə biləcək güclü dövlət və çevik diplomatiyanın əhəmiyyətini göstərir.

Gürcüstanda siyasi sabitliyin qorunması Azərbaycanın strateji maraqlarına uyğundur. Tbilisinin Rusiya ilə yeni hərbi qarşıdurmadan yayınmağa çalışması da Cənubi Qafqazda sabitlik baxımından müsbət amildir. Azərbaycanın marağı Gürcüstanın hər hansı geosiyasi qarşıdurmanın meydanına çevrilməsində deyil. Bakı üçün əsas məsələ regionda sabitliyin, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinin qorunması və regional əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Həm də bu ölkənin ərazi bütövlüyünün bərpasıdır.

Tbilisinin qarşısında yalnız xarici siyasət məsələsi dayanmır. Ölkənin əsas problemlərindən biri daxili siyasi qütbləşmədir. Gürcüstan cəmiyyətinin bir hissəsi daha sürətli Avropaya inteqrasiyasını və Qərblə siyasi yaxınlaşmanı, digər hissəsi isə milli suverenliyi, təhlükəsizliyi və Rusiya ilə mümkün qarşıdurmadan yayınmağı prioritet hesab edir. Bu fikir ayrılığı seçkilərdə, küçə aksiyalarında və siyasi debatlarda özünü göstərir. Buna görə Gürcüstandakı qarşıdurmanı yalnız hakimiyyətlə müxalifət arasındakı mübarizə kimi təqdim etmək olmaz. Tbilisinin əsas vəzifəsi bu fərqləri dərinləşdirmək deyil, ölkənin ümumi maraqları ətrafında siyasi konsensus formalaşdırmaqdır. Daxili qütbləşmə artdıqca Gürcüstanın xarici təzyiqlərə qarşı dayanıqlılığı da zəifləyir. Eyni zamanda, milli maraqların müdafiəsi demokratik institutların zəifləməsinə bəraət qazandıra bilməz. Güclü məhkəmə, işlək parlament, azad siyasi rəqabət və vətəndaş hüquqları da dövlətin real gücünün əsas komponentləridir.

Makronun Kobaxidzeni qəbul etməsi bu baxımdan müəyyən siyasi siqnaldır. Əgər Aİ-nin məqsədi Gürcüstanı özündən uzaqlaşdırmaq deyil, Avropaya yaxınlaşdırmaqdırsa, bunun yalnız təzyiq və siyasi şərtlər vasitəsilə həyata keçirilməsi effektiv deyil. Tbilisinin təhlükəsizlik narahatlıqları, 2008-ci il müharibəsinin nəticələri və Cənubi Qafqazın geosiyasi reallıqları nəzərə alınmalıdır. Bu, demokratik standartlardan imtina deyil, daha real və qarşılıqlı hörmətə əsaslanan dialoqun qurulması deməkdir. Bu baxımdan Tbilisi üçün ən rasional yol yeni qarşıdurmalardan yayınmaq və ərazi bütövlüyü məsələsinə uzunmüddətli dövlət strategiyası ilə yanaşmaqdır. Gürcüstanın gələcək siyasi çəkisini müəyyən edəcək əsas amil xaricdən veriləcək zəmanətlər deyil, öz iqtisadi, siyasi və institusional gücü olacaq. Cənubi Qafqazın sabitliyi baxımından Azərbaycanın marağı da məhz belə bir Gürcüstanın mövcudluğundadır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью