Gürcüstanın ümumi xarici borcu 25,5 milyard dollara çatıb

09.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 9 iyul, AZƏRTAC

Cari il martın 31-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 25,5 milyard dollar təşkil edib ki, bu da son dörd rübdə ÜDM-in 74,2 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının saytında məlumat verilib.

Bildirilir ki, bu ilin birinci rübündə ümumi xarici borc 300,4 milyon dollar artıb, o cümlədən əməliyyat dəyişiklikləri ilə əlaqədar 19,1 milyon dollar, digər dəyişikliklərlə əlaqədar 91,5 milyon dollar azalıb. Məzənnə dəyişikliyi səbəbindən borcun miqdarı 381,8 milyon dollar, qiymət dəyişikliyi ilə bağlı isə 292 milyon dollar artıb.

Ümumi məbləğin 11 milyard dolları dövlət borcudur və bu da ÜDM-in 32 faizini təşkil edir. Məbləğin 8,5 milyard dolları dövlət borcu, 822,8 milyon dolları Milli Bankın öhdəlikləri, 449 milyon dolları və 1,2 milyard dolları müvafiq olaraq dövlət müəssisələrinin istiqraz və kreditlər üzrə borcudur.

Xarici valyutada olan borcun ümumi borcda xüsusi çəkisi 88,6 faiz təşkil edir.

2025-ci il martın 31-nə Gürcüstanın xalis borcu 13,3 milyard dollar (ÜDM-in 38,7 faizi), o cümlədən xalis dövlət borcu 6,7 milyard dollar (ÜDM-in 18,4 faizi) təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью