Gürcüstanla sərhəddə qatarların keçid müddəti azaldılacaq

17.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi heyəti Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarına səfər edib.

ADY-dən bildirilib ki, səfər çərçivəsində Gürcüstan Dəmir Yollarının rəhbərliyi ilə iki ölkə arasında dəmir yolu daşımalarının daha operativ təşkili və sərhəd-keçid proseslərinin sürətləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, stansiyalarda qatarların qəbulu, emalı və yola salınması prosesləri, mövcud infrastrukturun imkanları müzakirə edilib.

Əsas diqqət Azərbaycan-Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid müddətinin azaldılması, sərhəd və gömrük nəzarəti prosedurlarının optimallaşdırılması, qatarların hərəkətində fasiləsizliyin təmin edilməsi və mümkün vaxt itkilərinin aradan qaldırılması məsələlərinə yönəldilib.

Həmçinin Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili, qatarların hərəkətinin əlaqələndirilməsi və əməliyyat proseslərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Tərəflər mövcud əməliyyat mexanizmlərinin daha da təkmilləşdirilməsi, texniki prosedurların sadələşdirilməsi, təkrarlanan əməliyyatların aradan qaldırılması və məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyini vurğulayıblar.

Azərbaycan və Gürcüstan dəmir yolları arasında əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra vəziyyətinə də diqqət yetirilib. Xüsusilə Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatarların fasiləsiz hərəkətinin təşkili, vaqonlara texniki baxış prosedurlarının optimallaşdırılması istiqamətində müsbət nəticə əldə olunduğu qeyd edilib.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan dəmir yolları arasında əldə edilmiş əvvəlki razılaşmalar çərçivəsində yeni əməliyyat yanaşmaları yük qatarlarının sərhəddən keçid müddətinin iki dəfə azaldılmasına imkan yaradır. ADY-nin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin daha da gücləndirilməsinə, beynəlxalq yükdaşımaların operativliyinin artırılmasına, tranzit müddətinin azaldılmasına və Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью