Haaland Qalatasaray la matçda da olmayacaq?

25.01.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Haaland "Qalatasaray"la matçda da olmayacaq?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa çərçivəsində "Vulverhempton"la matçda Erlinq Haalandı start heyətinə daxil etməyib.

QOL.az xəbər verir ki, norveçli futbolçunun ehtiyatda qalmasının əsas səbəbi onun son 8 oyunda qol vura bilməməsi olub. Halbuki Haaland "Mançester Siti"nin son 22 çempionat matçında start heyətdə meydana çıxaraq 20 qola imza atmışdı. Onun son qolu yanvarın əvvəlində "Brayton"la görüşdə penaltidən olub. Futbolçu dekabr ayından bəri fərqlənə bilməyib.

Xatırladaq ki, Haaland sonuncu dəfə noyabrın 25-də "Bayer"lə matçda meydana sonradan daxil olmuşdu. Oktyabrın 29-da "Suonsi" ilə Liqa Kuboku oyunundan bəri isə heç bir qarşılaşmanı tam buraxmamışdı. Qvardiola ötən həftə "Nyukasl"la matçdan sonra hücumçunun yorğun olduğunu etiraf edib.

Norveçli forvard “Mançester Yunayted”ə (0:2) və Çempionlar Liqasında “Bodo Qlimt”ə qarşı (1:3) məğlubiyyət matçında da gözləntiləri qarşılamayıb. Nəticədə, Qvardiola Premyer Liqanın sonuncusu olan "Vulverhempton"la oyunda ən yaxşı bombardirini ehtiyatda saxlamaq qərarına gəlib.

İspaniyalı mütəxəssis "Sky Sports"a açıqlamasında qərarını belə izah edib:

“Oyunların sayı çoxdur. Mən ona həm zehni, həm də fiziki baxımdan bərpa olunmaq imkanı vermək istəyirəm. Heyət seçimim həmişə həmin gün üçün ən doğru qərar olduğuna inandığım variant üzərində qurulur”.

Xatırladaq ki, Çempionlar Liqasının 8-ci turu çərçivəsində "Mançester Siti" "Qalatasaray"la qarşılaşacaq. Mövcud vəziyyətdə Haalandın bu matçda yer alıb-almayacağı sual altına düşüb. Qeyd edək ki, qarşılaşma yanvarın 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью