Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 23 noyabr, AZƏRTAC “Qida Təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, iri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 2022-ci il iyunun 30-dan 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər.
HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir.
Həmin sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var.
Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir.
Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır, qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir.
Bundan başqa, həmin sistem qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyu təhlükə və risk analizinin aparılmasını təmin edir, müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir, məhsulların ixracını, həmçinin satış imkanlarını asanlaşdırır, İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir.