Hacı Əyyub müəllim elm və mənəviyyatın işıqlı siması

29.09.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas

Bəzi insanlar var ki, onların ömrü yalnız özlərinə deyil, ətrafındakı insanların həyatına da işıq saçır. Onlar elmləri ilə zəkaları, davranışları ilə əxlaqları, mənəviyyatları ilə isə könülləri fəth edirlər. Hacı Əyyub Əzizov belə şəxsiyyətlərdəndir.

Tanınmış kimyaçı alim, professor, Respublikanın Əməkdar müəllimi Hacı Əyyub müəllim təkcə elmin sirlərinə vaqif olan bir ziyalı deyil. O, ömrünü elmə, qəlbini insanlığa, həyatını isə mənəvi dəyərlərə həsr etmiş nadir şəxsiyyətlərdəndir.

Mən Əyyub müəllimi özümü dərk etdiyim vaxtdan tanıyıram. Onun Ağcabədiyə hər gəlişi, Seyid ocağımıza baş çəkərək böyüklərimizlə etdiyi mənəvi söhbətlər uşaqlıq xatirələrimdə silinməz izlər buraxıb. Hələ o illərdən onun adını eşidəndə insanların üzündə yaranan ehtiramı, haqqında danışarkən səslərində duyulan sevgini hiss edirdim.

İllər keçdikcə bir həqiqəti daha dərindən anladım: İnsan haqqında deyilən xoş sözlər təsadüf deyil, onun ömrü boyu qazandığı mənəvi sərvətin ifadəsidir. Bəzi insanlar haqqında xoş danışmaq sadəcə bir ehtiram deyil, qəlbin ehtiyacıdır.

Bakı Dövlət Universitetinin professoru kimi Hacı Əyyub müəllim minlərlə gəncə kimyanın sirlərini öyrədib. Lakin onun müəllimliyi auditoriyanın divarları arasında qalmayıb. O, tələbələrinə yalnız elmi bilik deyil, ləyaqətli yaşamağın, böyüyə hörmətin, kiçiyə mərhəmətin, insana dəyər verməyin də dərsini keçib.

Çünki əsl müəllim yalnız öyrədən deyil, həm də yetişdirəndir. Əsl ziyalı isə yalnız bildikləri ilə deyil, yaşadıqları ilə də insanlara örnək olur.

Hacı Əyyub müəllimin Ağcabədiyə dəfələrlə gələrək yas mərasimlərində iştirak etməsi, insanların dərdinə şərik olması onun böyük ürəyinin, həssas qəlbinin göstəricisidir. İnsanların ən ağır günündə yanında olmaq, onların ağrısını bölüşmək, dərdlərinə şərik çıxmaq hər kəsin bacardığı iş deyil. Bunun üçün zəngin mənəviyyat, mərhəmət və böyük insanlıq lazımdır.

İrəvandan deportasiya olunaraq Qarabağa köç etmiş zəhmətkeş və fədakar bir ailənin övladı olan Hacı Əyyub müəllim həyat yolu ilə həm ailəsinin mənəvi mirasını, həm də milli-mənəvi dəyərlərimizi yaşadan şəxsiyyətlərdəndir.

Onun həyat yoldaşına sədaqəti, övladlarına aşıladığı elm və əxlaq, dostlarına münasibəti, Vətəninə və dövlətinə bağlılığı bütöv bir insanlıq məktəbidir.

Köhnə İnqilab küçəsindəki həyətinin qapısı isə mənim yaddaşımda xüsusi bir məna daşıyır. O qapı kənddən şəhərə gələn, çətinliyə düşən, bir məsləhətə, bir ağsaqqal sözünə, bir ümid işığına ehtiyac duyan insanlar üçün sanki açıq bir mərhəmət qapısı olub.

Həmin qapıdan içəri girən insan çox vaxt yalnız məsləhət deyil, bir ata qayğısı, bir doğma nəfəsi, bir ağsaqqal təsəllisi də alıb.

Bəzən bir qapının arxasında bütöv bir insanlıq dünyası dayanır. Əyyub müəllimin o qapısı da mənim üçün məhz belə bir mənəvi ünvan olub.

Onun səbri, təmkini və alicənablığı mənim üçün həmişə əsl həyat dərsi olub. Həyatın ən ağır sınaqları qarşısında belə öz dərdini başqasına yük etmədən, ağrısını səssiz və ləyaqətlə daşımağı bacarıb.

Ağsaqqallıq elə budur: öz dərdini ürəyində daşıyaraq başqasının qəlbinə təsəlli olmaq, öz ağrısını gizlədib başqasına ümid vermək…

Yaşının 90-ı keçməsinə baxmayaraq, həyat yoldaşı, mənim üçün də əziz insan olan Validə xanımın hüzn yerinə gələn qonaqları şəxsən qarşılaması, hər kəsə ehtiram göstərməsi onun ailə tərbiyəsinə, milli-mənəvi və dini dəyərlərə bağlılığının təsirli nümunəsidir.

Bu mənzərəni gördükcə insan bir daha anlayır ki, yaşın böyüklüyü yalnız illərlə ölçülmür. Əsl böyüklük insanın qəlbindəki mərhəmətdə, davranışındakı ədəb-ərkanda, başqalarına göstərdiyi ehtiramda təcəssüm edir.

Hacı Əyyub müəllimin şəxsiyyətini tamamlayan ən gözəl cəhətlərdən biri də onun yüksək nitq mədəniyyəti və sözə hakimiyyətidir. Fikirlərini səlis, məntiqli və olduqca təsirli ifadə edir. Həzin, məlahətli səsi insanı özünə çəkir, dinləyənləri sözlərinin sehrinə salır.

Onun söhbətlərində yalnız elmi bilik deyil, illərin müdrikliyi, həyat təcrübəsi və mənəvi dərinlik də duyulur.

Bəzən insanın səsi onun ruhunun aynasına çevrilir. Hacı Əyyub müəllimin həzin səsində isə bir ömrün təmkini, doğmalığı və müdrikliyi yaşayır. Onu dinlədikcə insan təkcə bir alimin fikirlərini deyil, ömrünü mənəviyyatla zənginləşdirmiş bir ağsaqqalın hikmətini eşidir.

Əyyub müəllimin mənəvi dünyası yalnız kimya elmi ilə məhdudlaşmır. Ədəbiyyatımızı dərindən bilməsi, klassiklərimizin irsindən məhəbbətlə söhbət açması, onların hikmətlərini həyatla əlaqələndirməsi onun zəngin dünyagörüşündən və mütaliə mədəniyyətindən xəbər verir.

Hacı Əyyub müəllimin bu yaşında belə hər gün dərin mütaliə ilə məşğul olması onun elmə, biliyə və mənəvi zənginliyə olan sonsuz sevgisinin təzahürüdür. O, ömrünün bu çağında da kitablarla, düşüncə ilə, yeni biliklər əldə etməklə mənəvi dünyasını zənginləşdirməkdə davam edir. Onun üçün mütaliə sadəcə bir vərdiş deyil, ömrünə məna qatan, ruhunu qidalandıran mənəvi bir ehtiyacdır.

Əsl ziyalının böyüklüyü yalnız öyrətdiklərində deyil, ömrünün sonuna qədər öyrənmək həvəsini qorumasındadır.

Onun söhbətlərində elm ədəbiyyatla, həyat təcrübəsi mənəviyyatla, müdriklik isə insan sevgisi ilə qovuşur.

Bəzən insanın böyüklüyü sahib olduğu elmi adlarda deyil, insanların qəlbində qoyduğu izdə görünür. Elm insanı ucalda bilər. Lakin elmə mənəviyyat, biliyə əxlaq, ömrə xeyirxahlıq qoşulanda əsl şəxsiyyət formalaşır.

Hacı Əyyub müəllim mənim üçün sadəcə professor deyil. O, ömrü ilə dərs deyən, davranışı ilə insan yetişdirən, səssiz müdrikliyi ilə könüllərə yol tapan bir həyat müəllimidir.

Belə insanlar haqqında yazmaq həm bir ehtiram borcu, həm də mənəvi məsuliyyətdir. Çünki onların həyat yolu gələcək nəsillər üçün örnək, yaşadıqları dəyərlər isə qorunmalı bir mirasdır.

Hacı Əyyub müəllimə Uca Rəbbimdən səbr, dözüm, möhkəm cansağlığı, könül rahatlığı və uzun ömür diləyirəm.

Hacı Əyyub müəllimin varlığı özü bir nemət, duası bir təsəlli, ömrü isə başqalarına verilmiş mənəvi bir dərsdir.

Sevgi və dualarımla!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью