Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermerin zərəri Aqrar Sığorta Fondu (ASF) tərəfindən ödənilib.
XQ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Hacıqabul rayonu, Rəncbər kəndində yerləşən, fermer Rasim Allahverdiyevə məxsus arpa sahəsində sel-subasma hadisəsi baş verib. Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, fermerin güzəştli şərtlərlə sığortaladığı 5,11 hektar əkin sahəsinə hadisə nəticəsində 82 faiz zərər qeydə alınıb.
Zərərin dərəcəsi və azadolma məbləği nəzərə alınaraq ASF tərəfindən fermerə 2 931 manat sığorta ödənişi edilib. Dövlət dəstəyi nəzərə alınmaqla, əkin sahəsinin hər hektarının sığortalanması fermerə 9,7 manata, ümumilikdə bütün əkin sahəsinin sığortası isə 49,6 manata başa gəlib.
Fermer Rasim Allahverdiyev aqrar sığorta ödənişindən və ümumilikdə ASF-nin fəaliyyətindən razılığını bildirib, digər fermerləri də təsərrüfatlarını sığortalamağa çağırıb.
Ümumilikdə ASF tərəfindən Hacıqabul rayonundakı fermer və təsərrüfatlara 725 190 manat sığorta ödənişi həyata keçirilib və bu məbləğ hər ay artır.
Qeyd edək ki, ASF bitkiçilik, heyvandarlıq və balıqçılıq (akvakultura) təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə bu zaman sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Təsərrüfatlarını güzəştli şərtlərlə sığortalayan sahibkarlar zərərlə üzləşdikdə onların zərəri aqrar sığorta tərəfindən qarşılanır.
ASF fermerləri və təsərrüfat sahiblərini öz heyvanlarını, eləcə də payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
ASF-nin göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatı (www.asf.gov.az) vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
XQ