Hakim çatışmır: Azərbaycanda 6,3, Avropada 17,6...

20.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda hakimlərin sayının azlığı məsələsi yenidən gündəmə gəlib. 

Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirib ki, mövcud hakim sayı artan iş yükünü qarşılamaq üçün kifayət etmir. 

Onun sözlərinə görə, bəzi hakimlər gün ərzində 10–15 işə baxmağa məcbur olur və bu, müraciətlərin tam, obyektiv və dərin araşdırılmasına maneə yaradır. Deputat hesab edir ki, işlərin sürətlə artdığı bir şəraitdə sistemin insan resursları gücləndirilməlidir. 

Əsasən hakimlərin sayının azlığı iş yükünün ağırlığı ilə izah olunur. İş yükünün bu qədər ağır olması təkcə hakimlərin yorğunluğu ilə nəticələnmir, həm də məhkəmə proseslərinin keyfiyyətinə təsir göstərir. Ədalətli qərar çıxarmaq üçün hər işin detallı araşdırılması tələb olunur, amma hazırda resurslar bunun üçün kifayət etmir. 

Bir müddət əvvəl Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov qeyd edib ki, son üç ildə 1600-dən çox namizəd hakim seçimi prosesində iştirak edib, onlardan 210 nəfəri vəzifəyə təyin olunub. Yeni hakimlərin yarısı qadınlardan ibarətdir və əksəriyyəti 35 yaşa qədərdir. Bu, hakim korpusunun yenilənməsi baxımından mühüm göstəricidir. 

“Cebheinfo.az”-ın araşdırması göstərir ki, dünyada hər 1000 nəfərə düşən hakim sayı ölkələr arasında fərqlidir. Məsələn, ABŞ-də hər 1000 nəfərə təxminən 0,09–0,10 hakim düşür, yəni 1 milyon nəfərə 90–100 hakim fəaliyyət göstərir. 

Böyük Britaniyada bu göstərici 0,05 civarındadır, yəni 1 milyon nəfərə təxminən 50 hakim düşür. Braziliyada isə hər 1 milyon nəfərə 80-dən çox hakim nəzərdə tutulub. Beynəlxalq müqayisə isə Azərbaycan hakimlərinin əhalinin sayı ilə müqayisədə hələ də kifayət qədər az olduğunu göstərir. 

Avropa Şurası nəzdində fəaliyyət göstərən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatına görə, hər 100 min nəfərə Azərbaycanda 6,3 hakim düşür, Avropa ortalaması isə 17,6-dır. 

Bu, o deməkdir ki, Azərbaycan göstərici baxımından Avropa ölkələrindən xeyli geri qalır. Ali Məhkəmənin sədri və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, 2025-ci ildə məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artıb. 

Buna baxmayaraq, hakimlərin peşəkarlığı, yüksək məsuliyyət hissi və çevikliyi sayəsində bütün işlər vaxtında baxılıb və ədalətli qərarların verilməsi təmin olunub. O, Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı qeyd edib ki, hakimlərin fəaliyyəti ədalət mühakiməsinin həyata keçirilməsində kifayət qədər effektiv olub. 

İnam Kərimov əlavə edib ki, məhkəmələrin yüksək ixtisaslı kadrlarla təmin olunması istiqamətində işlər davam etdirilir. Şəffaf seçim mexanizmi nəticəsində 83 yeni hüquqşünas hakim vəzifəsinə təyin olunub. 

Bu artım sayəsində hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib. Bu il isə hakimlərin sayının 700-ü keçəcəyi proqnozlaşdırılır ki, bu da həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcək. 

Hakimlərin sayının artırılması çox vacibdir və bu addım məhkəmə işlərinin vaxtında baxılması və ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə xidmət edir. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: hakim Fazil Mustafa

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью