Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs Elşən Nəcəfovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Nəcəfovun istintaqa verdiyi ifadəsi elan olunub.
O, ifadəsində dini ideyalarla yaşadığını, bəzi ölkələrə ürəkdən nifrət etdiyini bildirib.
Daha sonra Elşən Nəcəfov Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi və terrorçuluğa açıq çağırışlar yazılmış paylaşımlar etdiyinə görə də peşman olduğunu bildirib.
Daha sonra sənədlərin tədqiqi prosesi yekunlaşıb. Proses fevralın 6-da davam edəcək.
Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib.