Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq

16.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdıracaq:

- Ali Məhkəmənin 3 hakimi;

- apellyasiya instansiyası məhkəmələrinin 3 hakimi;

- birinci instansiya məhkəmələrinin 3 hakimi.

Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinin səlahiyyət müddəti 5 ildir. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью