Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məhkəmə ilə bağlı yeni qaydalar müəyyənləşdirilir, hakimlərin səlahiyyətləri genişləndirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Təqdim olunan qanun layihəsində təklif edilən dəyişikliklərin böyük bir qismi aidiyyət institutu ilə bağlıdır. Belə ki, aidiyyət dedikdə həm məhkəmə aidiyyəti, həm də ərazi aidiyyəti nəzərdə tutulur. Hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin və İnzibati Prosessual Məcəllənin bir çox maddələrində “məhkəmə aidiyyəti” və “ərazi aidiyyəti” fərqləndirilmədən ümumi ifadə ilə “aidiyyət” kimi yazılmaqla aidiyyətin hansı növündən söhbət getdiyi anlaşılmazlıq yaradır və məhkəmə praktikasında problemlərə yol açır.
Təklif olunan qanun layihəsində isə “məhkəmə aidiyyəti” və “ərazi aidiyyəti” arasındakı sərhəd konkretləşdirilmiş, üstəlik hər iki aidiyyət növü üzrə mübahisələrə məhkəmələrdə baxılması, şikayət, apellyasiya, kassasiya şikayətlərinin verilməsi qaydaları ətraflı əks olunaraq sistemli şəkildə tənzimlənib.
Xüsusilə diqqət çəkən məqamlardan biri ərazi aidiyyəti üzrə məhkəmələrin səlahiyyətlərinin müəyyən qədər məhdudlaşdırılması, ərazi aidiyyətinin pozulması səbəbindən birinci və apellyasiya məhkəməsinin qərarının ləğvinin qadağan edilməsidir. Bu da öz növbəsində məhkəmə qərarlarının sabitliyinə, məhkəmə işlərinin lüzumsuz yerə uzanmamasına rəvac verir.
Növbəti mühüm dəyişiklik həm Mülki Prosessual Məcəllədə, həm də İnzibati Prosessual Məcəllədə işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılması müddəasının əlavə edilməsidir.
Hazırki qanunvericiliyə əsasən, apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəmələrində 3 hakimdən ibarət tərkibdə baxılır.
Təklif edilən dəyişikliklər fonunda məhkəmələrdəki iş yükünün həddən artıq çoxluğunu nəzərə alıb işi mahiyyəti üzrə həll etməyən qərardadlara, həmçinin kiçik iddialara dair işlər üzrə qətnamələrə apellyasiya icraatında hakim tərəfindən təkbaşına baxılması, bir tərəfdən vaxta qənaət prinsipi ilə uzlaşaraq hakimlərin vaxtdan daha səmərəli istifadə etmələrinə imkan yaradır, digər tərəfdən məhkəmələrin təcili münasibət bildirilməsi lazım olan məsələləri daha çevik və operativ formada həll etməsinə şərait yaratmış olur.
Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə hazırkı qaydadan fərqli olaraq yazılı icraat qaydasında baxılması təklif edilir.
Əvvəlki abzasda qeyd etdiyimiz vaxta qənaət prinsipi, məhkəmələrin çevik və operativ fəaliyyəti bu dəyişikliklər üçün də keçərlidir.
Bundan başqa Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeydində, 25-ci və 26-cı maddələrində “mübahisələr” sözü konkretləşdirilərək “mülki hüquq münasibətləri ilə bağlı mübahisələr” formasında ifadə olunması təklif edilir.
Çünki sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr inzibati, kommersiya, mülki hətta cinayət xarakterli ola bilər. “Mübahisələr”in “mülki hüquq münasibətləri ilə bağlı mübahisələr” formasında ifadə olunması daha dəqiq sərhəd müəyyən edir və praktikada sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mülki hüquq mübahisələrini, həmin fəaliyyətlə əlaqədar yaranan digər mübahisələrdən fərqləndirərək ayırır.
Layihədə həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 153, 154, 167, 170-ci və sair maddələrinə təkmilləşmə yönündə dəyişikliklərin edilməsi təklif edilir. 163-cü maddənin adında dəyişiklik edilərək maddənin adı ilə məzmunu arasındakı fərqlilik aradan qaldırılır.
Mülki Prosessual Məcəllədə yeni açılmış hallar üzrə icraat zamanı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə yanaşı məhkəmənin digər yekun qərarının, habelə cinayət təqibini həyata keçirən orqanın şəxsin cinayət təqibini istisna edən qərarının da yeni açılmış hallar üzrə icraatın başlaması əsaslarından biri kimi qeyd olunması hazırkı qanun layihəsində təklif olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində Əlavə 2 və Əlavə 3-də apellyasiya və kassasiya sözlərindən sonra mötərizə içərisində “şikayət” sözünün əlavə olunması da təklif edilir ki, bu da apellyasiya və kassasiya şikayətlərindən kənarda qalan digər müraciətləri özündə ehtiva etməsinə yönəlmişdir.
Günay Şahmar, Bizim.Media