Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Təxminən bir neçə ay öncə millinin yoldaşlıq görüşləri üçün Malta və San Marinonu rəqib seçməsi tənqidi fikirlərə səbəb oldu. Futbol ictimaiyyəti yığmanın gücünə bab və ya daha üstün komandalarla oynamalı olduğunu düşünürdü.
Həm Malta, həm San Marino FIFA reytinqində bizdən daha aşağıdadır, heyətə baxanda milli daha keyfiyyətli, üstün görünürdü, lakin…
Macarıstanın “Haladaş” stadionundakı Malta ilə oyunda hər iki hissədə daha çox qol şansı yaratmağımıza baxmayaraq, məğlub olduq, üstəlik qol da vura bilmədik. Əvəzində rəqib üç hücumundan ikisini qola çevirdi. Beləcə, Azərbaycan ilə Malta arasındakı duellərdə qələbə üstünlüyü də “qırmızılar”a keçdi – 4:3.
Maltaya qarşı oyunda meydana çıxan futbolçuların əksəri komandasında çox oyun şansı qazanmayanlar idi. Ümumiyyətlə, bu məsələ yığmanın ağrılı yeridir. Hücumda Mahir, Nəriman, Toral, müdafiədə Elvin komandanın əsas silahlarıdır. Lakin başa çatan mövsümdə kifayət qədər oynamayıblar.
Xüsusilə, Mahir və Elvinin oyun praktikası ilə bağlı ciddi çatışmazlıqı var. Hər iki oyunçu klub axtarışındadır, necə olacağı qeyri-müəyyəndir. Bu, həm şəxsi karyeraları, həm də milli üçün sıxıntılı vəziyyətdir.
Ayxan Abbasov ümumi oyundan narazı qalmadı. Kifayət qədər qol epizodları yaradılıb, düzdür, ancaq fürsətləri dəyərləndirə bilməmək əsas məqamdır. Millətlər Liqasında bu qədər şans olmayacaq, artıq orda ələ düşən hər imkan maksimum dəyərləndirilməlidir, əks halda, yığma adına daha bir uğursuz tsikl ola bilər.
Qarşıda San Marino ilə yoldaşlıq oyunu var. Bu rəqibi də məğlub edə bilməmək… ardını tamamlamamaq daha yaxşıdır.
Şahin Cəfərov