Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas
Halallaşmaq mədəniyyəti-ilahi razılığı qazanmağın ən gözəl mənəvi yollarından biridir. İnsan öz səhvini etiraf edib qarşısındakından halallıq istəməklə həm vicdanını rahatladır, həm də Rəbbinin qarşısında öz məsuliyyətini dərk etdiyini göstərir.
Bəzən düşünürük ki, böyük günahlardan uzağıqsa, deməli, hər şey qaydasındadır. Halbuki insanın həyatında fərqinə varmadan etdiyi o qədər kiçik görünən səhvlər var ki…
İş yerində bir sözlə illərlə birlikdə çalışdığımız insanın qəlbini qıra bilərik.
Ailədə əsəblərimizə hakim ola bilməyib ən doğmamızı incidə bilərik.
Dostumuzu nalayiq davranışımızla, qəlbə toxunan sözümüzlə küsdürə bilərik.
Yolda başqa bir insanın haqqına girə bilərik.
Sükan arxasında bir anlıq qəzəblə təhlükəli hərəkət edib həm özümüzün, həm də başqasının həyatını təhlükəyə ata bilərik.
Bəzən isə bütün bunları o qədər adi qəbul edirik ki, günün sonunda özümüzdən heç soruşmuruq:
“Bu gün kimin haqqına girdim? Kimin qəlbini qırdım? Kimi incitdim? Kim mənim bir sözümə görə gecəni kədər içində keçirdi?”
Əgər insan bütün bunları düşünəndə heç üzülmürsə, vicdanı narahat olmursa, qırdığı qəlbin ağrısını hiss etmirsə, bu, mənəvi baxımdan ciddi xəbərdarlıqdır.
Çünki insanın səhv etməsi bir həqiqətdir. Heç birimiz xətadan uzaq deyilik. Qul xətasız olmaz. Amma səhvə görə peşman olmamaq, başqasının ağrısına qarşı hissiyyatsızlaşmaq, qəlb qırmağı adi hal kimi qəbul etmək qəlbin daşlaşmasının əlamətidir.
Qəlb canlıdırsa, peşman olar.
Vicdan oyaqdırsa, insanı rahat buraxmaz.
İman varsa, insan özünü hesaba çəkər.
İnsan səhv edə bilər. Əsl məsələ səhvdən sonra nə etdiyimizdir.
Üzr istəyə biliriksə, halallıq almağı bacarırıqsa, qırdığımız qəlbi bərpa etməyə çalışırıqsa, deməli, qəlbimizdə hələ mərhəmət, vicdan və iman yaşayır.
Bəzən bir “Bağışla” sözü illərlə davam edən küskünlüyü bitirə bilər.
Bəzən bir “Haqqını halal et” cümləsi insanın üzərindən ağır bir mənəvi yükü götürə bilər.
Unutmayaq: qırılan əşyanı bərpa etmək olar, itirilən malı yenidən qazanmaq olar. Amma qırılmış bir qəlbin izini silmək həmişə mümkün olmur.
Ona görə də halallaşmaq yalnız ölüm ayağında ediləcək bir mərasim deyil. Halallaşmaq həyat tərzi, mənəvi məsuliyyət və vicdan mədəniyyəti olmalıdır.
İnsanlarla münasibətlərimizdə elə yaşamalıyıq ki, sabah “Kaş ki…” deməyək.
Evimizdə həyat yoldaşımızdan, övladımızdan, valideynimizdən, qardaşımızdan, bacımızdan halallıq istəməyi bacarmalıyıq.
İş yerində incitdiyimiz insandan üzr istəməyi özümüzə sığışdırmalıyıq.
Dostumuzun qəlbini qırmışıqsa, qürurumuzu deyil, münasibətimizi düşünməliyik.
Yolda səhv etdikdə, sükan arxasında kiminsə haqqına girdikdə, qəzəbimizi başqasının üzərinə tökdükdə özümüzü haqlı çıxarmaq əvəzinə səhvimizi qəbul etməliyik.
Çünki üzr istəmək insanı kiçiltmir, əksinə, böyüdür.
Ən təhlükəli insan səhv etdiyi halda özünü həmişə haqlı görən insandır.
Bəzən insan “Mən heç nə etməmişəm” deyərək məsuliyyətdən qaçır. Halbuki bir insanın qəlbini qırmaq üçün böyük bir günah törətmək lazım deyil.
Bir baxış, bir söz, bir laqeydlik, bir haqsızlıq, bir təhqir, bir yalan belə insanın qəlbində uzun müddət sağalmayan yara aça bilər.
İnsan haqqı-ağır məsuliyyətdir
Allahın haqqı ilə insan haqqı arasında böyük bir məsuliyyət fərqi var. Uca Rəbbimizə qarşı etdiyimiz günahlardan tövbə edib Ondan bağışlanma diləyə bilərik. Amma bir insanın haqqına girmişiksə, onun haqqını qaytarmaq, üzr istəmək və halallıq almaq üçün əlimizdən gələni etməliyik.
Qurani-Kərimdə Uca Allah buyurur:
“Kim zərrə qədər yaxşılıq etsə, onu görəcək. Kim də zərrə qədər pislik etsə, onu görəcək.”
(Zilzal surəsi, 7–8-ci ayələr)
Bu ayə bizə çox böyük bir həqiqəti xatırladır: Allahın ədalətində heç nə itib-batmır.
Bizim kiçik hesab etdiyimiz bir söz, bir davranış, bir haqsızlıq belə cavabsız qalmır.
Deməli, həyatda heç bir söz və heç bir davranış Allahın elmindən kənarda deyil.
Bu gün unutduğumuz bir qəlb qırıntısı belə sabah qarşımıza çıxa bilər.
Elə isə axirətə köçməmişdən əvvəl dünyada halallaşaq.
Çünki bəzən bizim unutduğumuz bir hadisə qarşı tərəfin yaddaşında illərlə yaşayır.
Bəzən bizim üçün adi olan bir söz başqasının həyatında ağır bir xatirəyə çevrilir.
Bəzən “Zarafat etdim” deyib keçdiyimiz bir cümlə bir insanın qəlbini sındırır.
Ona görə hər birimiz özümüzə sual verməliyik:
Bu gün kimi sevindirdim?
Kimi incitdim?
Kimin haqqı məndə qaldı?
Kimdən üzr istəməliyəm?
Kimdən halallıq almalıyam?
Bu sualları hər axşam özümüzə vermək vicdanımızı diri saxlayar.
Bəlkə də sabah çox gec olacaq.
Bəlkə halallıq almaq istədiyimiz insan yanımızda olmayacaq. Bəlkə bizim üçün ən ağır peşmanlıq söyləyə bilmədiyimiz bir “Bağışla”, ala bilmədiyimiz bir “Halal olsun” olacaq.
Ona görə halallaşmağı sabaha saxlamayaq.
Qəlb qırmışıqsa-könül alaq.
Haqqına girmişiksə-halallıq istəyək.
İncitmişiksə-üzr istəyək.
Səhv etmişiksə-düzəltməyə çalışaq.
İnsan dünyadan köçəndən sonra onun üçün dua etmək, xeyirxah işlər görmək, mərhumun adına sədəqə vermək və savabını bağışlamaq gözəl əməllərdir.
Lakin sağlığımızda kiminsə haqqına girmişiksə, imkan olduğu halda həmin insanla halallaşmağı ölümün sonrasına buraxmamalıyıq.
Çünki insan üçün ən böyük fürsət həyatda ikən haqq sahibinə çatmaq, üzr istəmək, haqqı qaytarmaq və könül almaqdır.
Ölüm gəldikdən sonra isə insanın dünyadakı seçim və imkanları artıq sona çatır.
Ona görə bu gün əlimizdə olan fürsəti sabaha saxlamayaq.
Bəlkə bir telefon zəngi kifayətdir.
Bəlkə bir görüş.
Bəlkə bir mesaj.
Bəlkə də sadəcə iki söz:
“Məni bağışla. Haqqını halal et.”
Bu iki söz bəzən illərlə daşıdığımız yükü yüngülləşdirə bilər.
Axirətə aparacağımız ən böyük sərvətlərdən biri malımız, mülkümüz, vəzifəmiz və şöhrətimiz deyil.
Təmiz vicdan, halal qazanc, başqasının haqqından uzaq qəlb, könül incitməmək və üzərimizdə insan haqqı qoymamaqdır.
Gəlin elə yaşayaq ki, bizdən sonra insanlar “Kaş ki…” deməsinlər.
Elə yaşayaq ki, adımız çəkiləndə qəlblərdə inciklik deyil, dua oyansın.
Elə yaşayaq ki, arxamızca göz yaşı tökənlər qədər, bizim üçün ürəkdən dua edənlər də çox olsun.
Ən əsası odur ki, böyük Rəbbimizin hüzuruna gedərkən insan haqqının ağırlığını üzərimizdə daşımayaq.
Çünki insanın bu dünyadakı ən böyük qazancı yalnız çox şeyə sahib olmaq deyil-çox insanın haqqını qoruyaraq yaşamaqdır.
Allah bizə qəlb qırmaqdan çəkinən, səhv etdikdə üzr istəməyi bacaran, başqasının haqqına hörmət edən, haqqı üzərində qalmadan halallaşaraq yaşayan qullarından olmağı nəsib etsin.
Qəlbimizdə kinə yer qoymayaq.
Dilimizdən üzr istəməyi əsirgəməyək.
Haqqı tapdalamayaq.
Heç kimin göz yaşına səbəb olmayaq.
Əgər bir qəlb qırmışıqsa, bu gün o qəlbi sevindirək.
Əgər kiminsə haqqı üzərimizdədirsə, bu gün haqq sahibini axtaraq.
Əgər kimisə incitmişiksə, bu gün “Bağışla” deyək.
Çünki sabahın bizə veriləcəyinə zəmanətimiz yoxdur.
Amma bu gün halallaşmaq və bağışlanmaq üçün hələ fürsətimiz var.
Allahım! Qəlbimizi daşlaşdırma, vicdanımızı susdurma. Bizə qəlb qırdığımızı anlayacaq qədər həssas, səhvimizi etiraf edəcək qədər cəsarətli, üzr istəyəcək qədər təvazökar və imanlı olmağı ehsan et.
Allahım! Bizə elə yaşamağı qismət et ki, adımız çəkiləndə insanların qəlbində inciklik deyil, dua ilə xatırlanaq.
İlahi! Bizi Sənin hüzuruna imanla, halal qazancla, bağışlanmış qəlblə, heç kimin haqqını üzərimizdə daşımadan gələn qullarından qərar ver.
Amin.