Icma.az, 525.az portalına istinadən məlumat yayır.
"Qutadqu bilik” əsərinin tarixi-fəlsəfi mahiyyətinin, ideya qaynaqlarının və türk dövlətçilik düşüncəsi ilə əlaqələrinin araşdırılmasında görkəmli türk tarixçisi Halil İnalcıkın tədqiqatları mühüm yer tutur. Alimin 1966-cı ildə nəşr olunmuş “Kutadgu Bilig’de Türk ve İran Siyaset Nazariye ve Gelenekleri” (“Qutadqu bilik”də türk və İran siyasi nəzəriyyələri və ənənələri) adlı məqaləsi əsərin ideya-məzmun xüsusiyyətlərini müqayisəli tarixi yanaşma əsasında araşdıran diqqətəlayiq elmi əsərlərdən biridir. İnalcık burada “Qutadqu bilik”in formalaşmasında qədim türk dövlətçilik ənənələrinin və Hind-İran siyasi-əxlaqi düşüncəsinin rolunu müəyyənləşdirməyə, onların qarşılıqlı əlaqələrini və fərqli xüsusiyyətlərini üzə çıxarmağa çalışmışdır.
Bu baxımdan İnalcıkın tədqiqatının əsas elmi nəticəsi əsərdə Hind-İran siyasi-əxlaqi təsəvvürləri ilə qədim türk dövlətçilik ənənəsinin necə birləşdiyini, eyni zamanda türk hüquqi-siyasi düşüncəsinin özünəməxsusluğunun necə qorunduğunu göstərməsidir. Bu nəticə xüsusilə ədalətin hökmdarın şəxsi lütfü deyil, törünün düzgün və qərəzsiz tətbiqi kimi izahında aydınlaşır.
İnalcık araşdırmasına türk mədəniyyətinin tarixi davamlılığı məsələsindən başlayır. O, islamdan əvvəlki türk yazılı mədəniyyətinin mühüm qaynaqlarından biri kimi uyğur dövrünün əsərlərini göstərir. Alimin fikrincə, Qaraxanlılar islam mədəniyyəti dairəsinə daxil olsalar da, uyğur mədəniyyətinin ənənələrini davam etdirmişlər. Bu mülahizə “Qutadqu bilik”in meydana gəldiyi tarixi şəraitin anlaşılması baxımından əhəmiyyətlidir. Belə ki, XI əsrdə yazılmış əsərin ideya məzmununu yalnız islam mədəniyyətinin təsiri ilə izah etmək kifayət deyil. Onun daha qədim türk ictimai-siyasi və mənəvi düşüncə ənənələri ilə əlaqələri də nəzərə alınmalıdır. Tədqiqatçı Reşid Rəhməti Aratın “Qutadqu bilik”in elmi-tənqidi mətninin və tərcüməsinin hazırlanmasındakı xidmətlərini yüksək qiymətləndirir. İnalcıkın fikrincə, Aratın araşdırmaları əsərin yalnız dil və ədəbiyyat abidəsi kimi deyil, həm də türk ictimai həyatı, dövlətçilik tarixi və mədəniyyətinin öyrənilməsi üçün mühüm qaynaq kimi istifadəsinə imkan yaratmışdır. Bu yanaşma İnalcıkın öz tədqiqatında da əsas götürdüyü metodoloji istiqaməti müəyyənləşdirir: “Qutadqu bilik” ayrı-ayrı nəsihətlərdən ibarət mətn kimi deyil, müəyyən tarixi-mədəni mühitdə formalaşmış siyasi, fəlsəfi və əxlaqi təsəvvürlərin bütöv sistemi kimi araşdırılmalıdır.
Məqalədə “Qutadqu bilik”in mahiyyəti ilə bağlı əvvəlki tədqiqatçıların mövqelərinə də münasibət bildirilir. İnalcık V.V.Bartoldun əsəri Şərqdə geniş yayılmış nəsihətnamələr ənənəsinə aid etdiyini, Reşid Rəhməti Aratın onu insanın hər iki dünyada səadətə çatması yollarını göstərən fəlsəfi məzmunlu əsər kimi qiymətləndirdiyini, Sadri Maksudi Arsalın isə onun qədim türk ictimai və dövlətçilik ənənələrinə bağlılığını ön plana çəkdiyini göstərir. Arsal yazır: “Əsərdə “sosial həyat, əxlaq və dövlət idarəçiliyi haqqında fikirlər tamamilə türklərin islamdan əvvəlki mühakimələridir. Ədəbi və intellektual materialların demək olar ki, hamısı türk həyatından götürülmüşdür. Müəllifin istifadə etdiyi atalar sözləri türk atalar sözləridir.”
Bu mövqeləri müqayisə edən İnalcık “Qutadqu bilik”in ideya mənbələrinin yalnız bir mədəniyyət çərçivəsində izah edilməsinə ehtiyatla yanaşır. Onun tədqiqatının əsas məqsədi əsərdə mövcud olan Hind-İran siyasi-əxlaqi təsəvvürləri ilə qədim türk dövlətçilik ənənələrini fərqləndirmək və onların qarşılıqlı əlaqəsini müəyyənləşdirməkdir.
İnalcık əsərə sonradan əlavə edilmiş nəsr və nəzm müqəddimələrinə də müraciət edir. Həmin müqəddimələrdə əsərin başqa ölkələrdə “Edebü’l-mülük”, “Ayin ü’l-memleke” və ya Pendname-i mülük” adlandırılan siyasi-əxlaqi nəsihət ənənəsi ilə əlaqəsi göstərilir. İdarəçilərin bilməli olduqları məsələlər, dövlətin möhkəmlənməsi və süqutunun səbəbləri bu mətnlərin əsas mövzuları kimi təqdim olunur. Bu məlumat İnalcıkın “Qutadqu bilik”i həm janr, həm də siyasi düşüncə tarixi baxımından müqayisə etməsinin mühüm başlanğıc nöqtəsidir.
İnalcıkın məqaləsində bu mövqelərlə yanaşı, Sadri Maksudi Arsalın Fərabi və Konfutsi ilə bağlı müqayisələrinə də yer ayrılır. Arsalın şərhində İbn Sina təsirinə dair iddialar qəbul edilmir, Fərabinin hökmdarın keyfiyyətləri, ağıl, bilik və ədalət haqqındakı fikirləri ilə Yusifin görüşləri arasında oxşarlıqlar önə çəkilir. Konfutsi ilə bağlı paralellər də Arsalın mülahizələri kimi verilir. Bu müqayisələri İnalcıkın bilavasitə sübut etdiyi təsir əlaqələri kimi deyil, onun təqdim edib müzakirəyə çıxardığı tarixşünaslıq mövqeləri kimi fərqləndirmək vacibdir.
İnalcıkın araşdırmasında Hind-İran siyasi düşüncəsinin “Qutadqu bilik”ə təsiri məsələsi geniş yer tutur. Alim Firdovsinin “Şahnamə” əsəri, qədim İran nəsihətnamələri, “Kəlilə və Dimnə”, “Qabusnamə” və Nizamülmülkün “Siyasətnamə”si kimi qaynaqlara müraciət edərək dövlət idarəçiliyi, hökmdarın vəzifələri, ədalət, ağıl, bilik və əxlaq haqqında təsəvvürləri müqayisə edir. O, Yusif Has Hacibin “Şahnamə” ənənəsi ilə tanışlığını əsərdəki tarixi-əfsanəvi obrazlar və poetik xüsusiyyətlər əsasında əsaslandırır. Bununla yanaşı, müxtəlif qaynaqlardakı siyasi-əxlaqi fikirlər arasında paralellər müəyyənləşdirir.
“Şahnamə” ilə əlaqəni əsaslandırarkən İnalcık daha konkret mətn nümunələri göstərir: 280-ci beytdə Alp Ər Tonqanın İran ənənəsində Əfrasiyab adı ilə tanınmasını, 241-ci beytdə Dahhak və Fəridunla bağlı xatırlatmaları, həmçinin “Qutadqu bilik”in “Şahnamə” ilə eyni əruz qəlibində yazılmasını qeyd edir. Bunlar əsərin İran ədəbi mühiti ilə təmasını göstərən dəlillər kimi təqdim olunur, həmin oxşarlıqlar bütün ideyaların birbaşa “Şahnamə”dən alındığı mənasına gəlmir (İnalcık, 1966). İnalcık siyasi-əxlaqi təsəvvürlərin tarixi ötürülməsini izah etmək üçün Sasani dövrünün “andarznamə” ənənəsini, İbn Müqəffənin pəhləvi dilindən ərəb dilinə etdiyi tərcümələri və “Kəlilə və Dimnə”nin sanskrit mənşəli “Pançatantra” ilə əlaqəsini də nəzərdən keçirir (İnalcık, 1966). Beləliklə, İnalcık bu tarixi-mədəni əlaqələri araşdırmaqla “Qutadqu bilik”də əks olunan siyasi-əxlaqi təsəvvürlərin qədim Hind-İran düşüncə ənənələri ilə bağlılığını və həmin ideyaların müxtəlif mədəniyyətlər vasitəsilə yayılma yollarını müəyyənləşdirməyə çalışır.
İnalcık qədim Hind dövlət nəzəriyyəsində dövlətin yeddi ünsüründən danışır: hökmdar, məsləhətçi vəzirlər, təbəələr, qalalar, müdafiə və hücum qüvvələri, xəzinə və müttəfiqlər. Bu təsnifat müəllifin istinad etdiyi Kautilya ilə əlaqələndirilən siyasi düşüncə çərçivəsində təqdim olunur. Həmin modeldə hakimiyyətin mənbəyi və icrası qanun, tərəfsiz hökm, əhalinin can və malının mühafizəsi, təsərrüfatın inkişafı kimi öhdəliklərlə yanaşı nəzərdən keçirilir. Burada “yeddi ünsür”ü Yusif Has Hacibin birbaşa təklif etdiyi təsnifat saymaq doğru olmaz: İnalcık ondan “Qutadqu bilik”in müqayisə edildiyi qədim Hind siyasi fikrinin izahında istifadə edir. (İnalcık, onlayn mətn, Kutadgu Bilig’de Hint-İran geleneği”.)
İnalcıkın təhlilində xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri ədalətin dövlətin mövcudluğundakı roludur. Tədqiqatçı qədim Hind-İran siyasi ənənələrində dövlətin qüdrəti, ordunun saxlanılması, xəzinənin zənginliyi və xalqın iqtisadi vəziyyətinin qarşılıqlı əlaqədə nəzərdən keçirildiyini göstərir. Bu düşüncəyə görə, güclü ordunun saxlanılması maddi vəsait tələb edir, xəzinənin zənginliyi xalqın istehsal və vergi imkanlarından asılıdır, xalqın rifahının təmin edilməsi isə ədalətli idarəçilik olmadan mümkün deyil. Müəllif “Qutadqu bilik”in 2057-2059-cu beytlərini həmin siyasi nəzəriyyənin ifadəsi kimi təhlil edir. Burada dövlətin möhkəmliyi ilə ordu, maddi sərvət, xalqın rifahı və düzgün qanunlar arasında qarşılıqlı asılılıq müəyyənləşdirilir. İnalcık bu düşüncəni qədim siyasi ədəbiyyatda formalaşmış “ədalət dairəsi” nəzəriyyəsi ilə əlaqələndirir. Onun fikrincə, Yusif Has Hacib həmin prinsipi öz əsərində aydın və sistemli şəkildə ifadə etmişdir. Beləliklə, “Qutadqu bilik”də ədalət yalnız hökmdarın şəxsi mənəvi keyfiyyəti deyil, həm də dövlətin iqtisadi və siyasi sabitliyinin mühüm şərti kimi təqdim olunur.
Bu siyasi-iqtisadi əlaqənin konkret tarixi ifadəsi kimi İnalcık Sasanilər haqqında Təbərinin nəql etdiyi Xosrov Pərviz rəvayətinə də müraciət edir. Xəzinəyə sərvət toplamaq məqsədilə vergilərin sərt yığılması əhalinin dolanışığını ağırlaşdırır, istehsal və vergi imkanlarını zəiflədir. Beləliklə, xəzinəni gücləndirmək niyyəti əks nəticə verə bilir. İnalcık bu ziddiyyətin çıxış yolunu ədalətə əsaslanan idarəçilikdə görən siyasi düşüncə ilə “Qutadqu bilik”in 2057-2059-cu beytləri arasında əlaqə qurur. Deməli, əsərdəki ədalət dairəsinin iqtisadi məntiqi yalnız mücərrəd nəsihət deyil, xalqın rifahı ilə dövlət gəlirlərinin qarşılıqlı asılılığıdır. (İnalcık, onlayn mətn, “A” bölməsi, ədalət dairəsi haqqında hissə.) İnalcık bu fikrin “Qutadqu bilik”də yalnız 2057-2059-cu beytlərlə məhdudlaşmadığını göstərir. O, 1039-1044-cü beytlərdə xalqın varlanması, asayişin bərpası və şəhərlərin inkişafı ilə hökmdarın xəzinəsinin zənginləşməsi arasındakı əlaqəni, 2033-2035-ci beytlərdə isə qanunun düzgün tətbiqinin ölkəni möhkəmləndirdiyini, zülmün isə onu zəiflətdiyini vurğulayır. Beləliklə, ədalət dairəsi əsərdə təkrarlanan siyasi-iqtisadi prinsip kimi açıqlanır (İnalcık, 1966).
Tədqiqatçı əsərdə hökmdarın mənəvi keyfiyyətlərinə dair mülahizələri də Hind-İran nəsihətnamə ənənələri ilə müqayisə edir. İnalcık göstərir ki, “Qutadqu bilik”də dövlət başçısının dürüst, bilikli, səbirli, təvazökar, səxavətli və mülayim olması tələb edilir. Yalançılıq, təkəbbür, zülm, xəsislik, tələskənlik və hiddət isə hakimiyyət sahibinin uzaq durmalı olduğu mənfi xüsusiyyətlər sırasında göstərilir. Müəllif bu fikirlərlə “Qabusnamə”, “Kəlilə və Dimnə” və “Siyasətnamə”dəki hökmdar idealları arasında oxşarlıqlar müəyyənləşdirir. İnalcıkın araşdırmasının mühüm elmi nəticələrindən biri qədim türk dövlətçilik ənənəsinin özünəməxsus xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Alim Hind-İran siyasi düşüncəsi ilə türk dövlətçilik ənənəsi arasında fərqi xüsusilə hakimiyyətin qanunla münasibətində görür. Onun şərhinə görə, qədim İran siyasi ənənəsində hökmdarın geniş şəxsi hakimiyyəti və ədalətli davranışı ön plana çəkildiyi halda, türk dövlətçilik düşüncəsində hakimiyyət törü - qanun və ictimai nizam anlayışından ayrılmaz şəkildə nəzərdən keçirilmişdir. Bu baxımdan İnalcıkın “Qutadqu bilik”dəki kut və törü anlayışlarına verdiyi izah xüsusi əhəmiyyət daşıyır. Müəllifin fikrincə, kut hakimiyyətin mənəvi-siyasi legitimliyi ilə, törü isə onun hüquqi və ictimai nizamı ilə əlaqəlidir. Hökmdarın hakimiyyəti yalnız şəxsi iradə əsasında deyil, müəyyən qanun və davranış prinsiplərinə uyğun həyata keçirilməlidir. İnalcık bu yanaşmanı əsərin 355, 2015 və 5285-ci beytləri, eləcə də qədim türk yazılı abidələrindəki dövlətçilik anlayışları əsasında təhlil edir.
Alim ağıl və biliyin dövlət idarəçiliyində rolunu ayrıca əsaslandırır. “Qutadqu bilik”in 1952-ci beytinə və 1948-1973-cü beytləri əhatə edən hissəsinə istinad edərək hökmdarın xalqı biliklə, dövlət işlərini isə ağılla idarə etməli olduğunu göstərir. 289-290-cı beytlərdə ağıl və bilik vasitəsilə yüksəlmək haqqında fikirləri qədim İran siyasi-əxlaqi ənənəsi ilə müqayisə edir. Bu nümunələr bilik və əxlaqın əlaqəsi haqqında pedaqoji nəticə çıxarmaq üçün də əhəmiyyətlidir.
Hökmdarın vəzifələri İnalcıkın təhlilində konkret idarəçilik fəaliyyətində də ifadəsini tapır: pulun əyarının qorunması, güclünün zəifi əzməsinə mane olmaq, quldurluğun qarşısını almaq, yolların təhlükəsizliyini təmin etmək və mövcud ictimai təbəqələşmə qaydalarına uyğun münasibətləri qorumaq. Müəllif bu vəzifələri əsərin 5540-5550 və 5574-5584-cü beytləri ilə əlaqələndirərək Sasani və Nizamülmülk ənənələrindəki paralellərlə müqayisə edir. Dövlət idarəçiliyində hərbi qüvvə, bilikli vəzir və gəlir-xərci qeydiyyata alan katiblərin ayrı funksiyalar daşımasını da izah edir (5910–5914-cü beytlər). Bu müqayisə “Qutadqu bilik”in əxlaqi prinsiplərinin inzibati məsuliyyətdən ayrılmadığını göstərir.
İnalcık ədalətin institusional həyata keçirilməsinə ayrıca diqqət yetirir. Onun izahında Sasani və islam idarəçilik ənənələrində Məzalım divanı, Darül-ədl və Divan-i ali adlandırılan şikayət dinləmə təsisatları hökmdarın və ya ali hakimiyyətin zülm və vəzifə sui-istifadələri barədə müraciətləri araşdırması ilə bağlıdır. Nizamülmülkün “Siyasətnamə”sinə istinadla hökmdarın həftənin müəyyən günlərində şikayətləri şəxsən dinləməsi ənənəsini xatırladır. (İnalcık, onlayn mətn, “A” bölməsi, divanlar haqqında hissə.) Buradan “Qutadqu bilik”in bilavasitə ayrıca məzalım divanı təsis etdiyi nəticəsini çıxarmaq olmaz. İnalcık bu tarixdən ədalətin hökmdar səlahiyyəti və praktik idarəçilik kimi izahı üçün müqayisəli kontekst yaradır.
Müəllif “Qutadqu bilik”də Gündoğdu obrazının doğru qanunu və ədaləti təmsil etməsini türk dövlətçilik ənənəsi ilə əlaqələndirir. Bu obraz vasitəsilə hakimiyyətin mənəvi mahiyyəti və hüquqi əsası arasında əlaqə yaradılır. İnalcıkın şərhində hökmdar yalnız idarəçilik səlahiyyətinə malik şəxs deyil, həm də qanunun qorunmasına və ədalətlə tətbiqinə cavabdeh olan dövlət başçısıdır. Bu yanaşma əsərdə dövlətin mövcudluğu ilə hüquqi-əxlaqi nizam arasında əlaqənin mühüm yer tutduğunu göstərir. İnalcık Gündoğdu ilə yanaşı, digər üç əsas obrazın simvolik funksiyasını da göstərir: Aydoldu dövləti (səadət və bəxti), Öydülmiş ağlı, Odqurmuş isə qənaəti təmsil edir. Bu dörd anlayışın qarşılıqlı əlaqəsi əsərin yalnız hökmdara verilən nəsihətlər toplusu deyil, idarəçilik və insan davranışına dair sistemli düşüncə nümunəsi kimi anlaşılmasına xidmət edir (İnalcık, 1966).
Ədalət anlayışının filoloji izahında İnalcık “könilik” sözünə xüsusi yer verir. O, Reşid Rəhməti Aratın bu termini “doğruluq” kimi verdiyini xatırladaraq, 821-ci beytin siyasi-hüquqi kontekstində “ədalət” mənasının daha münasib olduğunu müdafiə edir. Beləliklə, Gündoğdunun təmsil etdiyi prinsipin sadəcə şəxsi dürüstlük deyil, hökm və qanunun qərəzsiz tətbiqi kimi anlaşılmasına əsas yaradır. Bununla yanaşı, “könilik” sözünün bütün mətn boyu yalnız bir qarşılıqla tərcümə edilməli olduğunu iddia etmək olmaz: mənanın seçimi hər konkret beytin konteksti əsasında qiymətləndirilməlidir (İnalcık, onlayn mətn, “A” bölməsi, 821-ci beytə aid 25-ci qeyd.).
İnalcık Gündoğdunun ədalət anlayışını izah edərkən 792-822-ci beytlərə də müraciət edir. Üçayaqlı taxtın heç bir tərəfə əyilməməsi, hökmdarın insanları bəy və qul olaraq fərqləndirmədən hökm verməsi və haqq axtaranın işini ləngitməməsi qanunun qərəzsiz tətbiqini ifadə edir. Bu nümunələrdə ədalət yalnız mənəvi keyfiyyət kimi deyil, hökmdarın bütün təbəələrə eyni hüquqi meyarlarla yanaşması prinsipi kimi təqdim olunur (İnalcık, 1966, A bölməsi, 792–822-ci beytlər).
İnalcık qədim türk dövlətçilik düşüncəsində törü anlayışının rolunu Orxon abidələrindəki məlumatlarla da müqayisə edir. O, Bumin xaqan, İltəriş xaqan və Bilgə xaqanla bağlı yazılı qaynaqlarda dövlətin qurulması, xalqın birləşdirilməsi, ictimai nizamın bərpası və qanunun qorunması haqqında fikirlərə müraciət edir. Müəllifin qənaətinə görə, bu tarixi ənənə “Qutadqu bilik”də yeni siyasi və əxlaqi məzmunla davam etdirilmişdir. Yusif Has Hacibin əsəri qədim türk dövlətçilik düşüncəsinin islam dövründəki inkişafını öyrənmək üçün mühüm qaynaq kimi səciyyələndirilir.
İnalcık Yusif Has Hacibin türk dövlətçilik ənənəsinə verdiyi əhəmiyyəti göstərmək üçün əsərin 267-ci beytinə də müraciət edir. Həmin beytdə türk bəylərinin dünya hökmdarları arasında üstün mövqeyi vurğulanır. Alim bu nümunəni əsərdəki qədim türk siyasi düşüncəsinin özünəməxsusluğunu əsaslandıran dəlillərdən biri kimi təqdim edir (İnalcık, 1966, B bölməsi, 267-ci beyt).
İnalcıkın təhlilində “törü”nün hüquqi mənşəyi də mühüm yer tutur. Onun izahına görə, qədim türk cəmiyyətində ictimai-siyasi münasibətləri tənzimləyən adət hüququ - “yosun” - dövlət qurucusu xaqanın iradəsi ilə “törü” şəklini alır. Xaqan öz hökmlərini bu qaydalara əlavə etməklə dövlət nizamını formalaşdırır. Bununla belə, “törü” yalnız hökmdarın sərbəst iradəsi deyil, onun özünü də bağlayan obyektiv hüquq normalarının məcmusudur. İnalcık “kut”u ilahi mənşəli hakimiyyətlə əlaqələndirir və türk dövlətçilik ənənəsində onu “törü”dən ayrılmaz sayır (İnalcık, 1966, B bölməsi). Bu münasibətin xüsusi ifadəsini İnalcık “Qutadqu bilik”in 454-cü beytində görür. Beytin onun tərəfindən verilən mənasına görə, hökmdarlıq yaxşı olsa da, qanun ondan daha yaxşıdır və onu düzgün tətbiq etmək lazımdır. Həmin fikir dövlət hakimiyyətinin yalnız hökmdarın şəxsi iradəsinə deyil, hüquqi nizama da bağlı olduğunu göstərir. İnalcık 355 və 5285-ci beytlərdəki fikirləri də bu mövqenin əsaslandırılması üçün istifadə edir (İnalcık, 1966, B bölməsi, 454-cü beyt).
İnalcık “törü” anlayışını yalnız Orxon abidələrindəki örnəklərlə məhdudlaşdırmır. O, Oğuz xaqan ənənəsində qanun qoyma təsəvvürünü, Bumin xaqanın dövlət quruculuğunu, İltəriş xaqanın nizamı bərpa etməsini və Bilgə xaqanın ölkə ilə “törü”nü birlikdə xatırlatmasını eyni müqayisəli çərçivəyə gətirir. Sonra Səlcuq hökmdarları ilə oğuz tayfaları arasındakı gərginliyin mümkün izahlarından biri kimi adət hüququ ilə İran tipli hökmdarlıq anlayışının toqquşmasını ehtimal edir. Osman Qazi, Fateh Sultan Mehmed və Qanuni Sultan Süleymanla əlaqələndirilən qanunvericilik nümunələrini də tarixi davamlılıq mülahizəsi çərçivəsində təqdim edir. Bu əlaqələr İnalcıkın tarixşünaslıq şərhidir. Müxtəlif dövrlərin hüquqi quruluşlarının tam eyni olması mənasında qəbul edilməməlidir. (İnalcık, onlayn mətn, “B. Kutadgu Bilig’de Türk Devlet Geleneği”.)
İnalcık Çingiz xanın “Yasa”sını mahiyyət etibarilə türk dövlətlərindəki törü ənənəsinin davamı kimi səciyyələndirir. Bu, alimin tarixi-hüquqi müqayisə əsasında irəli sürdüyü mövqedir. Fərqli dövrlərdəki hüquq sistemlərinin eyniliyi barədə müstəqil və qəti nəticə kimi deyil, məhz İnalcıkın elmi qənatəi kimi təqdim edilməlidir. Alimin mühüm qənaətlərindən biri də budur ki, “Qutadqu bilik”də qədim türk dövlətçilik düşüncəsi Hind-İran siyasi ənənələrindəki ədalət anlayışına özünəməxsus məzmun qazandırmışdır. İnalcıkın müqayisəli təhlilinə görə, qədim Hind-İran siyasi nəsihətnamələrində ədalətli idarəçilik əsasən hökmdarın şəxsi mənəvi keyfiyyətləri - insaflılığı, mülayimliyi və bağışlamaq qabiliyyəti ilə əlaqələndirilir. Bu ənənədə siyasi idarəçilik əxlaqdan ayrılmaz hesab olunur və ədalətin təmin edilməsi hökmdarın fərdi davranışından əhəmiyyətli dərəcədə asılıdır. “Qutadqu bilik”də isə qədim türk dövlətçilik ənənəsinin təsiri ilə ədalətin hüquqi əsası, xüsusilə törünün düzgün və qərəzsiz tətbiqi ön plana çıxır. Beləliklə, İnalcıkın müqayisəli təhlili əsərdə ədalətin yalnız hökmdarın mənəvi keyfiyyəti deyil, həm də dövlət hakimiyyətini tənzimləyən hüquqi prinsip kimi əhəmiyyətini üzə çıxarır. (İnalcık, 1966, B bölməsi).
Tədqiqatda xalqın rifahının təmin edilməsi məsələsi də xüsusi yer tutur. İnalcık qədim türk xaqanlarının xalqı qorumaq, onun maddi ehtiyaclarını ödəmək və yoxsulluğun qarşısını almaq vəzifəsini dövlətçilik ənənəsinin mühüm xüsusiyyətlərindən biri kimi qiymətləndirir. O, bu prinsipin “Qutadqu bilik”də daha geniş ictimai məzmun qazandığını göstərir. Əsərin 5560-5567-ci beytlərinə əsaslanan alim Yusif Has Hacibin cəmiyyəti varlı, orta vəziyyətli və yoxsul təbəqələrə ayırdığını, hökmdarın ilk növbədə yoxsulları himayə etməli, varlıların iqtisadi yükünün orta təbəqənin üzərinə qoyulmasına yol verməməli və elə şərait yaratmalı olduğunu bildirir ki, yoxsullar orta rifah səviyyəsinə yüksəlsin, orta vəziyyətlilər isə varlansınlar. İnalcıkın bu məsələyə dair qənaəti xüsusilə diqqətəlayiqdir. Onun fikrincə, Yusif Has Hacib xalqın rifahı və dövlətin iqtisadi qüdrəti haqqında Hind-İran siyasi düşüncəsində formalaşmış təsəvvürlərlə türk dövlətçilik ənənəsindəki xalqı qoruma prinsipini uzlaşdırmışdır. Bu yanaşma “Qutadqu bilik”də sosial məsuliyyətin yalnız hökmdarın fərdi xeyirxahlığı kimi deyil, dövlət idarəçiliyinin mühüm vəzifəsi kimi başa düşüldüyünü göstərir.
İnalcık xalqın rifahı məsələsini təhlil edərkən “Qutadqu bilik”də dövlətin iqtisadi qüdrətinin təmin olunması ilə sərvətin bölüşdürülməsi arasında əlaqəyə də diqqət yetirir. Alim göstərir ki, əsərin 5459-5464-cü beytlərində xəzinənin hakimiyyətin maddi dayağı kimi əhəmiyyəti vurğulanır. Bununla yanaşı, 5479-5490-cı beytlərdə Öydülmiş hökmdara xəzinəsini açmağı, sərvətini paylamağı və ətrafındakı insanları məmnun etməyi tövsiyə edir. Əsərin 2050-2056-cı beytlərində isə hökmdarın səxavətli olması, sərvətini bölüşdürməsi və insanları yedirib-içirməsi onun nüfuzunun artması, ətrafında döyüşçülərin toplanması və hərbi qüdrətinin möhkəmlənməsi ilə əlaqələndirilir. İnalcıkın müqayisəli təhlilində bu fikirlər xəzinənin toplanması ilə onun hakimiyyətin möhkəmləndirilməsi məqsədilə istifadə olunması arasındakı münasibəti əks etdirir (İnalcık, 1966, B bölməsi).
Xalqın rifahı mövzusunu İnalcık toy və ümumi süfrə ənənəsi ilə də əlaqələndirir. O, qədim türk hökmdarının xalqı yedirtmək, geyindirmək və onun maddi ehtiyaclarını təmin etmək vəzifəsini Orxon abidələrinə əsaslanaraq izah edir. Alim bu ənənənin sonrakı türk dövlətlərində müxtəlif formalarda davam etdiyini Nizamülmülkün, İbn Bəttutənin əsərlərinə və Osmanlı tarixçilərinin məlumatlarına istinadla göstərir. Onun təhlilinə görə, toy ənənəsi bütün tarixi dövrlərdə eyni sosial funksiya daşımamış, İran dövlətçilik təsirinin üstünlük təşkil etdiyi bəzi mühitlərdə daha çox simvolik xarakter almışdır. Bununla belə, Mərkəzi Asiya türk cəmiyyətlərində həmin ənənə öz əhəmiyyətini qoruyub saxlamışdır. İnalcıkın qənaətinə görə, Qaraxanlılar dövlətində şəhər həyatına əsaslanan ictimai-siyasi quruluş şəraitində bu ənənə “Qutadqu bilik”də daha geniş məzmun qazanmışdır. Belə ki, əsərin 5560-5567-ci beytlərində cəmiyyətin varlı, orta vəziyyətli və yoxsul təbəqələrə ayrılması, yoxsulların himayə edilməsi, orta təbəqənin yoxsullaşmasının qarşısının alınması və əhalinin maddi rifahının yüksəldilməsi hökmdarın mühüm vəzifələri kimi təqdim olunur. İnalcıkın bu müqayisəsi qədim türk dövlətçilik ənənəsində xalqın maddi ehtiyaclarının təmin edilməsi prinsipinin “Qutadqu bilik”də şəhər cəmiyyətinin sosial-iqtisadi münasibətlərinə uyğun olaraq daha geniş məzmun qazandığını göstərir (İnalcık, 1966, B bölməsi, toy ənənəsi və 5560-5567-ci beytlər).
İnalcıkın tədqiqatı “Qutadqu bilik”in pedaqoji məzmununun öyrənilməsi baxımından da əhəmiyyətlidir. Hərçənd müəllif əsəri bilavasitə pedaqoji tədqiqat obyekti kimi araşdırmır, onun müəyyənləşdirdiyi siyasi və əxlaqi prinsiplərdən çıxış edərək şəxsiyyətin mənəvi tərbiyəsi, bilik və davranışın vəhdəti, ictimai məsuliyyət və ədalətli münasibət kimi məsələləri pedaqoji müstəvidə təhlil etmək mümkündür. Bu baxımdan hökmdarın bilikli, ağıllı və mənəvi cəhətdən kamil olması haqqında tələblər yalnız dövlət başçısının vəzifə keyfiyyətləri ilə məhdudlaşmır. Həmin tələblər insanın öz davranışını idarə etməsi, başqalarına münasibətdə ədalətli olması və ictimai məsuliyyət daşıması kimi daha geniş tərbiyəvi məzmun daşıyır. Belə bir yanaşma “Qutadqu bilik”də biliklə əxlaqın, fərdi kamilliklə ictimai rifahın qarşılıqlı əlaqəsini araşdırmaq üçün nəzəri zəmin yaradır.
Burada pedaqoji nəticəni siyasi tarix haqqında müəllif mülahizəsindən fərqləndirmək zəruridir. İnalcıkın birbaşa araşdırdığı məsələ dövlətçilik ideyalarının mənşəyi və tarixi inkişafıdır. “Toy” ənənəsindən paylaşma və ictimai həmrəylik tərbiyəsi, “könilik”dən hüquqi-əxlaqi məsuliyyət, hökmdarın şikayət dinləməsindən isə ədalətli münasibət və hesabatlılıq kimi pedaqoji nəticələr çıxarmaq bu mətnin müəllifinə məxsus analitik şərhdir. Buna görə bu nəticələr İnalcıkın sözbəsöz mövqeyi kimi təqdim edilməməlidir.
Bununla yanaşı, İnalcıkın irəli sürdüyü mülahizələrin elmi qiymətləndirilməsində müəyyən metodoloji məqamlar nəzərə alınmalıdır. Əvvəla, “Qutadqu bilik”lə Hind-İran siyasi-əxlaqi mətnləri arasında ideya oxşarlıqlarının mövcudluğu hər bir halda birbaşa ədəbi təsirin sübutu kimi qəbul edilməməlidir. Belə əlaqələrin müəyyənləşdirilməsi üçün tarixi-mədəni təmaslarla yanaşı, mətnoloji uyğunluqların və anlayışların məna xüsusiyyətlərinin ayrıca araşdırılması vacibdir.
Digər tərəfdən, qədim türk və İran dövlətçilik ənənələri arasındakı fərqlər mütləq qarşıdurma kimi qiymətləndirilməməlidir. Hər iki mədəniyyətdə ədalət, qanun, hökmdarın mənəvi məsuliyyəti və xalqın rifahı haqqında təsəvvürlərin mövcudluğu nəzərə alınmalıdır. İnalcıkın müqayisəli yanaşmasının əhəmiyyəti də məhz müxtəlif siyasi ənənələr arasında oxşarlıqların və fərqli vurğuların müəyyənləşdirilməsindədir. Məqalənin diqqətəlayiq cəhətlərindən biri müəllifin “Qutadqu bilik”i türk mədəniyyətinin davamlılığını göstərən mühüm qaynaq kimi qiymətləndirməsidir. İnalcık əsərin məzmununda başqa mədəniyyətlərin təsirini müəyyənləşdirməklə yanaşı, onun türk dilində yaradılmış siyasi-fəlsəfi düşüncə nümunəsi kimi əhəmiyyətini də vurğulayır. Alim Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri ilə birlikdə “Qutadqu bilik”i islam mədəniyyəti dairəsinə daxil olmuş türk cəmiyyətlərində qədim Mərkəzi Asiya türk mədəniyyətinin davamlılığını araşdırmaq üçün zəngin mənbələrdən biri hesab edir.
Mədəni təsirin mümkün ötürülmə yolları da ayrıca qiymətləndirilməlidir. İnalcık Qaraxanlıların Samanilərin güclü İran mədəni ənənəsi ilə təmasda olduğunu göstərməklə yanaşı, uyğur yazılı mühitində Sanskrit dilindən türk dilinə edilmiş tərcümələrin mümkün rolunu da qeyd edir. Onun ehtimalına görə, Hind siyasi ideyalarının bir qismi yalnız İran vasitəsilə deyil, uyğur mədəniyyəti yolu ilə də tanınmış ola bilərdi. Lakin bu ehtimal konkret bir mətnin Yusif Has Hacib tərəfindən oxunduğunu sübuta yetirmir. Müəllifin vurğuladığı başqa bir xüsusiyyət isə “Qutadqu bilik”in abstrakt siyasi-fəlsəfi mövzularını azsaylı ərəb-fars mənşəli terminlər istisna olmaqla zəngin türk dili vasitələri ilə ifadə etməsidir. (İnalcık, onlayn mətn, “A” bölməsinin sonu.)
Halil İnalcıkın “Qutadqu bilik” haqqında tədqiqatı əsərin tarixi-fəlsəfi mahiyyətinin və ideya qaynaqlarının öyrənilməsinə mühüm elmi töhfədir. Onun müqayisəli təhlili göstərir ki, Yusif Has Hacibin əsərində qədim türk dövlətçilik ənənələri ilə Hind-İran siyasi-əxlaqi düşüncəsi arasında mürəkkəb ideya əlaqələri mövcuddur. Bu əlaqələr əsərin orijinallığını inkar etmir, əksinə, müxtəlif intellektual ənənələrin türk dilində yeni məzmun və sistem daxilində ifadə olunması baxımından onun elmi-fəlsəfi əhəmiyyətini daha geniş müstəvidə qiymətləndirməyə imkan yaradır.
İnalcık məqaləsinin sonunda “Qutadqu bilik”lə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini islam mədəniyyəti çevrəsinə daxil olmuş türk toplumlarında qədim Mərkəzi Asiya mədəni irsinin davamını araşdırmaq üçün xüsusilə zəngin qaynaqlar hesab edir. Bu fikirdən çıxan gələcək tədqiqat vəzifəsi yalnız mətnlərdə oxşar ifadələri toplamaq deyil, siyasi terminləri, ictimai təsisatları, hüquq və idarəçilik anlayışlarını tarixi mühitlərinə görə müqayisə etməkdir. Belə yanaşma əsərin mənşəyini tək bir təsir mənbəyinə bağlamadan, onun çoxqatlı intellektual quruluşunu daha əsaslı izah etməyə kömək edə bilər. (İnalcık, onlayn mətn, məqalənin nəticə hissəsi.)
İnalcıkın tədqiqat nəticələri “Qutadqu bilik”də şəxsiyyət və mənəvi tərbiyə, dövlətçilik düşüncəsi, ağıl və bilik, sosial məsuliyyət və ədalət prinsiplərinin daha dərindən araşdırılması üçün də mühüm nəzəri əsas təşkil edir. Xüsusilə kut, törü, ədalət və xalqın rifahı anlayışlarının qarşılıqlı əlaqəsi əsərdə ifadə olunan türk pedaqoji düşüncəsinin tarixi-fəlsəfi əsaslarının müəyyənləşdirilməsi istiqamətində yeni araşdırma imkanları yaradır.
Mənbə, istinad və redaktə qeydi: Halil İnalcık, “Kutadgu Bilig’de Türk ve İran Siyaset Nazariye ve Gelenekleri”, 1966; istifadə edilən elektron mətn: https://www.kirmizilar.com/kutadgu-bilig-de-turk-ve-iran-siyaset-nazariye-ve-gelenekleri/ (baxış: 14.11.2026). Elektron mətndə ilkin nəşrin səhifə sərhədləri göstərilmədiyinə görə əlavələrdə dəqiq çap səhifəsi deyil, məqalənin bölməsi və beyt nömrələri göstərilmişdir. Məqalə Şirvan şəhər 11№-li tam orta ümumtəhsil məktəbinin müəllimi, tarixçi Seyyub Əsədov tərəfindən redaktə edilmişdir.
Böyükağa Mikayıllı,
Təhsil tədqiqatçısı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi
Kautiliya (Kautilya) - qədim Hindistanın siyasi mütəfəkkiri və dövlət idarəçiliyi nəzəriyyəçisi Çanakyanın digər adıdır. O, ənənəvi olaraq dövlətçilik, iqtisadiyyat, hüquq və idarəçilik məsələlərindən bəhs edən “Arthaşastra” əsərinin müəllifi hesab olunur. Kautiliyanın siyasi düşüncəsində dövlətin yeddi əsas ünsürü, hökmdarın vəzifələri, qanunun aliliyi, ədalətli idarəçilik və xalqın rifahının qorunması mühüm yer tutur. Halil İnalcık “Qutadqu bilik”i təhlil edərkən Kautiliyanın adı ilə bağlı siyasi nəzəriyyəyə müraciət edərək qədim Hind dövlətçilik düşüncəsi ilə Yusif Balasaqunlunun əsərindəki idarəçilik prinsipləri arasında ideya paralellərini göstərir.