Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oktyabrın 21-dən 22-nə keçən gecə Orionid meteor yağışı maksimum həddə çatacaq. Əlverişli şəraitdə saatda 10–20 meteor müşahidə etmək mümkün olacaq. Lakin Ayın parlaq işığı zəif meteorların görünməsini çətinləşdirə bilər.
Orionidlər Yer kürəsinin Halley kometasının kosmosda buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. Hissəciklər atmosferə saniyədə təxminən 66 kilometr sürətlə daxil olaraq qızır və səmada parlaq işıq izləri yaradır.
Meteor yağışı oktyabrın əvvəlindən noyabrın ilk həftəsinə qədər aktiv olur. Müşahidə üçün şəhər işıqlarından uzaq, qaranlıq məkan seçmək tövsiyə edilir. Meteorlar Orion bürcünün yaxınlığından yayılırmış kimi görünsə də, səmanın müxtəlif hissələrində görünə bilər. Ən yaxşı müşahidə imkanı sübhə yaxın yarana bilər.
Günəş ətrafında təxminən 75–76 ilə bir dövrə vuran Halley kometası sonuncu dəfə 1986-cı ildə Yerə yaxınlaşıb. Onun 2061-ci ildə yenidən görünəcəyi gözlənilir. Orionid meteor yağışı isə hər il kometanın geridə qoyduğu hissəciklər sayəsində müşahidə olunur.
Hazırladı:
S.Rzayeva
XQ