Halloween ə niyə bu qədər əsəbiləşirik? Gənclər sadəcə əylənmək istəyir...

02.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Hər il Halloween bayramı yaxınlaşanda eyni mənzərə ilə qarşılaşırıq. Gənclər maskalanır, maraqlı obrazlara girir, fərqli geyimlər geyinir, şəkillər çəkdirir, əylənir. Amma bütün bunları görən bəzi insanlar sanki böyük bir təhlükə ilə üzləşmiş kimi qəzəblənirlər. Sosial şəbəkələrdə tənqidlər, qınaqlar, ittihamlar başlayır:

“Bu, bizim bayramımız deyil”, “Bizim adət-ənənələrimizə ziddir”, “Niyə özgə mədəniyyətini təbliğ edirsiniz?”

Bəs niyə bu qədər əsəbiləşirik?

Axı ortada nə faciə var, nə də kiminsə hüququnun pozulması. Bir qrup gənc bir günlüyə fərqli görünmək, sevdiyi film qəhrəmanının obrazına girmək, dostları ilə vaxt keçirmək, gülmək və əylənmək istəyir. Bunun nəyi pisdir?

Bəli, Halloween bizim milli bayramımız deyil. Bizim tariximizdən, folklorumuzdan gəlmir. Amma dünyada qeyd olunan hər bayramın mütləq bizim milli kimliyimizə aid olması vacibdirmi? İnsan yalnız öz xalqının yaratdığı mədəniyyət nümunələri ilə əylənməlidirmi?

Mədəniyyətlər bir-birindən öyrənir, təsirlənir, qarşılıqlı əlaqədə inkişaf edir. Bu gün dinlədiyimiz musiqilərin, izlədiyimiz filmlərin, geyindiyimiz paltarların, istifadə etdiyimiz texnologiyaların böyük hissəsi başqa ölkələrdən gəlir. Bəs onda niyə məhz Halloween məsələsində bu qədər sərt və dözümsüz oluruq?

Ən maraqlısı odur ki, biz bəzən gənclərin əylənməsinə belə şübhə ilə yanaşırıq. Sanki gənclik yalnız ciddi olmaqdan, qaydalara əməl etməkdən, başqalarının gözləntilərinə uyğun yaşamaqdan ibarət olmalıdır. Halbuki gənclik həm də eksperimentdir, rəngarənglikdir, özünüifadədir, bəzən qəribə görünmək, bəzən də sadəcə mənasız görünən bir şeyə ürəkdən gülməkdir.

Heç kim demir ki, Halloween bizim milli bayramımızdır. Heç kim Novruz tonqalını söndürməyi, milli adət-ənənələrimizi unutmağı təklif etmir. Öz mədəniyyətimizi sevmək başqalarının mədəniyyətinə nifrət etməyi tələb etmir. Milli kimlik də başqa mədəniyyətlərə qapıları bağlamaqla qorunmur.
Əslində, narahat olmalı olduğumuz məsələ gənclərin Halloween-də maskalanması deyil. Narahat olmalı olduğumuz məsələ onların niyə öz ölkələrində sərbəst əylənməkdən, fərqli görünməkdən, başqalarının qınağına məruz qalmadan özlərini ifadə etməkdən çəkinməli olmasıdır.

Bir az rahat olaq. Qoy gənclər əylənsinlər, gülsünlər, maskalansınlar, şəkil çəkdirsinlər. Həyat onsuz da kifayət qədər ciddidir. Hər şeydən problem, hər fərqlilikdən təhlükə, hər əyləncədən mənəvi böhran çıxarmağa ehtiyac yoxdur.

Özgə bayramıdırsa, qeyd etməyə bilərik. Amma qeyd edənlərin də sevincinə kölgə salmayaq. Gənclik onsuz da bir dəfə yaşanır.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью