Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hamiləlikdən əvvəl sağlamlıq vəziyyətini yoxlamaq həm ana, həm də döl üçün vacibdir”
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, hamiləliyin əvvəlcədən planlaşdırılması həm ananın sağlamlığı, həm də dölün inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hamiləlik planlayan qadın öncədən öz sağlamlıq vəziyyəti barədə məlumatlı olmalıdır.
R.İsayeva tövsiyə edib ki, hamiləlikdən əvvəl qadın mama-ginekoloqa müraciət edərək müvafiq müayinələrdən keçsin. Buraya ultrasəs müayinəsi, qan qrupunun müəyyənləşdirilməsi və zərurət olduqda hormonal müayinələr daxildir.
“Əgər qadının əvvəlcədən hər hansı xroniki xəstəliyi varsa və ya ümumiyyətlə sağlamlıq vəziyyəti barədə məlumatı yoxdursa, hamiləlik başlamadan əvvəl mama-ginekoloqa müraciət etməsini tövsiyə edirəm”, - deyə həkim vurğulayıb.
Mama-ginekoloq qeyd edib ki, qadının reproduktiv sağlamlığı ilə yanaşı, digər orqan və sistemlərlə bağlı vəziyyəti də qiymətləndirilməlidir. Bunun üçün terapevt müayinəsindən keçmək və hər hansı xəstəlik aşkarlanarsa, hamiləlikdən əvvəl müalicəsini aparmaq tövsiyə olunur.
Onun sözlərinə görə, hamiləliyə sağlam vəziyyətdə başlamaq hamiləliyin gedişatına müsbət təsir göstərməklə yanaşı, həm ananın sağlamlığı, həm də sağlam dölün dünyaya gəlməsi baxımından əhəmiyyətlidir.
Zeynəb Rzayeva