Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“Bu nömrə müvəqqəti olaraq şəbəkə xaricindədir”, “Telefon ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır”...
Cib telefonlarında eşitdiyimiz bu sözlər yəqin ki, hamımıza tanışdır. Elə isə gündəlik həyatımızın nə qədərini ilahi əhatə dairəsində keçiririk? O əhatə dairəsinə can ataraq nəfsimizi cilovlaya bilirikmi? Həmişə bu əhatə dairəsində olmaq üçün hansı “mobil operator”dan və ya hansı “telefon”dan istifadə etməliyik?
Əslində biz həmişə əhatə dairəsindən kənara çıxa bilməyəcəyimiz mənəvi bir sistemin nəzarəti altındayıq. Harada oluruqsa olaq, nə ediriksə edək, etdiyimiz bütün hərəkətlər, düşündüyümüz bütün fikirlər bu əhatə dairəsindədir. Bir də ürək və beyinlərimizdən çıxan görünməz şüalarla ilahi arxivlərin tutulduğunu, “hard-disklərin” tərtib edildiyini necə unutmaq olar?
Quran bu yazılarla qarşılaşan insanın heyrət və təəccübünü belə ifadə edir: “(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (O zaman) günahkarların orada yazılanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitabdır! O bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını yazmışdır!” Onlar (dünyada) etdikləri bütün əməlləri (öz qarşılarında) hazır görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaq!) (18/49)”.
Ən kiçik bir detalı belə gözdən qaçırmayan bu sistemin bütün kainatda əhatə etmədiyi bir saniyə belə yoxdur. Çünki o çətin hesab günündə hər şey dilə gələrək danışmağa, şahidlik etməyə başlayacaq. Bir də laboratoriyaya girən bir tük və ya bir barmaq izi dünyada danışdığı halda, hesab günündə necə danışmaya bilər?!
İstəsəniz də, Allahın əhatə dairəsindən kənara çıxa bilməzsiniz. Bir də bütün “ötürücülər” durmadan Allahın varlığını hayqırdıqları halda, “qəbuledicilər”ini bağlayaraq əhatə dairəsindən kənarda qalmağa çalışmaq nə qədər doğrudur? Və ya bu zəhmətə qatlaşanların nəsibi boş bir gümandan başqa bir şey olmayacaqmı?..
Madam ki, bu Səltənətin sərhədləri içərisində yaşayırıq, o halda Sahibinin əmrlərinə riayət etməli, Onun rizasına aparacaq yolları axtarmalıyıq.
Murad Məmmədov