Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rəqəmsal dünya instinktlərimizi aldadaraq bizə bu gün süni həzz, sabah isə daha keyfiyyətsiz həyat təklif edir. Süni intellektin meydana çıxması isə bu aldadıcı mexanizmi yeni yaşayış mühitimizə çevirə bilər.
1940-cı illərdə bioloq Niko Tinbergen maraqlı bir təcrübə aparmışdı. O, sağsağan cüllütünün yuvasına gipsdən hazırlanmış, həqiqi yumurtadan bir neçə dəfə böyük olan süni yumurta qoymuşdu. Quş öz yumurtalarını deyil, nəhəng saxta yumurtanı seçmişdi. Hətta onun üzərində güclə tarazlığını saxlayaraq kürt yatmağa çalışmış, öz həqiqi yumurtalarını isə tamamilə diqqətdən kənarda qoymuşdu.
Əslində, quş milyonlarla il ərzində əcdadlarının sağ qalmasına kömək edən instinktə uyğun hərəkət edirdi: o, ən böyük yumurtanı seçmişdi. Lakin bu dəfə həmin instinkt onun özünə qarşı işləyirdi.
Aradan səksən il keçib. İndi insanlar da özlərini həmin quşun vəziyyətində tapıblar. Ancaq bizim vəziyyətimiz daha acınacaqlıdır: çünki insan özü bu cür tələləri yaradır, sonra isə onları başqalarına sataraq böyük pullar qazanır.
Noyabrın 5-də The New York Times qəzetində dərc olunan essesində psixoloq Ancelə Dakvort müasir sivilizasiyanın vəziyyətinə olduqca dəqiq diaqnoz qoyur.
Etologiyada belə aldadıcı vasitələrə “supernormal stimullar” deyilir. Bunlar təkamül prosesində formalaşmış instinktlərimizin həssas olduğu siqnalları süni şəkildə şişirdərək təqdim edir. Nəticədə saxta stimul insana və ya heyvana təbii, həqiqi orijinaldan daha cəlbedici görünməyə başlayır.
Beləliklə, XXI əsrin üçüncü onilliyinin ortalarına doğru özümüzü bu cür saxta cazibələrlə dolu bir dünyada tapmışıq.
Birincisi, qida. İnsan orqanizminin şəkərə, duza və yağa olan təkamül mənşəli meyli ultraemal olunmuş qida sənayesinin əsas qazanc mənbəyinə çevrilib. Bu məhsullar maksimum həzz yaratmaq və insanı yenidən onlara qayıtmağa sövq etmək üçün xüsusi şəkildə hazırlanır.
İkincisi, informasiya. İnsanların maraq hissi və ətrafında baş verənləri izləmək, sosial qrupdan xəbərdar olmaq ehtiyacı sonsuz, fərdi zövqlərə uyğunlaşdırılmış videolar vasitəsilə istismar edilir. Rəqəmsal mədəniyyət üzrə tədqiqatçı Kal Nyupor TikTok videolarını “rəqəmsal Doritos” adlandırıb. Doritos ABŞ-da məşhur qarğıdalı çipsləridir. Onların dadı elə sənaye üsulu ilə gücləndirilir ki, insan birini yedikdən sonra digərini də yemək istəyir. TikTok da eyni mexanizmlə bizim diqqətimizi istismar edir.
Üçüncüsü, gözəllik. İnsanların sağlamlıq və gənclik əlamətlərinə instinktiv üstünlük verməsi süni şəkildə şişirdilmiş dodaqların, gözlərin, üz cizgilərinin və bədənin digər hissələrinin yarışına çevrilib. Təbii gözəllik anlayışı getdikcə süni standartların kölgəsində qalır.
Dördüncüsü, qumar və mərc oyunları. Qeyri-müəyyən mükafat gözləntisi ilə bağlı qədim psixoloji mexanizmlər artıq gecə-gündüz fəaliyyət göstərən mərc tətbiqlərinin xidmətindədir. Onlayn kazinolardan tutmuş müxtəlif hadisələrə dair proqnoz bazarlarına qədər hər şey insanın gözləmə, ümid və risk hissini istismar edir.
Amma ən maraqlı məqam, həmişə olduğu kimi, beşinci bənddədir.
Beşincisi – süni intellekt.
Dakvortun fikrincə, süni intellekt indiyədək yaradılmış bütün texnologiyalar arasında ən güclü “ultraemal vasitəsinə” çevrilir.
İnsan təkamül nəticəsində insan üzünə, səsinə, diqqətinə və mərhəmət ifadələrinə etibar etməyə proqramlaşdırılıb. İndi isə maşınlar bütün bu siqnalları heyrətamiz dərəcədə inandırıcı şəkildə təqlid etməyi öyrəniblər.
Ayrı-ayrı tədqiqatlarda süni intellekt tərəfindən yaradılan insan üzləri həqiqi insan üzlərindən daha etibarlı təsir bağışlayıb. Süni intellektin xəstələrə verdiyi cavablar həkimlərin cavablarından daha empatik qəbul edilib. Bəzən maşın tərəfindən yazılan mətnlər oxuculara insanların yazdığı mətnlərdən daha səmimi və insani görünüb.
Məncə, bu, saxta məzmunla rəqəmsal asılılığın insan beynini sözün əsl mənasında ələ keçirə biləcək təhlükəli qarışığını yaradır.
Əvvəllər supernormal stimul hazır vəziyyətdə olan bir tələ idisə, indi o, konkret insana uyğunlaşa, onun reaksiyalarını öyrənə, zəif nöqtələrini müəyyənləşdirə və öz təsir gücünü fasiləsiz artıra bilər.
Başqa sözlə, saxta yumurtalar artıq onları cəlb etdikləri quşları öyrənməyi və bu biliklər hesabına daha effektiv tələlər qurmağı bacarırlar.
Yarım əsr əvvəl filosof Robert Nozik maraqlı bir düşüncə eksperimenti irəli sürmüşdü. O, bunu “həzz maşını” adlandırırdı. Bu, Struqatski qardaşlarının “Yırtıcı şeylər əsri” əsərindəki “sleg”i xatırladan bir ideyadır.
Təsəvvür edin ki, qarşınızda sizə istədiyiniz bütün hissləri yaşada bilən bir maşın var. Böyük sevgi, yaradıcılıq uğuru, zəfər, xoşbəxtlik və həyatın bütün gözəllikləri… Bu maşına həmişəlik qoşulmağa razı olardınızmı?
Nozik idealist və romantik idi. O, insanların əksəriyyətinin bu təklifi rədd edəcəyini düşünürdü. Çünki insan üçün sadəcə hansısa hissləri yaşamaq deyil, həqiqətən yaşamaq, fəaliyyət göstərmək, nəyəsə nail olmaq və öz həyatının sahibi olmaq vacibdir.
Amma Dakvort idealizmdən və romantik yanaşmadan uzaqdır. Onun fikrincə, həzz maşınını artıq ixtira etməyə ehtiyac yoxdur. Çünki biz elə onun içində yaşayırıq.
Mənim də bu məsələyə əlavə edəcəyim bir neçə fikrim var. Və kim nədən danışırsa, mən də yenə süni intellektdən danışacağam.
Təhlükə təkcə ondadır ki, alqoritmlər bizim əvəzimizə nə istədiyimizi müəyyənləşdirəcək. Daha qorxulusu isə budur ki, biz özümüz də səmimi şəkildə məhz onların bizə təlqin etdiyi şeyləri istəməyə başlayacağıq.
Yəni bir gün seçimimizin əlimizdən alındığını belə hiss etməyəcəyik. Çünki artıq nəyi istəməli olduğumuz əvvəlcədən müəyyənləşdirilmiş olacaq.
Bəs bu alqoritmik-koqnitiv dünyada seçim azadlığından nə qalacaq? Əgər insanın arzularını, istəklərini və meyillərini idarə edən mexanizmin özü supernormal stimullar vasitəsilə mühəndislik layihəsinə çevrilirsə, onda biz həqiqətən öz seçimlərimizi edirik, yoxsa kimsə bizim əvəzimizə seçim etməyi öyrənib?
Ən böyük təhlükə də elə budur: insan azadlığını itirdiyini yalnız seçim etmək istədiyi şeylərin də əvvəlcədən onun üçün seçildiyini anlayanda dərk edə bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
Müəllif: Sergey Karelov