525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Üzeyir ŞƏFİYEV
BDU-nun Sosial iş kafedrasının müdiri, dosent
Tarixdə insanlar heç vaxt bir-birinə indiki qədər yaxın, eyni zamanda bir-birindən bu qədər uzaq olmayıblar. Tənhalıq bəşəriyyətin ən qədim emosional sınaqlarından biri olsa da, onun forması, miqyası və cəmiyyətə təsiri zaman-zaman köklü şəkildə dəyişib. Dünənin tənhalığı əsasən fiziki təcrid və coğrafi uzaqlıqla bağlı idisə, bu günün tənhalığı daha çox kütlələrin içində, virtual aləmdə yaşanan emosional yadlaşma ilə səciyyələnir. Ənənəvi cəmiyyətlərdə insan təkbaşına sağ qala bilməzdi; yaşamaq kollektiv əməkdən və icmanın dəstəyindən asılı idi. İnsanlar geniş ailələrdə və ya sıx qonşuluq münasibətlərinin mövcud olduğu kəndlərdə yaşayırdılar. Ətrafında hər zaman dərdini bölüşə biləcəyi birini tapmaq mümkün idi.
Keçmişdə tənhalıq filosoflar, zahidlər və sənətkarlar tərəfindən daxili hüzura, yaradıcılığa və Tanrıya yaxınlaşmağa imkan verən bir vasitə - müsbət təklik kimi də dəyərləndirilirdi. Müasir dünyada isə insanın gündəlik ehtiyaclarını ödəmək üçün fiziki baxımdan başqalarına möhtaclığı azalıb. İnternet vasitəsilə evdən çıxmadan işləmək, qida sifariş etmək, alış-veriş etmək mümkündür. Lakin bu rahatlıq müəyyən psixoloji problemləri də dərinləşdirib. Sosial şəbəkələrdə yüzlərlə "dostu" və ya izləyicisi olan insanlar real həyatda dərdini bölüşə biləcəyi bir adamın yoxluğundan əziyyət çəkirlər. Virtual bəyənmələr real emosional yaxınlığı əvəz edə bilmir. İnternet və kompüter oyunları tənhalığı gizlətmək üçün qalxana çevrilsə də, uzunmüddətli perspektivdə insanı cəmiyyətdən daha da uzaqlaşdıra, psixoloji gərginliyi artıra bilər.
Tənhalıq o qədər kütləviləşib ki, bəzi ölkələrdə onunla mübarizə dövlət siyasətinin ayrıca istiqamətinə çevrilib. Böyük Britaniya və Yaponiya bu sahədə xüsusi məsul nazir vəzifəsi təsis edən ölkələrdəndir. Böyük Britaniyada bu addım deputat Co Koksun ölümündən sonra onun təşəbbüsü ilə yaradılmış Tənhalıq Komissiyasının araşdırmaları və tövsiyələri əsasında 2018-ci ildə atılıb. Komissiyanın hesabatlarında milyonlarla insanın tənhalıqdan əziyyət çəkdiyi, problemin həm ictimai sağlamlığa, həm də iqtisadiyyata ciddi təsir göstərdiyi vurğulanıb. Yaponiyada isə COVID-19 pandemiyasının gücləndirdiyi sosial təcrid və digər sosial problemlər hökuməti daha fəal tədbirlər görməyə sövq edib. 2021-ci ildə tənhalıq və sosial təcrid məsələləri üzrə xüsusi məsul nazir təyin olunub, müvafiq dövlət qurumlarının fəaliyyətini əlaqələndirən mexanizm yaradılıb.
Almaniya, Danimarka və İsveçdə də tənhalıqla mübarizə üçün müxtəlif dövlət və ictimai təşəbbüslər həyata keçirilir. Şəhərsalma siyasətində insanların bir-biri ilə daha çox ünsiyyət qura biləcəyi ortaq məkanların yaradılması təşviq olunur. Bəzi ölkələrdə isə həkimlər pasiyentlərə dərman əvəzinə sosial fəaliyyətlərə qatılmağı tövsiyə edən "sosial reseptlər" yazırlar.
ABŞ-ın baş cərrahı Vivek Murthy də tənhalığı "milli epidemiya" adlandıraraq onun ictimai sağlamlıq üçün yaratdığı təhlükəyə diqqət çəkib. Onun 2023-cü ildə yayımladığı hesabatda sosial əlaqələrin zəifliyinin vaxtından əvvəl ölüm riski baxımından gündə 15 siqaret çəkməklə müqayisə edilə biləcək təhlükə yaratdığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı da 2023-cü ilin noyabrında Sosial Əlaqələr üzrə Komissiya yaradıb. Komissiyanın 2025-ci ildə dərc etdiyi geniş hesabatda tənhalıq və sosial təcridin qlobal miqyası, sağlamlığa təsirləri və mübarizə yolları araşdırılıb.
Dövlət Statistika Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatlarına əsasən, Azərbaycanda qeydiyyatda olan və dövlət tərəfindən evlərində sosial xidmət göstərilən tənha ahılların sayı təxminən 3600 nəfərdir. Tamamilə tənha, özünəqulluq qabiliyyəti olmayan və dövlət müəssisələrində daimi himayəyə götürülən ahılların sayı isə 213 nəfərdir. Statistikada qeyd olunan "rəsmi tənha ahıl" statusu - hüquqi baxımdan yaxın qohumu və ya baxıcısı olmayan şəxslər - reallıqdakı emosional və sosial tənhalığın miqyasını tam əks etdirmir.
BMT-nin Əhali Fondu və London Universitet Kollecinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda altı ölkə və ərazini, o cümlədən Azərbaycanı əhatə edən araşdırmasının nəticələrinə görə, sorğuda iştirak edən yaşlı insanların 79 faizi ən azı orta dərəcədə, 18 faizi isə kəskin şəkildə tənhalıq yaşayır. Bu göstəricilər yalnız Azərbaycana aid deyil, regional sorğunun ümumi nəticələridir. Araşdırmada tənhalıqla əlaqəli amillər sırasında ailə və dost çevrəsinin kiçik olması, sosial dəstəyin çatışmazlığı, eşitmə çətinlikləri və insanın özünü sevilən hiss etməsinə imkan verən münasibətlərin azlığı göstərilir. Azərbaycanda da ənənəvi geniş ailə modelindən nüvə ailə modelinə keçid, gənc nəslin urbanizasiya nəticəsində başqa şəhərlərə və ölkələrə köçməsi yaşlı insanların sosial təcridini dərinləşdirə bilən amillərdəndir.
Ölkəmizin rəsmi demoqrafik və tibbi statistikasında "evində tənha vəfat edənlərin sayı" adlı ayrıca göstərici qeydə alınmır. Bununla belə, Fövqəladə Hallar Nazirliyinin gündəlik məlumatlarında mənzildə köməksiz vəziyyətdə qalma və ya yaxınlarının zənglərə cavab verməməsi ilə bağlı hadisələrə rast gəlinir. Nazirliyin "112" qaynar xəttinə daxil olan müraciətlər əsasında xilasedicilərin mənzillərin qapılarını açması nəticəsində tənha halda dünyasını dəyişmiş insanlara da rast gəlinir. Onların arasında tanınmış sənət adamları da olub. Bu məlumatlar problemin miqyası barədə müəyyən təsəvvür yaratsa da, tənha ölümlərin rəsmi statistikası kimi qəbul edilə bilməz.
Belə hallar ölkəmizdə sosial işçilərin və könüllülərin iştirakı ilə tənha ahıllara dəstək layihələrinin yaradılmasını zəruri edir. Bu cür təşəbbüslər çərçivəsində könüllülər yaşlı insanlarla mütəmadi əlaqə saxlaya, onların gündəlik ehtiyaclarını müəyyənləşdirə, vaxtında yardım göstərilməsinə və diqqətdən kənarda qalmamalarına kömək edə bilərlər.
Bütövlükdə götürəndə Azərbaycanda ailə bağlarının, qonşuluq münasibətlərinin hələ də nisbətən sıx olması, yaşlıların əksər hallarda övladları və ya yaxın qohumları ilə eyni evdə, yaxud yaxınlıqda yaşaması müəyyən qoruyucu amillərdir. Lakin bu amillər problemin ölkəmizdə mövcud olmadığı anlamına gəlmir.
Araşdırmalar göstərir ki, xroniki tənhalıq sadəcə pis əhval-ruhiyyə deyil, insanın fiziki sağlamlığına ciddi zərbə vuran amildir. O, depressiya və özünəqapanma riskini artırır, ürək-damar xəstəlikləri, insult və yüksək qan təzyiqi ehtimalını yüksəldir, immun sisteminin fəaliyyətinə mənfi təsir göstərir, insan ömrünü qısalda bilər.
Tənhalığın fəlsəfəsi və cəmiyyət
Dünənəcən tənhalıq insanın seçimi və ya bədbəxt təsadüf kimi qəbul edilirdisə, bu gün o, müasir cəmiyyətin getdikcə dərinləşən sosial və psixoloji problemlərindən birinə çevrilib. Tənhalıq sadəcə fərdi kədər və ya müasir dövrün psixoloji sıxıntısı deyil. O, mütəfəkkirlərin və cəmiyyətşünasların diqqət mərkəzində olan mürəkkəb fenomendir. Fəlsəfə tənhalığı insanın öz varlığını, azadlığını və daxili dünyasını kəşf etməsi prosesi kimi araşdırdığı halda, sosiologiya onu cəmiyyətin struktur dəyişikliklərinin, yadlaşmanın və sosial bağların qırılmasının nəticəsi kimi təhlil edir.
Fəlsəfə tənhalığa bir tərəfdən insanın qaçılmaz ekzistensial faciəsi, digər tərəfdən isə daxili zənginliyə aparan imkan kimi yanaşır. Ekzistensialist filosoflara görə, insan dünyaya tək gəlir və dünyadan tək də gedir. Ətrafımızda nə qədər insan olursa olsun, daxili dünyamızda hər zaman tam doldurulması mümkün olmayan bir boşluq qalır. Jan-Pol Sartrın məşhur "Cəhənnəm başqalarıdır" ifadəsi insanın başqalarının baxışı və mühakiməsi qarşısında öz azadlığını qorumaq çətinliyini göstərir. Sartrın fəlsəfəsində insan öz fərdiliyini dərk etdikcə başqaları ilə münasibətlərində müəyyən tənhalıq yaşayır. Albert Kamyuya görə, dünyanın mənasızlığını (absurdluğunu) dərk edən insan özünü cəmiyyətə və kainata yad hiss edə bilər. Martin Haydegger isə insanı dünyaya atılmış bir varlıq kimi təsvir edir. Onun fəlsəfəsində insanın öz həqiqi varlığını dərk etməsi üçün kütlənin gündəlik düşüncə və davranışlarından uzaqlaşması mühüm yer tutur.
Bütün filosoflar tənhalığı bədbəxtlik kimi qəbul etməyiblər. Onlar fiziki təcridlə şüurlu və yaradıcı təklik arasında fərq qoyublar. Fridrix Nitsşe üçün tənhalıq böyük zehinlərin sığınacağı, insanın özünü aşması və daxili potensialını üzə çıxarması üçün imkan idi. O, fərdin yaradıcılığını və fərqli düşüncəsini kütlənin təsirindən qorumağa çağırırdı. Nitsşenin "Zərdüşt belə deyirdi" əsərində bu düşüncə bədii ifadəsini tapır. Əsərdə Zərdüşt 30 yaşında evini və vətənini tərk edərək dağlara çəkilir və on il tək yaşayır. Bu təklik onun düşüncələrini dərinləşdirməsi, insanlara çatdıracağı fikirləri formalaşdırması üçün bir mərhələdir. Dağlarda keçirdiyi illərdən sonra Zərdüştün daxili dünyası elə bir müdrikliklə dolur ki, o, artıq bu işığı təkbaşına daşıya bilmir. Günəşə müraciətlə deyir: "Əgər nurunu saçdığın varlıqlar olmasaydı, sənin xoşbəxtliyin nədən ibarət olardı?" Zərdüşt dağdan enərək insanlara öz ideyalarını çatdırmağa başlayır, lakin kütlə onu anlamır, ona lağ edir. Nitsşe bununla göstərir ki, müdrik insanın ən böyük tənhalığı bəzən insanların arasında, kütlə tərəfindən anlaşılmadığı zaman başlayır. Zərdüştün dağdan enməsi tənhalığın yalnız özünəqapanma deyil, həm də insanlara qayıdaraq qazandığın düşüncəni bölüşmək mərhələsi ola biləcəyini göstərir.
Artur Şopenhauer isə insanları "kirpilərə" bənzədirdi. Kirpilər soyuqdan qorunmaq üçün bir-birinə yaxınlaşır, lakin tikanları bir-birinə batdığı üçün yenidən uzaqlaşırlar. Bu metafora insanların yaxınlıq ehtiyacı ilə bir-birinə zərər vermək təhlükəsi arasında yaşadığı ziddiyyəti ifadə edir. Şopenhauer daxili dünyası zəngin olan insanların cəmiyyətdən müəyyən qədər uzaq duraraq təklik seçməsini daha münasib yol hesab edirdi.
Sosiologiya tənhalığı yalnız insanın daxili problemi kimi deyil, cəmiyyətin yaratdığı və ya dərinləşdirdiyi vəziyyət kimi də qəbul edir. Cəmiyyət dəyişdikcə tənhalığın forması da dəyişir. Karl Marksın fikrincə, insanlar bir-birinə dost və həmfikir kimi deyil, rəqib kimi baxmağa başladıqda, əmək və ictimai münasibətlər insanı öz mahiyyətindən uzaqlaşdırdıqda sosial yadlaşma dərinləşir.
Emil Dürkheym cəmiyyətin sürətlə modernləşməsi və sənayeləşməsi nəticəsində ənənəvi dəyərlərin, dinin və ailə bağlarının zəiflədiyini qeyd edirdi. Bu vəziyyət cəmiyyətdə anomiya - mənəvi boşluq və normaların zəifləməsi - yarada bilər. İcma dəstəyindən məhrum olan və cəmiyyətə inteqrasiya edə bilməyən fərd özünü tənha və köksüz hiss edir. Dürkheymin araşdırmalarında sosial inteqrasiyanın zəifləməsi ağır nəticələr, o cümlədən intihar riski ilə əlaqələndirilir.
Müasir sosiologiyanın mühüm nümayəndələrindən olan Ziqmunt Bauman bugünkü cəmiyyəti "axıcı" adlandıraraq insan münasibətlərinin, evliliklərin və dostluqların sabitliyini itirdiyini, hər an "əriyib yox ola bilən" xarakter aldığını vurğulayır. Sosial media dövründə insanlar uzunmüddətli öhdəliklərdən qaçmağa meyillənə bilirlər. Baumana görə, bu gün insanlar real bağlar qurmaq əvəzinə, asanlıqla internetə qoşulub bir düymə ilə kəsilə bilən "əlaqələr" yaradırlar. Fəlsəfə bizə tənhalıqla necə yaşamağı və ondan necə güc almağı öyrədirsə, sosiologiya bu tənhalığın hansı sosial problemlərdən qaynaqlandığını göstərir və kollektiv həll yolları axtarır.
Nitsşenin təsvir etdiyi şüurlu tənhalıqla müasir cəmiyyətin üzləşdiyi arzuolunmaz təcrid arasında ciddi fərq var. Bu gün sosioloqlar "hiperəlaqəlilik paradoksu" adlandırıla biləcək bir vəziyyətlə qarşı-qarşıyadırlar: insan daim onlayndır, saysız-hesabsız əlaqələrə malikdir, amma eyni zamanda özünü tənha hiss edir.
Rəqəmsal əlaqələr, emosional uzaqlıq
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun professoru, klinik psixoloq Şeri Törkl karyerasının 30 ildən artıq dövrünü insanlar və texnologiya, xüsusilə kompüterlər, robotlar və sosial şəbəkələr arasındakı münasibətləri araşdırmağa həsr edib. O, internetin ilk illərində rəqəmsal dünyanın insanları azad edəcəyini düşünən optimistlərdən olsa da, sosial media həyatımıza daxil olduqca onun mümkün fəsadlarına daha tənqidi yanaşmağa başlayıb.
Törklün 2011-ci ildə nəşr olunan "Alone Together" ("Birlikdə tənha") əsərində insanların robotlarla, kompüterlərlə, sosial şəbəkələrlə və smartfonlarla münasibətlərinin tənhalığa təsiri araşdırılır. Tədqiqatçı qeyd edir ki, sosial şəbəkələr bizə hər an hamı ilə əlaqədə olduğumuz hissini, daha doğrusu, bu illüziyanı verir. Biz yüzlərlə "dost" qazanır, statuslar paylaşırıq, lakin bu ünsiyyət çox vaxt səthi xarakter daşıyır. Onun fikrincə, müasir cəmiyyətdə insanlar bir-biri ilə dərin ünsiyyət qurmaq əvəzinə, sadəcə "bağlantı" saxlayırlar.
Törkl kafedə oturan, lakin hər biri öz telefonuna baxan ailələri və dostları nümunə gətirir. İnsanlar fiziki olaraq eyni məkanda olsalar da, zehni və emosional baxımdan fərqli rəqəmsal dünyalarda yaşayırlar. Üstəlik, insanlar real vaxt rejimində telefonla danışmaqdan və ya üz-üzə ünsiyyətdən çəkinərək mesajlaşmağa üstünlük verirlər. Çünki real ünsiyyət gözlənilməz və müəyyən mənada risklidir. Mesajı isə göndərməzdən əvvəl redaktə etmək, silmək, özümüzü daha yaxşı təqdim etmək mümkündür. Beləliklə, münasibətlərimizi də rəqəmsal filtrlər vasitəsilə idarə etməyə çalışırıq.
Smartfonlar sayəsində, demək olar ki, heç vaxt tamamilə tək qalmırıq. Avtobus gözləyərkən, növbədə dayanarkən dərhal telefonu əlimizə alırıq. Halbuki təklikdən qaçmaq üçün hər dəfə ekrana üz tutmaq insanın öz düşüncələri ilə baş-başa qalmaq imkanını da məhdudlaşdırır. Törkl xəbərdarlıq edir ki, əgər tək qalmağı və özümüzlə baş-başa durmağı öyrənməsək, özümüzü itirə, başqa insanlara isə sadəcə tənhalığımızı dolduracaq bir "alət" kimi baxa bilərik. Texnologiya bizə heç vaxt tək qalmayacağımızı, hər zaman eşidiləcəyimizi vəd edir. Lakin bu vəd bizi bir-birimizə yaxınlaşdırmaq əvəzinə, real duyğulardan təcrid edə bilər.
Sosial media insanları öz həyatlarını yaşamaqdan daha çox, onu başqalarına nümayiş etdirməyə sövq edir. Bu isə fərdlərdə daimi qorxu (FOMO - fürsətləri qaçırmaq qorxusu) və rəqabət yaradır, onları öz həqiqi mənliklərinə yadlaşdırır. Nitsşenin tənqid etdiyi "sürü" düşüncəsi bu gün rəqəmsal formada meydana çıxır. Sosial şəbəkələrin alqoritmləri insanları kütləvi trendlərin, bəyənmələrin və rəqəmsal səs-küyün içinə çəkir. Nəticədə, insan çoxsaylı əlaqələr içində olsa da, mənəvi yaxınlıq və həqiqi ünsiyyət ehtiyacını ödəyə bilmir.
Təklikdən qaçmaq, yoxsa onu düzgün yaşamaq?
F.Nitsşenin Zərdüştü kimi dağlara çəkilmək müasir insan üçün real seçim olmaya bilər. Lakin bu fəlsəfədən gündəlik həyat üçün müəyyən nəticələr çıxarmaq mümkündür. Müasir insan tək qalan kimi darıxır və dərhal telefona əl atır. Halbuki tənhalığı cəza kimi deyil, daxili hüzur, özünü dinləmək və yaradıcılıq anı kimi qəbul etməyi yenidən öyrənmək vacibdir. Günün müəyyən saatlarında, məsələn, axşam yeməyi və ya kitab oxumaq vaxtı smartfonları kənara qoymaq, şüurlu təklik və rəqəmsal detoks üçün şərait yaratmaq olar. Bu, insana rəqəmsal səs-küydən uzaqlaşıb öz düşüncələrinə köklənmək imkanı verir.
İnsanların real ünsiyyət qura biləcəyi məkanların fəallaşdırılması da vacibdir. Ev və işdən əlavə, insanların heç bir maddi qazanc güdmədən bir araya gəldiyi kitab klubları, məhəllə parkları, idman və rəsm dərnəkləri kimi sosial məkanlar bu baxımdan əhəmiyyətlidir. Gündəlik həyatda avtobusda, kafedə və ya marketdə insanlarla qısa dialoqlar qurmaq, məsələn, sürücüyə təşəkkür etmək, bağbanla söhbətləşmək də real ünsiyyət vərdişlərini gücləndirə bilər. Belə kiçik ünsiyyətlər insanda aidiyyət hissini möhkəmləndirir. Başqalarının həyatına toxunmaq, sığınacaqlara yardım göstərmək və ya sosial layihələrdə iştirak etmək də fərdin tənhalıq hissini azalda, ona kollektivin bir parçası olduğunu xatırlada bilər.
Təklik və rəqəmsal səs-küydən uzaqlaşmaq ehtiyacı yalnız filosofların və psixoloqların deyil, müasir texnologiya dünyasının tanınmış simalarının da diqqətini çəkir. "Microsoft"un qurucusu Bill Qeyts smartfon və sosial media səs-küyünün olmadığı bir dövrdə böyüdüyü üçün özünü şanslı hesab etdiyini, indiki indiki diqqətyayındırıcı mühitdə "Microsoft"u qura bilməyəcəyini vurğulayıb. Onun iş təcrübəsində də düşünmək və oxumaq üçün xüsusi vaxt ayırmaq mühüm yer tutub.
Qeyts "Microsoft"un rəhbərliyində olduğu illərdə ildə iki dəfə bir həftəlik "Düşüncə həftəsi" keçirirdi. Bu müddətdə gündəlik iş rejimindən uzaqlaşaraq kitablar və əməkdaşlarının hazırladığı texnoloji hesabatlarla məşğul olur, qeydlər aparırdı. Onun bu vərdişi mürəkkəb məsələlər üzərində diqqəti cəmləmək və gələcək strategiyaları düşünmək üçün yaradılmış şəxsi iş üsulu idi.
B.Qeytsin təcrübəsi göstərir ki, təklik insanı cəmiyyətdən qoparan mənfi duyğu olmaqla yanaşı, zehni aydınlaşdıran və yaradıcılığa təkan verən dəyərli resurs da ola bilər. Bu üsul müasir idarəetmə və psixologiyada "dərin iş" anlayışı ilə əlaqələndirilə bilər. Hər birimizin meşədəki tənha daxmaya çəkilmək imkanı olmasa da, bu fəlsəfəni gündəlik həyatımıza uyğunlaşdırmaq mümkündür. Məsələn, həftəsonunun bir gününü "ekransız gün" elan etmək, telefon və sosial şəbəkələrdən uzaq duraraq kitab oxumaq, gələcək planları kağız üzərində yazmaq olar. Yaxud hər günün müəyyən saatlarını texnologiyasız keçirmək, bu vaxtı qeydlər aparmağa və ya daxili səsini dinləməyə ayırmaq mümkündür.
Evdə də süni "əlçatmazlıq" mühiti yaratmaq olar. Telefonun yalnız təcili zəngləri qəbul etdiyi, sosial şəbəkə bildirişlərinin isə bloklandığı xüsusi "İş/Fokus" rejimini qurmaq, dərin diqqət tələb edən işlə məşğul olarkən telefonu başqa otağa qoymaq faydalıdır. Bəzi araşdırmalar telefonun sadəcə masanın üzərində, ekranı bağlı vəziyyətdə olmasının belə diqqətə təsir göstərə biləcəyini bildirir. Bu səbəbdən diqqət tələb edən iş zamanı telefonu göz önündən uzaqlaşdırmaq məqsədəuyğundur.
Müasir insan darıxmaq hissindən də qorxur. Avtobus gözləyərkən, növbədə dayanarkən dərhal telefonu əlimizə alırıq. Lakin yaradıcı ideyalar bəzən beynin sərbəst qaldığı, insanın konkret işlə məşğul olmadığı anlarda yaranır. Buna görə də beynimizə bəzən heç nə etməmək və ətrafı müşahidə etmək imkanı verməliyik. Qeytsin təcrübəsindən çıxarıla biləcək mühüm nəticə budur ki, böyük ideyalar bəzən rəqəmsal səs-küyün içində deyil, şüurlu şəkildə yaradılmış sakitlik və təklik anlarında formalaşır.
Bu məsələdə uşaqların və yeniyetmələrin vəziyyəti xüsusi narahatlıq doğurur. Sosial psixoloq Conatan Hayt 2024-cü ildə nəşr olunan, Bill Qeytsin də oxunması vacib əsərlər siyahısına daxil etdiyi "Narahat nəsil" ("The Anxious Generation") kitabında 2010-2015-ci illər arasında uşaqlıq təcrübəsində böyük dəyişiklik baş verdiyini irəli sürür. Əvvəllər uşaqlar real həyatda, küçədə və həyətdə müstəqil oynayır, risk etməyi, dostluq qurmağı və gündəlik problemləri həll etməyi öyrənirdilər. İndi isə bu modelin yerini böyük ölçüdə smartfon ekranları alıb. Yeniyetmələrin günün böyük hissəsini virtual aləmdə keçirməsi onların real ünsiyyət imkanlarını məhdudlaşdıra, psixoloji çətinlikləri və tənhalıq riskini artıra bilər. Haytın fikrincə, uşaqların sağlam psixoloji inkişafı üçün real həyat təcrübəsinin, müstəqil oyunun və canlı münasibətlərin əhəmiyyəti yenidən qiymətləndirilməlidir.
C.Hayt bu problemdən çıxış yolu kimi kollektiv şəkildə tətbiq olunmasını təklif etdiyi dörd qayda irəli sürür. Onun "dörd norma" adlandırdığı bu təkliflər valideynlərin, məktəblərin və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutur:
1. Uşaqlara 14 yaşına qədər internetə və sosial şəbəkələrə çıxışı olan smartfon verməmək, bunun əvəzinə yalnız zəng etmək imkanı olan sadə telefonlardan istifadə etmək.
2. Uşaqların 16 yaşına qədər sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoymaq, İnstaqram və TikTok kimi platformalara giriş üçün minimum yaş həddini 16 müəyyənləşdirmək.
3. Məktəblərdə telefonsuz zona yaratmaq, şagirdlərin dərs müddətində telefonlardan istifadəsini qadağan etmək.
4. Bu məhdudiyyətlərin əvəzində uşaqlara real həyatda ünsiyyət qurmaq, sərbəst oynamaq, müstəqillik qazanmaq və inkişaf etmək üçün geniş imkanlar yaratmaq.
Haytın təklifləri arasında sonuncu qayda xüsusilə əhəmiyyətlidir. Çünki uşaqların həyatından telefonları çıxarmaq kifayət deyil; onların əvəzinə real həyatda maraqlı fəaliyyətlər, sərbəst oyun, dostluq və müstəqillik imkanları yaradılmalıdır. Əks halda, rəqəmsal aləmdən uzaqlaşdırılan uşağın boş vaxtını və ünsiyyət ehtiyacını dolduracaq alternativlər olmayacaq.
Dünənin filosofları, xüsusilə Nitsşe, insanı kütlənin içində itməmək üçün tənhalığı seçməyə çağırırdılarsa, bu günün sosioloqları və psixoloqları rəqəmsal kütlənin içində tənha qalmamaq üçün real bağlar qurmağa səsləyirlər. Müasir insanın çıxış yolu bu iki reallığın balansındadır: rəqəmsal dünyadan şüurlu şəkildə uzaqlaşaraq daxili dünyasını zənginləşdirmək və real həyatda dərin, mənalı münasibətlər qurmaq.
Ədəbiyyat və incəsənətdə tənhalıq
İncəsənət və bədii ədəbiyyat bir sıra hallarda tənhalığı, onu yaradan səbəbləri və doğurduğu nəticələri elmi hesabatlardan daha dərindən və emosional şəkildə hiss etdirir. Ədəbiyyat və incəsənət tarixi "kütlə içində tənha" qalan, cəmiyyətin ritminə ayaq uydura bilməyən və bu səbəbdən özünə qapanan qəhrəmanların obrazları ilə zəngindir.
İnternet texnologiyaları dövründən əvvəlki tənhalığı əks etdirən əsərlər sırasında Albert Kamyunun "Yad", Frans Kafkanın "Çevrilmə" əsərləri xüsusilə maraq doğurur.
"Yad"ın baş qəhrəmanı Merso cəmiyyətin qaydalarına, kollektiv yas və sevinc formalarına yaddır. O, insanların arasındadır, lakin onların qəbul etdiyi emosional davranış normalarına uyğunlaşa bilmədiyi üçün özünü cəmiyyətdən təcrid olunmuş hiss edir və sonda həmin cəmiyyət tərəfindən mühakimə olunur.
"Çevrilmə" əsərində Qreqor Zamza bir səhər həşərata çevrilir. Bu, əslində, ailəsinin və işlədiyi şirkətin gözündə sadəcə bir vasitə, öz funksiyasını yerinə yetirdiyi müddətdə dəyərli olan insanın sosial tənhalığının metaforik ifadəsidir. O, fiziki olaraq ailəsi ilə eyni evdə yaşasa da, mənəvi baxımdan tamamilə təcrid olunur.
Rəqəmsal dünyada insanın texnologiyanın yaratdığı əlaqələr içərisində necə tənhalaşdığını əks etdirən əsərlər də az deyil. Amerikalı kinorejissor Spayk Conzun müəllifi və rejissoru olduğu, orijinal ssenari nominasiyasında "Oskar" mükafatına layiq görülmüş "O" ("Her") filmi real insanlarla münasibət qurmaqda çətinlik çəkən Teodorun süni intellektə əsaslanan əməliyyat sisteminə aşiq olmasından bəhs edir. Film milyonlarla insanla əlaqədə olduğumuz halda, əslində nə qədər tənha qala bildiyimizi təsirli şəkildə ortaya qoyur.
İngilis yazıçısı və prodüseri Çarli Brukerin yaratdığı "Qara güzgü" ("Black Mirror") serialı texnologiyanın insan psixologiyasına təsirlərini araşdırır. Xüsusilə "Nosedive" (3-cü mövsüm, 1-ci seriya) epizodunda sosial şəbəkələrdəki bəyənmə və reytinq sisteminin insanı necə saxta münasibətlərə, tənhalığa və çarəsizliyə sürüklədiyi göstərilir. "Qara güzgü" adı söndürülmüş smartfon, planşet və televizor ekranlarının insanın öz əksini görə bildiyi qara səthə çevrilməsinə işarə edir. Serial müasir cəmiyyətin texnologiyadan asılılığını və bu asılılığın doğura biləcəyi nəticələri qara yumor və satira vasitəsilə təqdim edir.
Rejissoru Ceff Orlovskinin olduğu "Sosial dilemma" ("The Social Dilemma") sənədli filmi isə sosial media alqoritmlərinin insanları necə asılı vəziyyətə saldığını, onların davranışlarına və psixoloji durumuna necə təsir göstərdiyini texnologiya şirkətlərinin keçmiş əməkdaşlarının dili ilə izah edir. Filmdə sosial şəbəkələrin insanları bir-birinə yaxınlaşdırmaq iddiası ilə yanaşı, onları daim ekran qarşısında saxlayan mexanizmlər də açılır.
Kütlənin içində görünməmək
Reallıq bundan ibarətdir ki, "kütlə içində tənhalıq" ifadəsi müasir dövrün ən böyük psixoloji və sosioloji paradokslarından biridir. Bu, insanın fiziki olaraq yüzlərlə, minlərlə insanın əhatəsində olmasına - məsələn, böyük meqapolisdə, izdihamlı metroda, konsertdə və ya virtual sosial şəbəkələrdə - baxmayaraq, daxilən özünü kimsəsiz, anlaşılmayan və yad hiss etməsidir.
Sosiologiyanın görkəmli nümayəndələrindən olan Georq Zimmel hələ XX əsrin əvvəllərində böyük şəhər həyatının insan psixologiyasına təsirini araşdırarkən qeyd edirdi ki, şəhər sakinləri özlərini həddindən artıq stimullardan qorumaq üçün ətrafdakılara qarşı laqeyd və soyuqqanlı münasibət formalaşdırırlar. Beləliklə, fiziki yaxınlıq emosional uzaqlıqla müşayiət olunur. İnsan izdihamın içində bir növ görünməzə çevrilir. Bu vəziyyətin müasir formalarından biri də sosial şəbəkələrdir.
Müasir insan İnstaqramda minlərlə insanın həyatını izləyir, paylaşımlarını bəyənir, şərhlər yazır. Lakin bu "kütləvi bağlantı" çox vaxt ekran çərçivəsindən kənara çıxmır. İnsanın daxili dünyasında böhran baş verəndə həmin kütlənin heç biri real olaraq yanında olmur. Beləliklə, fərddə paradoksal bir hiss yaranır: "Mən hamını görürəm, hamı məni görür, amma heç kim məni hiss etmir".
Tənhalıq ətrafımızdakı insanların sayı ilə deyil, həmin insanların bizim üçün kəsb etdiyi mənəvi yaxınlığın keyfiyyəti ilə ölçülür. Əgər insan ətrafındakı kütlə ilə eyni dəyərləri, düşüncələri və emosional ovqatı bölüşmürsə, o, izdihamın içində özünü daha da tənha hiss edə bilər. Çünki kütlənin mövcudluğu ona öz fərqliliyini və təcrid olunmuş vəziyyətini daha kəskin şəkildə xatırladır.
Dünənin insanı dağda, meşədə və ya tənha mənzildə tənhalıq yaşayırdısa, bu günün insanı metro qatarında, iş yerində və ya sosial media lentində - kütlənin tam mərkəzində də tənha qala bilir. Bu isə müasir sivilizasiyanın insana yaşatdığı ən ağır emosional təzadlardan biridir.