Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Son illər cəmiyyətdə ən çox işlədilən ifadələrdən biri uşaqlıq travmasıdır. Sosial şəbəkələrdə, psixoloji məqalələrdə, televiziya proqramlarında bu anlayışa tez-tez rast gəlirik. Demək olar ki, hər davranışın, hər emosional çətinliyin kökündə uşaq yaşlarında yaşanan hansısa mənfi təcrübənin dayandığı vurğulanır. Bəs tez-tez eşitdiyimiz, amma çox zaman üzərindən səthi keçdiyimiz uşaqliq travması əslində nədir? O, sadəcə ağır hadisələrdən ibarətdirmi, yoxsa fərqinə varmadan yaşadığımız adi görünən vəziyyətlər də uşağın psixologiyasında dərin izlər buraxa bilərmi?
Mövzu ilə əlaqədar psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, bu ifadə artıq mənasını bilən-bilməyən hər kəs tərəfindən sosial şəbəkələrdə, psixoloji məqalələrdə, televiziya proqramlarında tez-tez görürük. Sanki bu anlayış insanın özünü sığortalamasına, rahatlıqla ifadə etməsinə gətirir:
“Uşaqlıq travması dedikdə, keçmişdə yaşanan hər hansı ağır hadisələr nəzərdə tutulur. Mən son 28 ildə müşahidə etmişəm ki, bəzən travmalar valideynlərin, bəzən isə digər yaxın ailə üzvlərinin məsuliyyəti ilə bağlı olur. Məsələn, əmi, dayı, bibi, xala. Bu o demək deyil ki, uşaqlar qorxudulub və ya travma alıblar. Burada əsas məsələ onların hərəkətlərində məsuliyyəti hiss etməsi və öhdəsindən gəlmək bacarığıdır. Bəzən insanlar yanlış düşünür ki, uşaqlıq travması yalnız ciddi qorxu və fiziki zərərlə bağlıdır. Əslində isə travma uşağın illər boyu yaşadığı, arzularını reallaşdırmaq imkanının əngəllənməsi ilə də bağlı ola bilər. Məsələn, uşaq gözəl bir peşəyə yiyələnmək istəyir, amma müəllimin qiymətləndirməsi, iştirakına icazə verilməməsi kimi hallar onun arzusunu pozur. Belə hallarda uşaqlar uşaqlıq travması kimi təcrübələri dilə gətirirlər. Digər bir nümunədə, gənc oğlan uşağı polis olmaq istəyir, amma boy ölçüsü qanunda müəyyən edilmiş həddə çatmadığı üçün arzusu reallaşmır. Bəziləri isə ailə vəziyyəti, maliyyə məhdudiyyətləri və ya digər səbəblərdən arzu etdikləri sahəyə yönələ bilmir. Bu vəziyyətlər də onların gələcək karyera seçimlərinə və psixoloji inkişafına təsir göstərir. Buna baxmayaraq, valideyn tərəfindən danlanma, aşağı qiymət alma və digər normal həyat təcrübələri uşağın məsuliyyət hissini və öhdəsindən gəlmə bacarığını inkişaf etdirir. Bu cür hadisələr uşağın gələcəkdə sağlam və məsuliyyətli şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir”.