Hamının gözündə itik olasan... Esmira Məhiqızının şeirləri

06.08.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Esmira Məhiqızının şeirini təqdim edir.

Səni gün ağlada, bulud ağlada,
sonra da bir islaq umud ağlada,
səni etmədiyin sübut ağlada-
deyə bilməyəsən, mən etməmişəm.


Barmağın altında tətik olasan,
qəfil açılmağa ütük olasan,
hamının gözündə itik olasan-
deyə bilməyəsən, mən itməmişəm.


Uzaqdan keçəsən, gendən gedəsən,
qona bilmədiyin gündən gedəsən,
gedəndə biləsən, kimdən gedəsən-
sonra deməyəsən, mən getməmişəm.

***

Soyuq hecalarda, buz sətirlərdə,

çoxalır nöqtələr, boş tirelər də.

hər axşam oyanır xatirələr də,

deyirəm, nə gözəl yoxlayanım var.

gözümə su verdim, elə su aldı,

məni də bir bölük dərdlər suvardı,

yağışlar islatdı, yaşlar suladı,

baxdım ki, nə qədər çağlayanım var.

yollarda bir qarış izimdən qalsa,

torpağın üzündə üzümdən qalsa,

gedəndə.. hardasa özümdən qalsa,

bilərəm, arxamca ağlayanım var.

***

bir sarı yarpağın yaşıldan hekayəsini

yazmaq istərdim,

sonra bir qış ağacının

yaz vaxtını..

sonra köç quşlarının qayıtmasını

və uşaqlığımı.

sonra da gözəl olan hər şeyin həsrətiylə

mən deyilmişəm kimi

keçərdim bu hekayədən,

və yaşanmayan nə varsa.. yaşamaq istərdim...

***

sonra nağıl adamları köçüb getdilər,

sonra nağıl quşları da uçub getdilər

və bir daha dönmədilər nağılçılar da,

boş evlərin yaşı damdı navalçalardan..

boş həyətlər ağzı günə yola baxdılar,

mən bilirəm nələr qaldı o baxışlarda.

gör bir nələr,

gör bir kimlər yoxa çıxdılar,

xatirələr yuva qurdu taxtapuşlarda

sonra belə dəli-dəli küləklər əsdi,

küləklər də başqa cürə əsdi nədənsə.

sonra belə dolu-dolu yağışlar yağdı

yağışlar da başqa cürə yağdı nədənsə

ya nədənsə,

ya niyəsə dəyişdi hər şey-

heç bilmirəm o olanlar harda qaldılar.

kərpic evlər,

daşlı yollar,

doğma adamlar

bir xatirə dəftərində şəkil oldular.

şəkilləndi ömür belə, yaşamlar belə..

gözlərimin aynasında bulandı sular.

saçlarımın bəyazında qaraldı günlər,

əllərimin ayazından keçdi dualar

və beləcə,

və eləcə bir kənd kinosu,

uçuq-sökük divarlarda nəm çəkib qaldı.

Bəyim xala elə bizim aralıqdaca..

mənim uşaq yaddaşımda qəm çəkib qaldı.

sonra belə dəli-dəli küləklər əsdi

sonra belə dolu-dolu yağışlar yağdı.

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью