Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Türkiyəli aktrisa Hande Erçel şəxsi həyatı və illər ərzində qazandığı təcrübələr barədə danışıb.
Axşam.az xəbər verir ki, aktrisa "Based Istanbul"un yutub kanalına müsahibəsində tanınmış sima olmaqla şəxsi həyatı arasındakı balansdan söz açıb. Hande Erçel bildirib ki, zamanla yaşadığı hadisələr onu dəyişdirib və özünü qorumağı öyrənib:
"Mən bəzən Hande ilə Hande Erçel arasında sıxılıb qalıram. Bunu mənim kimi aktyor dostlarım da bilir. Amma Hande Erçelin artıq çox güclü qoruyucu qalxanı yaranıb. Bu qədər il, bu qədər hadisə yaşadıqdan sonra onun qoruyucu qalxanını yaratdım".
Aktrisa qeyd edib ki, insanlara açıldığı zaman çətinlik yaşadığı məqamlar hələ də var və bu üzərində çalışdığı məsələlərdəndir:
"Handedə hələ də çətinlik çəkdiyim tərəflər var. İnsanlara açıldığım zaman zərər gördüyüm tərəflərim üzərində hələ də işləyirəm, böyüyürəm, öyrənirəm".
Hande Erçel tamamilə özünü qapalı vəziyyətə gətirmək istəmədiyini də vurğulayıb. O bildirib ki, incimək, sevinmək və fərqli duyğuları yaşamaq həyatın bir hissəsidir.
Aktrisanın sözlərinə görə, bu hisslər onun yaradıcılığı üçün də vacibdir:
"Bəzən incimək də gözəldir. İnsan kədərlənməyi, sevinməyi, bütün duyğuları yaşamalıdır. Onlara bir az icazə vermək lazımdır".