Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tarixən çörək insanın əsas qida vasitəsi olmaqla, həm də and yerimiz olub və müqəddəs sayılıb. Yaşlı insanlar xatırladırlar ki, əvvəllər çorək zavodlarının və təndirxanaların bişirdiyi çörəklər insanın canına can gətirdiyi kimi, ətri də ruha qida verirdi.
Son 20-30 ildə isə bu müqəddəs nemətə münasibət dəyişib. Səhhətində problem yaşayan hər kəsə, az qala, “evinə çörək girməsinə imkan vermə” kimi tövsiyə verirlər. Özü də bu məsləhəti tibb işçilərinin gördüyünü nəzərə alsaq, çox maraqlı situasiya yaranır. Çörəkdən imtina lazımdırmı? Bəlkə onun qəbulunu azaltmaq daha məqsədəuyğundur? Sağlamlığa zərər vurmadan gündə nə qədər çörək yemək olar?
Tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva bu barədə fikirlərini bildirib.
O, insanın səhhətinə və bədən quruluşuna zərər verməmək üçün gündə bir neçə dilimdən çox olmamaq şərtilə çörək yeməyin vacibliyini vurğulayıb.
Həkim bildirib ki, menyuda məqbul çörəyin miqdarı insanın məqsədlərindən asılıdır. İnsan çəki vermək istəyəndə özünü gündə bir dilim çörəklə məhdudlaşdırmalı, tam taxıl və ya çovdar çörəyinə üstünlük verməlidir. Əksinə, insan əzələ kütləsi qazanmaq istəyəndə, enerji dəyərini artırmaq üçün pəhrizə gündə 2–3 dilim çörək əlavə etmək məsləhət görülür.
Mütəxəssis əlavə edib ki, idmançılar məşqdən əvvəl kiçik porsiyalarla ağ və ya qızardılmış çörək yeyə bilərlər, çünki bu, bədəni lazımi kalori ilə daha tez təmin edir. Ağ çörəkdən tamamilə imtina etmək olmaz. Çünki onun tərkibində, xüsusən də fəal həyat tərzi zamanı bədəni enerji ilə təmin edən B vitaminləri, minerallar, zülal və karbohidratlar var.
Mütəxəssis əlavə edib ki, ağ çörək mədə-bağırsaq xəstəlikləri olanlar üçün daha üstün hesab edilir. Qara çörək isə yüksək lif tərkibinə görə həzm problemi olan insanlar üçün əks göstərişdir.
Həkim onu da qeyd edib ki, əgər çörək düzgün hazırlanırsa, onda təhlükəli bir şey axtarmaq mənasızdır. Bir şərtlə ki, çörək üçün istifadə edilən un da, unun alındığı dən də keyfiyyətli olsun. Ən nəhayət, önəmli odur ki, mayalı, yaxud mayasız olmaqla, çörək bişirilmə texnologiyasına uyğun hazırlansın. Çörəkdən tamamilə imtina etmək isə qəti olmaz.
Zərifə HÜSEYNLİ
XQ