Hansı dondurmanı yeyək: Həm cibimiz, həm özümüz sərinləyək?

20.07.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dondurma istehlakını qarşılamaq üçün əsasən idxal həcmlərini artırır. 

Yerli istehsal mövcud olsa da, dondurma ixracı barədə rəsmi statistika kütləvi xarakter daşımır və ümumi idxal göstəriciləri daha üstünlük təşkil edir. 

2026-cı ilin ilk aylarında Azərbaycandan Fələstinə (8,8 ton / $25,9 min) və Fil Dişi Sahilinə (30,7 ton / $86,9 min) ümumilikdə 112,8 min ABŞ dolları dəyərində 39,5 ton dondurma ixrac edilib. 

Bu ilin yanvar-may aylarında Azərbaycana 3,8 milyon ABŞ dolları dəyərində 506 ton dondurma idxal edilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 25 % çoxdur. Dondurma idxal edilən ölkələr arasında Türkiyə birinci, Rusiya ikinci yerdədir. 

Qeyd edək ki, digər ölkələrdən məhsul idxalı normal prosesdir. Ancaq ölkəmizdə də dondurma istehsal edən bir sıra müəssisələr var. Dondurma idxalına yüksək məbləğdə vəsait sərf edilirsə, bu, yerli istehsal olan dondurmaların keyfiyyətsizliyi ilə bağlıdırmı? 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (pul ifadəsində artım 76 %) 145 ton (kəmiyyət ifadəsində artım 45 %) dondurma idxal etmişik: “Rusiyadan 145 min kq dondurma almışıq, deməli hər kq dondurma 6,8 dollara, 11,5 manata başa gəlib. 

Rusiya istehsalı 70-100 qramlıq dondurmalar 2,5-3 manatdan, 6-7 manata qədərdir. Hətta “ГОСТ” markalı 400 qramlıq dondurma 22-25 manat arasında satılır. Rusiya istehsalı hər 100 qramlıq dondurmanı götürsək, 10 ədədi 11,5 manata idxal olunur, yəni, 1 ədədi 1 manat 15 qəpiyə başa gəlir və, ortalama, 4 manat satılır. “ГОСТ” markalı dondurmanı götürsək, 1 kq dan 2,5 ədəd 400 qramlıq qab çıxır, ortalama, 11,5 manat idxal olunur və kilosu 60 manata satışa çıxır. 

Mən dövlətin qiymətə qarışmasının əleyhinəyəm, sadəcə bir sualım var. Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?” 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, azad bazar iqtisadiyyatıdır və biznes qurumları hansı ölkədə rəqabətə uyğun bir qiymətə dondurma tapırsa, gətirirlər:

“Bu, çox təbii bir haldır. Eləcə də Azərbaycandan xaricə də dondurma ixrac olunur. Barmaqla sayılacaq qədər yerli dondurma istehsalçısı var. Onlar Azərbaycan bazarını əhatə edə bilmirlər. Ona görə də xaricdən dondurma gətirilməsi qiymət balansının sabit qalmasına və qiymətin aşağı düşməsinə səbəb olur. 

Standartlara uyğun dondurma istehsal edən müəssisələr daha az kimyalaşmış olur və ona görə də istehlakçılar yerli mala daha çox üstünlük verməlidirlər. Xaricdən gələn dondurmalara diqqət edilməlidir. 

Əgər onların qabıqları əzilibsə, belə dondurmaları almaqdan imtina etsinlər. Çünki ola bilər ki, yolda yüksək temperatura məruz qalıb və onu yenidən dondurublar. Bütün hallarda yerli məhsul alınmasını tövsiyə edirəm”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: dondurma Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью