Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bildiyimiz kimi, ixtisas seçimi mərhələsinə sayılı günlər qalır və abituriyentlərin əsas narahatlığı balların hansı istiqamətdə dəyişəcəyidir.
İxtisas seçimi zamanı hansı ixtisas qrupu üzrə balların artacağı hələ ki məlum deyil.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli indi konkret rəqəmlərlə danışmağın düzgün olmadığını bildirib: "Dövlət İmtahan Mərkəzinin statistik jurnalı hələ yayımlanmayıb, bu səbəbdən konkret rəqəmlərlə danışmaq doğru olmazdı.
Amma mövcud müraciət sayı, plan yerlərinin ümumi bölgüsü və əvvəlki illərin dinamikası bu il bəzi ixtisaslarda keçid ballarının artacağı ehtimalını gücləndirir.
Mövcud vəziyyət onu göstərir ki, ali məktəblərə qəbul üçün ümumilikdə plan yerlərinin sayı artsa da, bu artım abituriyentlərin çoxluğunu kompensasiya etməyə kifayət etmir.
Müraciət edənlərlə plan yerləri arasında təxminən 50 min nəfərlik fərq var və bu o deməkdir ki, bu qədər abituriyent seçim zamanı kənarda qalacaq.
Rəqabətin bu səviyyədə sərtləşməsi, xüsusilə populyar və reytinqli ixtisaslarda balların yüksəlməsinə səbəb ola bilər".