Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Bəzi qidaların həddindən artıq istehlakı bağırsaq mikroflorasının tarazlığını poza və həzm sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Moderator.az “Kursor” nəşrinə istinadən xəbər verir ki, almaniyalı həkim Tomas Frlinq həzm sisteminə zərər verə biləcək qidalar barədə danışıb.
Həkimin sözlərinə görə, şəkərin həddindən artıq qəbulu bağırsaqlardakı zərərli bakteriyaların çoxalmasına şərait yarada və faydalı mikroorqanizmlərin tarazlığını poza bilər.
Riskli qidalar arasında kolbasa və digər emal olunmuş ət məhsulları da var. Bu məhsulların tərkibində sağlamlıq üçün zərərli maddələr ola bilər. Mayonez, marqarin və quyruq yağı da həkimin diqqət çəkdiyi qidalar sırasındadır.
Səhər yeməyində kolbasalı sendviç yeməyə üstünlük verənlərə də diqqətli olmaq tövsiyə olunur. Həkimin fikrincə, belə qidalanma mədəaltı vəziyə əlavə yük yarada və damar xəstəlikləri riskini artıra bilər.
Həzm sisteminin normal fəaliyyətini qorumaq üçün həkim səhər yeməyindən əvvəl bir stəkan su içməyi məsləhət görür.
Sağlam qidalanmada tərəvəz, meyvə, tam taxıllı məhsullar və paxlalılara da yer vermək vacibdir. Bu qidaların tərkibindəki lif bağırsaqların fəaliyyətini dəstəkləyir. Qatıq və kefir kimi fermentləşdirilmiş süd məhsulları isə bağırsaqlardakı faydalı mikroorqanizmlərin tarazlığının qorunmasına kömək edə bilər.
Qidalanmada müntəzəmliyə də diqqət yetirilməlidir. Yeməkləri tez-tez ötürmək və ya həddindən artıq yemək həzm sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.