Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Uzunmüddətli kirayədə qalmaq hər bir vətəndaş üçün müəyyən maliyyə yükü yaradır. Amma dünyanın bir çox ölkələrində, o cümlədən İranda və Türkiyədə belə bir yanaşma mövcuddur ki, vətəndaş öz əmlakını sataraq əldə etdiyi vəsaiti biznesə və ya daha yüksək gəlir gətirən sahəyə yönəldə bilər".
Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, əgər həmin vəsaitin dövriyyədə qalması və gəlir gətirməsi daşınmaz əmlaka investisiya qoymaqdan daha sərfəlidirsə, bu halda vəsaiti biznesdə saxlamaq daha məqsədəuyğun variant ola bilər:
"Bu baxımdan, vətəndaşın hansı üsuldan istifadə etməsi kifayət qədər fərdi məsələdir. Məsələn, kirayədə qalmaq, İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlanmaq, açıq bazarda fəaliyyət göstərən tikinti şirkətlərinin təklifləri arasından seçim etmək, torpaq alaraq müəyyən müddət ərzində vəsait topladıqca həmin ərazidə fərdi ev tikmək və ya ipotekadan yararlanmaq kimi müxtəlif alternativlər mövcuddur.
Əgər vətəndaşın rəsmi gəliri ipoteka götürməyə imkan vermirsə, tikinti şirkətlərinin daxili kredit imkanlarından və ya bankların daxili ipoteka məhsullarından istifadə etmək də alternativ variant ola bilər.
Bütün bunlar kifayət qədər incə məsələlərdir və hər bir vətəndaşın öz gəlirlərindən, aylıq xərclərindən, yığım kapitalından, həmçinin yaşamaq istədiyi əraziyə və daşınmaz əmlaka olan tələbatından asılıdır.
Məsələn, elə vətəndaşlar var ki, şəhər kənarında daşınmaz əmlaka sahibdirlər. Lakin onların iş yeri, təhsil müəssisəsi və gündəlik gediş-gəliş marşrutları şəhərin mərkəzi hissəsində yerləşir. Bu səbəbdən onlar üçün hər gün uzun məsafə qət etmək əlavə vaxt itkisi yaradır.
Belə vətəndaşlar mövcud əmlaklarını uzunmüddətli kirayəyə verərək, üzərinə müəyyən məbləğ əlavə etməklə iş və ya təhsil yerlərinə daha yaxın ərazidə ev kirayələyə bilərlər. Bu da alternativ variantlardan biridir.
Eyni hal regionlarda daşınmaz əmlakı olan vətəndaşlara da aiddir. Bəzi vətəndaşlar regiondakı əmlaklarını müəyyən məbləğə kirayəyə verir, üzərinə əlavə vəsait qoyaraq Bakı şəhərində ev kirayələyirlər.
Digərləri isə regiondakı əmlakını sataraq Bakı şəhərində yaşadığı ərazidə başqa daşınmaz əmlaka investisiya qoymağı və ya tikinti şirkətindən daxili kreditlə ev almağı, ipotekadan və ya bankların daxili ipoteka imkanlarından istifadə etməyi üstün tuturlar.
Yəni burada vahid və hər kəs üçün keçərli bir seçim yoxdur. Ən uyğun variant vətəndaşın maliyyə imkanları, gəlirləri, xərcləri, mövcud əmlakı və uzunmüddətli yaşayış planlarından asılı olaraq müəyyənləşir".