Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çiy və ya tam bişməmiş ət, balıq, eləcə də pasterizə olunmamış süd müxtəlif təhlükəli infeksiyaların və parazitar xəstəliklərin mənbəyi ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə mütəxəssis Daria Namazova aif.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məhsullar salmonellyoz, kampilobakterioz və brusellyoz kimi infeksiyaların yayılmasına səbəb ola bilər. Məhsulun qoxusu, dadı və görünüşü isə onun tərkibində təhlükəli mikroorqanizmlərin olub-olmadığını müəyyən etməyə imkan vermir.

Mütəxəssis qeyd edib ki, çiy və ya az bişmiş ət insanı donuz və mal əti lent qurdları, həmçinin qızdırma və əzələ ağrılarına səbəb olan trixinella kimi parazitlərə yoluxdura bilər.

Bişməmiş balıq da sağlamlıq üçün təhlükə yaradır. Şirin su balıqları geniş lent qurdunu, sazan balığı opistorxozu, duzlu su balıqları və kalmar isə qarın ağrısı və allergik reaksiyalarla müşayiət olunan anizakiozu ötürə bilər.

Namazova bildirib ki, qida yolu ilə keçən infeksiyalar xüsusilə hamilə qadınlar, yeni doğulmuş körpələr, azyaşlı uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Bəzi xəstəliklər, o cümlədən brusellyoz xroniki hala keçərək oynaqlara və sinir sisteminə zərər verə bilər.

Mütəxəssis pasterizə olunmuş süddən istifadə etməyi, çiy südü qaynatmağı, ət, balıq və yumurtanı tam bişirməyi tövsiyə edib. Onun sözlərinə görə, qidaların duzlanması, turşuya qoyulması, soyuq hisə verilməsi və məişət şəraitində dondurulması onların təhlükəsizliyinə zəmanət vermir.

Həkim yüksək risk qrupuna daxil olan şəxslərə çiy heyvan mənşəli qidalardan uzaq durmağı məsləhət görüb. O, hərarət 38,5 dərəcədən yuxarı olduqda, şiddətli ishal, nəcisdə qan və ya güclü baş ağrısı yarandıqda həkimə müraciət etməyin vacibliyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью