Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəmi 6 il əvvəl, sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatlarına, silahlı hücumlarına cavab olaraq Vətən müharibəsi başlandı. Şanlı ordumuzun igid əsgər və zabitləri 44 günlük savaşda misilsiz qəhrəmanlıqlar göstərdilər. Lənkəranın igid, qeyrətli oğulları Vətənin çağırışına səs verərək silaha sarıldılar, döyüş meydanlarında hərb tariximizə yeni səhifələr yazdılar.
Müharibənin ilk günü düşmənlə ölüm-dirim savaşında 3 lənkəranlı igid qəhrəmancasına şəhid oldu. Hər üçü Vətənə, torpağa bağlılığını, müstəqilliyimizə, dövlətçiliyimizə sədaqətini döyüş meydanlarında sübut etdilər.
Mehman Şirvanov Ürgə kəndində dünyaya göz açmışdı. Çoxuşaqlı ailədə böyümüşdü. Atası Mirəzizi, anası Hacıbəyim xanımı kənddə halal, zəhmətkeş, imanlı insan kimi tanıyırdılar.
Mehman Şirvanov 2002-ci ildə Ali Hərbi Məktəbi bitirmişdi. Sumqayıt, Naxçıvan, Mingəçevirdə yerləşən hərbi hissələrdə zabit işləmiş, zəngin təcrübə qazanmışdı. Nümunəvi, qüsursuz xidmətləri nəzərə alınaraq 2018-ci ildə Goranboy rayonundakı hərbi hissənin tabor komandiri vəzifəsinə təyin olunmuşdu. Ona növbədənkənar polkovnik-leytenant rütbəsi də verimişdi.
2016-cı ilin aprel döyüşlərində qətiyyətli, bacarıqlı komandir kimi nüfuz qazanmışdı. Torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi. Sentyabr ayının 27-də Vətən Müharibəsi başlananda Mehmanın rəhbərlik etdiyi tabor Murov istiqamətində yüksəkliyi götürməli idi. Mehman döyüşdən əvvəl şəxsi heyətə tapşırıqlarını verərək deyib: “Biz heç vaxt məğlub olmuruq. Biz şəhid, qazi və qalib oluruq. Möhkəm durun, biz qalib gələcəyik!”
Səhər tezdən gərgin döyüş başlandı. Mehman öndə gedirdi. Ordumuzun güclü müqavimətinə dözməyən düşmən geri çəkilirdi. Namərd gülləsi gizirlərdən birinin həyatına son qoydu. Cəsur komandir tez özünü ona çatdırdı. Həmin anda düşmənin atdığı mərmi nəticəsində Mehman özü də şəhid oldu.
Arxadan köməyə gələn hərbçilərimiz düşmənin xeyli texnikasını, canlı qüvvəsini məhv etdilər. Murov yüksəkliyini ələ keçirib igid komandirin qisasını dərhal aldılar.
Atası mərhum Mirəziz Şirvanovla sağlığında dəfələrlə görüşüb söhbət etmişəm. 2020-ci il sentyabr ayının 27-də eşitdiyi dəhşətli xəbəri mənə göz yaşları içində danışıb: “Mehman avqust ayının axırlarında sonuncu dəfə kəndə gəldi. Çox qayğılı, fikirli görünürdü. Qohumlarla, məktəb yoldaşları, dostları ilə bir-bir görüşdü. Mənimlə qəbiristanlığa gəlib anasının qəbrini ziyarət etdi. Dedi ki, niyə şəhidlər üçün burada yer ayrılmayıb? Məscidin yanına çatanda buranı şəhidlər üçün saxlayın, – dedi.
O, sanki şəhid olacağını bilirdi. Sentyabrın 27-də səhər tezdən tanımadığım nömrədən mənə zəng vurdu. Dedi ki, telefonu xarabdır, bir-iki günə düzəltdirib yenə zəng edərəm, narahat olmayın. Bu, son zəngi idi. Sən demə, həmin vaxt döyüşdə olub, məni arxayın salmaq üçün zəng edib. Günorta vaxtı şəhadət xəbərini aldıq. Mehmanı böyük izdihamla qəbiristanlıqda göstərdiyi yerdə torpağa tapşırdıq. Mehman indi kəndin digər şəhidləri ilə yanaşı uyuyur.”
Polkovnik-leytenant Mehman Şirvanov ömrünün 23 ilini Milli Ordunun sıralarında Vətənə sədaqətlə xidmət edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub. Mehmanın Nuray adlı 8 yaşlı nur üzlü qızı yadigar qalıb.
Qalib Əkbərzadə 19 yaşına təzə qədəm qoymuşdu. Kərgəlan kəndində sadə, zəhmətkeş ailədə böyüyüb ərsəyə çatmışdı. İki bacının yeganə qardaşı idi. Lənkəran şəhərindəki “Zirvə” idman klubunda ağır atletika ilə məşğul olurdu. Məşqçi müəllimi Emil Qurbanov idi. Sevimli müəllimi ilə oxşar tale yaşadılar. İkisi də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı.
Qalib Kərgəlan kənd tam orta ümumtəhsil məktəbində təhsil alıb. Kompüter proqramlarına marağı olduğu üçün gələcəyini bu sahədə görürdü. 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. Ağcabədi və Beyləqan rayonlarının ərazisindəki hərbi hissələrdə xidmət edib.
2020-ci il sentyabrın 26-da Füzuli rayonunda düşmənlə təmas xəttində xidmətə başlayıb. Sentyabrın 27-də döyüşlərdə igidlik, şücaət göstərib. Başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Qalib sentyabrın 28-də doğma kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qalib Əbdüləhəd oğlu Əkbərzadə torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını mərdlik və igidliklə yerinə yetirdiyi üçün 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qalib canı, qanı ilə Vətən qarşısında borcunu yerinə yetirdi. Əsgər kimi kənddən getdi, şəhid kimi qayıtdı. Atası Əbdüləhəd, anası Aidə xanım oğlunun igidliyindən, vətənpərvərliyindən fəxrlə danışır, qurur hissi keçirirlər.
İstedadlı şair Məmməd Həbibin həmkəndlisi, şəhid Qalib Əkbərzadə haqqında yazdığı şeirdə deyilir:
İgidlər qovuşdu əbədiyyətə,
Həyat qurban verib vahid niyyətə.
Düşmən, şəkk etmə heç səmimiyyətə,
Hələ sıradadır bir ordu Qalib!
Vətən müharibəsi başlananda Samir Quliyev Milli Ordumuzun əsgəri idi. Ağcabədi və Beyləqandakı hərbi hissələrdə nümunəvi xidməti, təlimlərdə fəallığı ilə seçilirdi. Sentyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində şəhid oldu.
Samir evin tək oğlu, ailənin ümidi, dayağı idi. Anası Şərqiyyə, bacısı Nərmin günləri sayır, onun hərbi xidmətdən qayıdacağını gözləyirdilər. Sevdiyi qızı alıb toyunu etmək istəyirdilər. Lakin arzuları yarımçıq qaldı.
Şəhid əsgər Samir Quliyev doğma Velədi kəndində böyük izdihamla dəfn olundu. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Quliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon ictimaiyyətinin nümayəndələri ilə hər 3 şəhidin dəfn, anım mərasimlərində, ad günlərində yaxından iştirak edib. O, vaxtaşırı bu ailələrə baş çəkir, çətinliklərinin, qayğılarının həllinə lazımi köməklik göstərir.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri