Haqsızlıqla üzləşən müəllimə Prezident İlham Əliyevə müraciət etdi

30.07.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə açıq müraciət:
Hörmətli cənab Prezident!
Mən Sizə bir Azərbaycan vətəndaşı, uzun illər vicdanla çalışmış məktəbəqədər təhsil işçisi kimi müraciət edirəm. Bu müraciəti yazmağa məni şəxsi maraqlar deyil, ədalətə olan inamım və qanunun aliliyinə olan etibarım vadar edir.
Artıq üç aya yaxındır ki, Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və digər aidiyyəti qurumlara etdiyim müraciətlər cavabsız və ya məni qane etməyən formal cavablarla nəticələnir. Qaldırdığım məsələlərin hüquqi əsasları mənə bu günə qədər təqdim edilməyib.
Mən yalnız bir neçə sadə, lakin mühüm sualın cavabını istəyirəm:
Məktəbəhazırlıq qruplarının bağlanmasına əsas olan rəsmi qərar haradadır?
Əgər belə bir qərar mövcuddursa, niyə müəllimlərə və valideynlərə təqdim olunmayıb?
Vəzifə adım hansı qanuni əsasla dəyişdirilməyə cəhd edilib?
Əmək müqaviləmə dəyişiklik edilməsinə hansı hüquqi əsasla cəhd göstərilib?
Valideynlərin və uşaqların məktəbəhazırlıq təhsili hüquqları niyə nəzərə alınmayıb?
Hörmətli cənab Prezident!
Mən inanıram ki, Sizin rəhbərliyinizlə ölkəmizdə qanunun aliliyi təmin olunur və hər bir vətəndaşın müraciəti diqqətlə araşdırılır. Buna görə də Sizdən xahiş edirəm ki, müraciətimin obyektiv araşdırılmasına və qaldırdığım məsələlərə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsinə köməklik göstərəsiniz.
Mən heç kimi əsassız ittiham etmirəm. Mən yalnız həqiqətin üzə çıxmasını, qəbul olunmuş qərarların hüquqi əsaslarının açıqlanmasını, əmək hüquqlarımın qorunmasını və dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasını istəyirəm.
Bu gün də ümidimi itirməmişəm. İnanıram ki, Azərbaycan Respublikasında heç kim qanundan üstün deyil və hər bir vətəndaşın haqq səsi gec-tez eşidilir.
Hörmətli cənab Prezident, Sizdən bir Azərbaycan müəlliminin səsinə səs verməyinizi, müraciətimin nəzarətə götürülməsinə kömək göstərməyinizi və aidiyyəti qurumlara qanunun aliliyinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilməsini xahiş edirəm.
Allah Azərbaycanı qorusun, dövlətimizi və xalqımızı daim uca etsin.
Hörmətlə,
Sevinc Məmmədova
Mingəçevir şəhər 13 nömrəli körpələr evi–uşaq bağçasının tərbiyəçi-müəllimi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью