Harri Keyn uzun illərdir saxladığı sirrini açıqladı

18.09.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın “Bavariya” futbol komandasının hücumçusu Harri Keyn fiziki və mental baxımdan özünü karyerasının ən yaxşı dövründə hiss etdiyini deyib.

İdman.Biz xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu son mövsümü karyerasının ən yaxşısı adlandırıb. Keyn klub və milli komanda səviyyəsində ümumilikdə 73 qol vurduğunu xatırlatsa da, “Qızıl top” uğrunda mübarizədə özünü ön plana çıxarmaq istəməyib.

“Mən özüm haqqında çox danışmağı sevmirəm. Bu, karyeramın ən yaxşı mövsümü idi, rəqəmlər hər şeyi göstərir. Bununla çox qürur duyuram və yalnız komanda yoldaşlarıma təşəkkür edə bilərəm. “Qızıl top” mənim nəzarətimdə deyil, qərarı səs verənlər verəcək”, - deyə Keyn bildirib.

Təcrübəli hücumçu uzun illərdir yüksək səviyyədə qalmasının səbəblərindən birini də açıqlayıb. O, 2020-ci ildən ispaniyalı idman həkimi Alexandro Elorriaqayla çalışdığını və bunun karyerasına ciddi təsir etdiyini vurğulayıb.

“Pərdəarxasında çox işləyirik. O, bu səviyyədə çıxış etməyimin və bu qədər oyun keçirməyimin əsas səbəblərindən biridir. Bu illər ərzində inkişaf etməyimin təsadüf olduğunu düşünmürəm. Bəziləri yaş artdıqca performansın aşağı düşdüyünü fikirləşir, amma mənim vəziyyətimdə demək olar ki, əksi baş verir. Özümü mental və fiziki baxımdan heç vaxt olmadığı qədər yaxşı hiss edirəm”, - deyə Keyn əlavə edib.

Keyn həmçinin “Bavariya” kimi güclü komandada çıxış etməsinin də ona çoxlu qol vurmağa imkan yaratdığını bildirib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью