Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıtmağa hazırlaşır.
Axşam.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Cütlük altı il əvvəl ABŞ-a köçdükdən sonra avqust ayında ölkəyə dönməyi planlaşdırır.
Harri və Meqan kral iqamətgahında yaşamayacaq və daha əvvəl mərhum kraliça II Elizabetlə razılaşdırıldığı kimi, kral ailəsinin işləməyən üzvləri statusunu qoruyacaqlar.
Məlumata əsasən, onların övladları sentyabr ayında Britaniyada məktəbə başlayacaq.
Qeyd edək ki, Harri və Meqan 2018-ci ildə Vindzor qəsrində ailə qurublar. 2020-ci ilin martında onlar kral ailəsindəki rəsmi vəzifələrindən imtina etdiklərini və ABŞ-a köçəcəklərini açıqlayıblar. Cütlük Kaliforniyanın Santa-Barbara şəhəri yaxınlığındakı Montesito bölgəsində məskunlaşıb.
Sonrakı illərdə Harri və Meqan mediada kral ailəsini tənqid ediblər. 2021-ci ildə Opra Uinfriyə verdikləri müsahibədə Meqan kral ailəsinin üzvlərindən birinin oğlu Arçinin dəri rənginin nə qədər tünd ola biləcəyi ilə bağlı sual verdiyini bildirib. Harri isə həmin vaxt ailə üzvlərinin irqçi olmadığını deyib.
Son dövrlərdə cütlüyün kral ailəsi ilə münasibətlərinin yaxşılaşdığı bildirilir. Ötən ay Harri, Meqan və övladları Böyük Britaniyanı ziyarət edib. Kral III Çarlz 2022-ci ildən sonra ilk dəfə nəvələri ilə görüşüb.