Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Harvard Universiteti yaxınlarının cəsədlərinin qanunsuz şəkildə satıldığını iddia edən ailələrə 53 milyon dollar ödəməyə razılaşıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, məhkəməyə təqdim edilən razılaşma Harvard Tibb Məktəbinin keçmiş morq müdiri Sedrik Lodjun fəaliyyəti ilə bağlı qaldırılan iddialara son qoymağı nəzərdə tutur.
Bildirilib ki, 58 yaşlı Lodj 2018-2021-ci illərdə tibbi araşdırmalar üçün bağışlanan cəsədlərdən hissələri götürərək onlayn satmaqda günahkar bilinib.
O, ötən ilin dekabrında 8 il həbs cəzasına məhkum edilib. Həyat yoldaşı isə 1 il 1 gün müddətinə azadlıqdan məhrum olunub.
Harvard tələbələri tibbi prosedurları öyrənmək və tətbiq etmək üçün bağışlanan cəsədlərdən istifadə ediblər. İttiham aktına görə, məktəb onlardan istifadəni bitirdikdən sonra cəsədlər çox vaxt kremasiya olunur və qalıqları ailələrinə qaytarılır və ya universitetin tibb qəbiristanlığında dəfn olunur.
İttiham aktında deyilir ki, Lodj və həyat yoldaşı cəsəd hissələrini Pensilvaniya və Massaçusets ştatlarındakı alıcılara satıblar.
Qeyd edək ki, ailələr 2023-cü ildə Harvardı Lodjun qanunsuz fəaliyyətinə vaxtında müdaxilə etməməkdə ittiham edərək məhkəməyə müraciət ediblər.
Razılaşma məhkəmə tərəfindən təsdiqlənərsə, ailələr üçün ödəniş fondları yaradılacaq.