Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"2023-cü ilin 6 fevralında baş verən dəhşətli zəlzələdə Türkiyə bütün dünyaya yardım üçün müraciət etdi. Əksər ölkələr, beynəlxalq təşkilatlar və fərdi olaraq insanlar yardım etməyə çalışdılar. Bir növ bu ölkələr təbii fəlakətlə bağlı bütün bilik və bacarıqlarını da sınaqdan keçirdilər. Zəlzələdən sonrakı bərpa və yenidənqurma işlərində də bu dəstək davam etdi. Buna görə köməyimizə gələn hər ölkəyə, təşkilata və şəxsə təşəkkür edirəm".
Bu sözləri zəlzələ baş vermiş Hatayın valisi Mustafa Masatlı "Əsrin inşası" adlı media proqramı çərçivəsində görüşdə Oxu.Az əməkdaşının sualına cavab olaraq bildirib.
Vilayət başçısı Azərbaycanın dəstəyini xüsusi ilə vurğulayıb və bunun danılmaz olduğunu bildirib:
"Azərbaycan bizə ilk dəstək göstərən qardaş ölkəmizdir. İyun ayında Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak etdi. Göstərdiyi dəstəyə görə başda cənab prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm".
Mərahim Nəsib