Hava ən çox nədən çirklənir? AÇIQLAMA

08.05.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində aparılan monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranların havaya normadan artıq tullantı atdığı müəyyən edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində aparılan yoxlamalar zamanı “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq sarayları, eləcə də “Əlincə”, “Mor-Mor”, “Qaymaq” və “Ocaq” restoranlarının atmosfer havasına normadan artıq tullantılar atdığı aşkar edilib. Nazirliyin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, qeyd olunan obyektlər barəsində inzibati qaydada tədbir görülüb və onlar cərimələniblər.

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən ekoloq Fikrət Cəfərov bildirib ki, ümumilikdə atmosferin çirklənməsində əsas rol avtonəqliyyata məxsusdur:

“Bu, mənim şəxsi fikrimdir. Lakin məsələ ondadır ki, bu gün stasionar müəssisələr atmosferə nisbətən az miqdarda toksiki maddələr buraxırlar. Statistikalara əsasən, hazırda Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə əsas çirkləndirici amil avtonəqliyyat vasitələridir. Avtonəqliyyatın atmosferə nə qədər və hansı maddələri atdığı artıq məlumdur. Bundan başqa, bu il bir neçə dəfə güclü küləklə müşayiət olunan tozlu hava müşahidə olunub. Qazaxıstan tərəfindən Xəzər dənizinin o tayından ölkəmizə 2-3 dəfə güclü toz axını gəlib. Bu tozlar həm atmosferə, həm insan sağlamlığına, həm də təbiətə ciddi təsir göstərir”.

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью