Hava limanının açılışında ilginc görüntülər: Gülləri söküb apardılar

07.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Hindistanın Andhra Pradeş ştatında yeni açılan Alluri Sitarama Raju Beynəlxalq Hava Limanının ətrafındakı abadlaşdırılmış əraziyə girən bəzi şəxslər yeni əkilmiş gülləri və bəzək bitkilərini kökündən çıxararaq aparıblar.

"Cebheinfo.az" xəbər verir ki, hadisə hava limanının açılışından sonra baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə çox sayda insanın abadlaşdırılmış yaşıllıq ərazisinə daxil olaraq gülləri və bəzək bitkilərini torpaqdan çıxardığı əks olunur. 

Kadrlarda bir şəxsin bitkini kökü və üzərindəki torpaqla birlikdə çıxarmağa çalışdığı, daha sonra isə çox sayda insanın əllərində güllər və bitkilərlə yol boyunca hərəkət etdiyi görünür.

Hadisənin bir neçə şəxslə məhdudlaşmadığı, abadlıq ərazisinin ətrafında böyük bir qrupun olduğu və müxtəlif insanların bitkiləri sökərək ərazidən apardığı bildirilir.

Həmçinin hava limanından yayılan digər görüntülərdə bəzi ziyarətçilərin dekorativ hovuzlara girdiyi də əks olunub. Hindistan sosial şəbəkələrində yayılan paylaşımlarda həm bitkilərin sökülməsi, həm də hovuzlara daxil olunması ictimai ərazilərin qorunması baxımından müzakirə edilib.

Bitkiləri aparan şəxslərlə bağlı hər hansı tədbirin görülüb-görülmədiyi barədə isə hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənmiş məlumat açıqlanmayıb.

Qeyd edək ki, Andhra Pradeş ştatının Bhogapuram şəhərində inşa edilən Alluri Sitarama Raju Beynəlxalq Hava Limanı Hindistanın Baş naziri Narendra Modi tərəfindən avqustun 1-də istifadəyə verilib. 

Visakhapatnam şəhəri yaxınlığında yerləşən hava limanında kommersiya uçuşlarının avqustun 17-dən başlanması planlaşdırılır.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью