Hava limanlarının inşası ilə bağlı QANUN DƏYİŞİR

22.01.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb. 
Qeyd edək ki, sözügedən qanuna əsasən, torpağın alınmasına əsas verən beş dövlət ehtiyacı təsbit edilib.
Onlar aşağıdakılardır:
Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;
Sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;
Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;
Dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;
Dəniz limanının ərazisinin artırılmasıdır.
Beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.
Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların ərazilərin artırılması və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi əsası formalaşdırılır.
Bununla yanaşı, bu qanundan irəli gələrək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə “dəniz limanının ərazisinin artırılması” sözləri də əlavə edilib.
Günay Şahmar, Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью