Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kulis.az Rüstəm Dastanoğlunun "Havalı Alı" adlı yeni hekayəsini təqdim edir.
"İnsandan öyrənib bildiklərini unut, Allahın yaratdığı kimi ol"
Mövlanə
Çöldə daha çox payız havası idi; günəşsiz, tutqun,yüngül küləkli, yağış qoxulu... həyətdə küçə boyu dolaşanlar daha çox pencəkdə, yüngül gödəkçədə idilər; işə gedirdilər, işdən gəlirdilər və Allah bilir daha haralara gedirdilər, haralardan gəlirdilər...
Sürətlə yeriyəni, yavaş-yavaş yeriyəni, yaşlısı, cavanı, sevinclisi, kədərlisi var idi.
Romanın adidən adi günlərindən biri idi, ağına-bozuna baxmadan hamının üstündən axıb keçirdi.
... Bu adidən adi gündə o, nədənsə, qəribə bir əhval-ruhiyyəyə köklənmişdi; gözünə ilişən hər bir şeyi mənalandırırdı, filosofluq havasındaydı...
Daxili dünyası çox sakit, inamlı, hətta, işıqlı idi. Onun üçün vaxt sanki dayanmışdı...
... Keçib divanda oturdu, belini divanın kürəkciyinə söykədi, tam arxaya sıxıldı, əllərini başının dalında cütləyib bir-birinə çatdı, gözlərini yumdu.
Əhvalı xoş, beyni açıq, bədəni yüpyüngül idi, elə bil yerindən qopub uçurdu, xoş bir boşluğa düşmüşdü. Televizyadan sakit, həzin musiqi səsi gəlirdi. O isə uçmağında idi, bir xeyli bu vəziyyətdə qaldı.
Bacara bilsəydi, bu duyğunu, işiğı səsə-musiqiyə çevirərdi, sözə çevirmək isə mümkünsüz görünürdü; sözün səsi-musiqisi yox idi.
... Belə bir film də görmüşdü; çox istedadlı bəstəkar-musiqiçi onun kimi duyğulu vaxtlarında, pianino arxasında oturub duyğularını, gördüklərini anında müsiqiyə çevirirdi; halını musiqi dili ilə canlandırırdı.
... İçində dolaşan işığı hiss edirdi; daxili varlığına sanki ütü çəkirdi, beyni buludsuz gömgöy göy üzü kimi açıq idi. Bu içində dolaşan işıq-enerjinin elə bir gücü var idi ki, bir neçə dəfə artıq olsaydı, ayağı yerdən üzülə bilərdi, havaya qalxardı... Fikirləşdi və gülümsədi ki, bəlkə, "filankəs havalanıb" deyimi burdan yaranıb.
"Havalanıb" – yəni yerdə yaşamaq, yerdə yaşayanların qayda-qanunlarına tabe ola bilmir; "Havalanıb" – yerdən qopmaq-havaya qalxmaq istəyir, yerdəkilərin fikirlərini, yaratdıqlarını qəbul edə bilmir. Yerdən qopub göylərə qalxa bilməsə də, ruhu sanki havaya qalxır, ağılı-şüru da bədənin əlindən alıb özü ilə qaldırır, yerdə qalmış yetim bədənin başına oyunlar açır, dalına salıb, belədən-elə, elədən belə hara istəyir aparır. Yerdə qalmış quru bədəni hey havaya səsləyir, havaya qaldırmaq istəyir... amma alınmır ki, alınmır. Və ona min bir əziyyət verir havalanıb deyirlər beləsinə...
... Kəndlərində belə birisi var idi, Havalı Alı deyirdilər. Heç kimlə işi-gücü yox idi, o həmişə göylə əlləşirdi, danışanda da başını dikəldib sözünü, elə bil, göy üzünə söylüyürdü. Havalı Alı həmişə hamıdan daha xoşbəxt görünürdü, üzü təbəssümlü, işıqlı olardı. Dünyanın malı ilə, insanların nə yaxşısı, nə də pisi ilə işi var idi, geyim-kecim, ailə-uşaq dərdi çəkmirdi. Demək olar ki, həmişə eyni haldaydı, öz aləmindəydi. Hansı aləmdə olduğundan yəqin ki, Havalı Alının heç özünün də xəbəri yox idi. Allahın yaratdığı kimi idi; pak, təmiz, dərdsiz-qəmsiz, bədəni öz qol-budağı ilə böyümüşdü, dili açılmışdı, düşüncəsi isə elə bil tamam başqa mənbələrdən qidalanırdı. Dünyadakı dinlərə, cəmiyyət qanunlarına tabe olan adam deyildi Havalı Alı. Dünyanın bütün gedişatından, olanlardan, olacaqlardan elə bil Havalı Alı xəbərdar idi.
Havalı Alı onun oxumadığı, bilmədiyi, dərk etmədiyi şeylərdən danışırdı, elə bil ki, o sözlər onun dilinə hardansa gəlib qonurdu və dilində səsə-sözə çevrilirdi, özünün bu söylədiklərinə aidiyyatı yox idi. Ona kənddə danışan ruh da deyirdilər.
***
Təbiətimizlə bağlı ən mürəkkəb hesab olunan və ya ən sadə görünən bütün qanunlar bizim ətrafımızdadı. Onlar gözlə görünəndi, fəhmlə duyulandı. Sən öz varlığınla kainatla, təbiətlə vəhdət yarada, bir kökə köklənə bilsən, kainatın bir parçasına çevrilirsən, davamı olursan, olanları və olacaqları hiss edirsən, qavrayırsan, kainatın, təbiətin ötürdüyü informasiyaları almaq, qəbul etmək üçün həmin əlaqə xəttinə qoşulursan. Bu anda, bu məqamda insanla kainat, təbiət arasında gözlə görünməyən qarşılıqlı əlaqə, informasiya mübadiləsi yaranır, başqalarının duya, hiss edə bilmədikləri sənə aydın olmağa başlayır.
... Havalı Alı bütün bunları elə bil əzbərdən deyirdi, həm də elə tərzdə, elə ahəngdə danışırdı ki, sən bütün varlığınla onun danışdıqlarına köklənirdin.
... Heyvanat aləmi təbiətlə-kainatla eyni kökə köklənib, ona görə də insanlardan fərqli olaraq zəlzələ, fırtına və s. kimi təbiət hadisələrini qabaqcadan hiss edirlər, hətta öz dillərində - çıxardıqları səslərlə, hərəkətləri ilə biz insanlara xəbərdarlıq da edirlər. Şüur sahibi olan insanlar isə, öz köklərində olmadığından bütün bunları hiss edə bilmirlər. İnsanlar kosmosa peyklər göndərirlər, nə qədər qəbuledicilər, aparatlar və s.-lər istehsal edirlər, amma onlar bu sadalananları və sadalanmayanları dəqiq hiss edə bilmirlər. Ona görə hiss edə bilmirlər ki, bu aparatlar təbiətin yaratdıqları deyildi. Təbiətin yaratdıqları idealdı, bitkindi, insanın yaratdığı isə nə qədər mükəmməl görünsə belə, təbiətin yaratdıqları ilə müqayisəyə gələ bilməz,onlar ikinci əlin hazırladıqlarıdı.
Havalı Alı deyirdi ki, insandan başqa heç bir canlı heç nə yaratmır, yaratdıqları bir şey varsa, o da nəsillərini artırmaq və balalarını böyütmək üçün qurduqları yuvalarıdı.
Ağıl, şüur olan yerdə mənafe önə çıxır tam bağlantı, əlaqə yaratmaq mümkün olmur. Şüur insanı təkcə idarə etmir, idarə edə-edə çaşdırır, ikiləşdirir, İlahi əlaqədən sapdırır. Nəticədə insanın kainatla bağlantısı pozulur, itir.
... Təbiətdə insandan başqa hər şey öz kökündədi, - deyirdi Havalı Alı, - bu köklənməni pozan bir varlıq varsa, o da insandı. Bəlkə də, insan bu yer üzünə yersiz əlavədi, başqa dünyaların məhsuludu, yer üzünə məhz nizamı pozmaq üçün göndərilib.
... Heyvanat aləmində kainatla olan ilahi köklənmə əvvəldən sona qədər pozulmur. Ona görə də milyon illərdi hər heyvan öz payına düşən "heyvan " ömrünü yaşayır, yəni dovşan dovşan ömrünü, pələng pələng ömrünü, qarışqa da qarışqa ömrünü yaşayır. Daha pələng dovşan ömrü, dovşan da pələng ömrü yaşamır.
Hər dünyaya gələn insan isə, İnsan ömrü yaşaya bilmir. İnsana şüur hakim kəsiləndən sonra kökü (köklənməsi) davamlı olaraq pozulmağa başlayır. Az sayda insanlar olur ki, bu prosesdən kənarda qalırlar, çoxluq da onları ya dahi, ya da dəli adlandırırlar.
İnsan şüurunun məhsulu olan əməlləri bütün canlı və cansız varlıqların ümumi evi olan Vətənimiz - Yer kürəsinə davamlı olaraq bədbəxtliklər gətirir.
İnsan imkan vermir ki, təbiət öz heyvanları, bitkiləri, dənizləri, çayları ilə təbii ömrünü yaşasın, təbiətin qanunlarına tabe olmaqdansa, insan təbiəti öz qanunlarına tabe etmək istəyir.
... Başı on min kilometrlərlə uzaqlara qarışan insan özünü tamam unudub.
Havalı Alı çox vaxt fikirlərini bu cümlələrlə bitirirdi:
- İnsanın ətrafındakı şərait onun daxili köklənməsini pozmamalıdı, köklənməsini əlində saxlamağa şərait yaratmalıdı, bu şəraitdə yaşayan ən xoşbəxt insan, şəraiti yaradan cəmiyyət ən ideal cəmiyyətdi.
***
Kənddə hamının qorxub qaçdıqları, ən quzğun itlər də Havalı Alıyla mehriban idilər, ona dəyib toxunmurdular, lap özlərindən biri kimi, hətta, daha mehriban davranırdılar onunla.
... Danışırdılar ki, bir dəfə Abbas kişi qışda gecə vaxtı görübmüş ki, kəndə mal-qaraya hücüm eləməyə gələn canavarlar, necəsə, çöldə olan Havalı Alıya toxunmayıblar, onun həndəvərində fırlanıb-fırlanıb özlərini Havalının qıçlarına sürtüblər, Havalı Alı da onların başını, bellərini sığallayırmış. Özünü elə sakit, təmkinli aparırmış ki, elə bil canavarların yox, hər gün gördüyü mal-qaranın arasında idi.
Canavarlar sonra sıraya düzülüb üzü dağlara tərəf kəndi tərk ediblər. Və bu hadisədən sonra təkcə onların kəndində yox, ətraf kəndlərdə də Havalı Alıya qarşı münasibət dəyişmişdi, onlara nəzir-niyaz gətirənlər də olurdu.
.... Havalı Alı günlərin birində yoxa çıxdı, nə qədər axtardılar, soraqlaşdılar Havalı Alını gördüm deyən olmadı. Bəlkə də, gecələrin birində Havalı Ali insanların arasında olmaqdan bezib, üzünü tutmuşdu çöllərə, dağlara tərəf.
... Havalı Alı ilə bağlı, onun yoxa çıxmağı ilə bağlı hərə bir şey danışırdı, əfsanələrə bənzər əhvalatlar danışanlar da var idi, deyirdilər ki, görənlər olub ki, gecənin bir aləmində Havalı Alı özü boyda işığa çevrilib, göyə çəkilib, sürətlə uzaqlaşdıqca kiçik işıq zərrəsinə çevrilib parlaq ulduzların arasında yoxa çıxıb...
Maraqlısı o idi ki, kənddə ən çox bu əfsanəyə inanırdılar.
... Havalı Alılı günləri həzinlə yaşaya-yaşaya, yadına hardansa, nə vaxtsa eşitdiyi bir əhvalat düşdü.
- Orda deyilirdi ki, qədim zamanlarda baş vəzirin köməkçisi Həsənqulu xan camaatın halını öyrənmək üçün, öz dəstəsi ilə bazarda dolaşırdılar. Onları görənlər bir nəfər kimi ayağa qalxırdılar, Həsənqulu xana təzim edirdilər. Həsənqulu xan bazarda bardaş qurub oturmuş nurani, yaşlı bir kişi ilə rastlaşır, kişi onu görəndə nə ayağa durur, nə də təzim edir. Həsənqulu xan hirslə soruşur ki, sən kimsən ki, məni görəndə ayağa durmadın, təzim etmədin?
Cavabında kişi də ondan soruşur ki, bəs sən kimsən?
- Mən Baş vəzirin köməkçisi Həsənqulu xanam.
- Səndən üstün kim var? – deyə kişi soruşur.
- Baş vəzir Əmir xan.
- Bəs, Əmir xandan üstün kim var?
- Padişahımız Əmirullah həzrətləri.
- Əmirullah həzrətlərindən üstün kim var?
- Allah Taala.
- Bəs Allah -Taaladan üstün kim var?
- Heç Nəǃ
- Bax, mən həmin Heç Nə-yəmǃ- deyə nurani kişi cavab verir.
***
... Yenə pəncərədən çölə baxırdı; çöldə günəşsiz, tutqun, yüngül küləkli, yağış qoxulu payız havası var idi, küçədə dolaşanlar daha çox pencəkdə, yüngül gödəkçədə idilər; işə gedirdilər, işdən gəlirdilər və Allah bilir daha haralara gedirdilər, haralardan gəlirdilər...
... Gözünü küçədən yığışdırıb divanda oturmuşdu, beynindən keçən yaşantıları yenidən yaşaya-yaşaya fikirləşirdi ki, həyatda yəqin ki, Həsənqulu xan kimi hərənin qabağına bir "Heç Nə" çıxıb, onun da qabağına çıxan "Heç Nə" rəhmətlik Havalı Alı imiş...
... Və özünə söz verdi ki, gecənin gec vədəsində yuxudan durub, göylərdə ulduza çevrilmiş, hey bizlərə tamaşa eliyən Havalı Alının İşığını axtarıb tapacam...
“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu Süni intellekt “dərk” edirmi? - Şüur haqqında yeni suallar