Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Havanın tərkibində olan gözlə görünməz mikroskopik toz hissəcikləri (PM2.5) tənəffüs yollarından birbaşa qana keçərək 24 saat ərzində insult və infarkt riskini yüksəldir.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın Münxen Helmlolts Mərkəzinin kardioloq alimlərinin hesabatında deyilir. Tədqiqat "The Lancet Planetary Health" jurnalında dərc edilib.
Alimlər sənaye və sıx avtomobil hərəkəti olan bölgələrdə yaşayan insanların xəstəxanalara təcili müraciətlərini analiz ediblər. Məlum olub ki, havada dəm qazı və mikrohissəciklərin miqdarı normanı keçdikdən cəmi bir neçə saat sonra ürək-damar tutmalarının sayı pik həddə çatır.
Mikroskopik tozlar ağciyərlərdən qan dövranına daxil olaraq damarların daralmasına, qanın qatılaşmasına və trombların (qan laxtalarının) yaranmasına səbəb olur. Bu isə xüsusilə yaşlı və xroniki xəstəliyi olan şəxslərdə qəfil ürək dayanması və ya beyin qanaması riskini reallaşdırır.
Mütəxəssislər ekoloji çirklənmənin yüksək olduğu günlərdə risk qrupuna daxil olan şəxslərə açıq havada uzun müddət qalmamağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə edirlər.
Xədicə BAXIŞLI