Havanın yağıntılı keçməsi payızlıq əkinlər üçün əlverişlidir?

17.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son günlər müşahidə olunan yağıntılar və hava şəraitindəki dəyişikliklər payızlıq əkin sahələrinin vəziyyətini yenidən gündəmə gətirir. 

Yağıntıların torpağın nəmlik səviyyəsinə, toxumların cücərməsinə və bitkilərin inkişafına təsiri gələn ilin məhsuldarlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan, mövcud hava şəraitinin payızlıq əkinlərə necə təsir göstərəcəyi və fermerlərin mümkün risklərə qarşı hansı tədbirləri görməli olduğu maraq doğurur.

Bəs yağıntıların mövsümi normadan artıq və ya az olması kənd təsərrüfatı məhsullarının yetişməsinə və məhsuldarlığa necə təsir edir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, son günlər bölgələrdə, eləcə də Bakı və Abşeron yarımadasında yağıntıların artması müsbət haldır: 

“Bu yağışlar payızlıq əkinlər üçün müəyyən qədər əlverişli şərait yaradır. Çünki payızlıq taxılın normal cücərməsi və ilkin inkişafı üçün torpaqda kifayət qədər nəmlik olmalıdır. Əvvəlki dövrdə yağıntıların az olması əkinlərə mənfi təsir göstərə bilərdi. Lakin son yağışlar bu riski müəyyən qədər azaldır. Eyni zamanda, hazırkı yağıntılara əsaslanaraq quraqlıq təhlükəsinin tam aradan qalxdığını demək olmaz.

Bunun üçün yağışların davamlılığı və torpaqda rütubətin qorunması vacibdir. Əgər qarşıdakı dövrdə yağıntılar normal davam edərsə, payızlıq əkinlərin inkişafı və gələn ilin məhsuldarlığı baxımından ciddi problem yaranmaya bilər. Fermerlər isə torpaqda nəmin qorunmasına xüsusi diqqət yetirməli, aqrotexniki qaydalara əməl etməli, imkan daxilində suvarma sistemlərindən səmərəli istifadə etməlidirlər”.

Ekspert qeyd edib ki, dövlət də öz növbəsində suvarma infrastrukturunun yaxşılaşdırılması, güzəştli suvarma imkanlarının genişləndirilməsi, subsidiya və sığorta mexanizmlərinin gücləndirilməsi ilə fermerlərə dəstək verə bilər.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: əkin Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью